Məhəmmədəli Məmmədli və Gülay Mirzəliyeva şəhər 1 saylı tam orta məktəbin IXa sinfinin şagirdləridir. Hər ikisi idmanın boks növü ilə məşğul olur. Məşqçi müəllimləri respublikamızın Əməkdar məşqçisi Faiq Məmmədovdur. Bu yaxınlarda Məhəmmədəli və Gülay Bakıda keçirilən yeniyetmələr arasında boks üzrə ölkə çempionatından qələbə ilə rayonumuza dönüblər. Məhəmmədəli birinci yerin, Gülay isə üçüncü yerin qalibi olub, medal və diplomlara layiq görülüblər.
Hər iki idmançını redaksiyamıza dəvət edib, uğurları haqqında danışmalarını xahiş etdik.
Məhəmmədəli dedi:
–İdmanla 5 yaşımdan məşğul oluram. İlk dəfə idman zalına gəldiyim günü heç vaxt unutmaram. Burada hər şey mənim üçün çox cəlbedici idi. Xüsusən də elə birinci məşqlərdən Faiq müəllimi sevdim, onun bütün tövsiyələrinə əməl etməyə çalışdım. Mən deyərdim ki, uğurlarımın başlanğıcında onun gərgin zəhməti dayanır. Hər dəfə böyük yarışlarda qələbə qazananda özümü ona borclu bilirəm. Artıq ikinci dəfə respublika yarışında birincilik əldə etmişəm.
Gülay da sinif yoldaşının sözlərini təsdiqləyir:
– Mən cəmi 8 aydır ki, idmanla məşğul oluram. Az müddətdə Faiq müəllim mənə boksu sevdirə bilib və artıq nəinki bölgə yarışlarında, respublika birinciliyində də medala layiq görülmüşəm. Arzum məşqlərimi davam etdirmək və gələcəkdə İdman Akademiyasına daxil olmaqdır. Daha ətraflı »
Yeni ismarıclar