Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Noy

    Bəli! Həsrət dolu bir il tamam oldu. Sizsiz yaşadıq bu ili, sevimli şair, görkəmli ziyalı, səmimi və təmənnasız dost–Tofiq Yusif.
    Bir ildir yeriniz görünən görüşlərdə sizi biri-birindən gözəl, sığallı, mənalı şeirləriniz və kövrək xatirələr əvəz edir. Buna baxmayaraq, sizin yox-luğunuza inanmaq bizim üçün olduqca çətindir.
    Hər kəsin həyatında bir neçə dostu ola bilir, ancaq təbii ki, hər birinin öz yeri olur. Bütün insani dəyərlərlə yanaşı qibtə ediləcək qədər istedadınız sizi tanıyanların ürək göynədən mövzusudur. Çünki, zamanın axınında axan şairlərdən fərqli olaraq, toxunduğunuz mövzulara və deyim tərzinizə görə sizi cəsarətli həqiqət şairi kimi tanımışıq.
    “Şairləri qocaltmağa nə var ki”, “Yaşamağa qoyurlar ki, adamı”, “Belə yaşamağı istəmirəm mən”, “Bayquş kişilər” kimi neçə-neçə şeirləriniz buna real nümunədir.
    Ölümün qədrini bilməkdən ötrü,
    Qorxaq ölümlərə gülməkdən ötrü,
    Səninlə görüşə gəlməkdən ötrü,
    Azadlıq geyərəm, cəllad kötüyü,– deyən şairi cəsarət şairi, mübarizə şairi adlandıranlar haqlıdır.
    Həmişə adıyla qürur duyduğunuz, şeriyyətinin vurğunu olduğunuz böyük Məmməd Araz aşağıda qeyd ediləcək bəndlə bitən şeirini yazarkən sizin kimi şəxsiyyətlərə ünvanlamışdır:
    Gələnlər, gedənlər sığmayır saya,
    Dünya bu minvalla dolur, boşalır.
    Nə qədər yaxşılar gəlir dünyaya,
    Yenə yaxşıların yeri boş qalır.
    Əziz dost, bir zamanlar sizi həyatda yaşadan poeziya indi özündə yaşadır. Bizlərə isə təsəlli budur ki, əbədiyyət adamları ölmürlər!
    Bir dünyam varıydı Tofiq adında,
    Orda söykəndiyim dağım varıydı.
    Hər nemət tapardım istedadında.
    Söz-söhbət süfrəli çağım varıydı.
    Sözün gülşənində işlək arıydı,
    Şirə çəkmək idi ancaq vərdişi.
    Hikmətin, mənanın saf memarıydı,
    Ucuzla, sönüklə olmazdı işi.

    Tanıyan bilirdi etibarını,
    Saxta qiyafədə görünməzdi heç.
    Halal qazanardı uğurlarını,
    Şöhrət arxasınca sürünməzdi heç.
    Ona nəfs ölçüydü, vicdan tərəzi,
    Qısqanıb yaxşıya pis demədi o.

    Görüb tuğyan edən qəsdi-qərəzi,
    “Belə yaşamağı istəmədi” o.
    Cəllad kötüyündən xof eyləməzdi,
    Nadan tənəsiydi onu göynədən.
    Dostluğu, ülfəti dillərdə gəzdi.
    Təəssüf, onun da sonu göynədən.

    Fikir dumanından ayrılmır başım,
    Dilim ta danışmır ağıl dilində.
    Xatirə muzeyi olub yaddaşım,
    Söylədir hər şeyi nağıl dilində.

    Zülmət kimi gəlir mənə dünya da,
    Ruhu təklənmişə nə şənlik, nə dəm?
    Elə bil, elə bil bu gen dünyada
    Quyuya sallanmış Məlikməmmədəm.

    Dikilər səmtinə intizar gözüm,
    Gah “işıq gələnin”, gah “it hürənin”,
    Nə qədər ömrüm var, arayar gözüm,
    Aramı olarmı dost itirənin?!

    Talıb Məmmədli

     

    Müəllif: Redaktor, 14:15

İsmarıclar bağlıdır.