Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Yan

     

     

     

     

     

     

     

    Məhəmmədəli Məmmədli və Gülay Mirzəliyeva şəhər 1 saylı tam orta məktəbin IXa sinfinin şagirdləridir. Hər ikisi idmanın boks növü ilə məşğul olur. Məşqçi müəllimləri respublikamızın Əməkdar məşqçisi Faiq Məmmədovdur. Bu yaxınlarda Məhəmmədəli və Gülay Bakıda keçirilən yeniyetmələr arasında boks üzrə ölkə çempionatından qələbə ilə rayonumuza dönüblər. Məhəmmədəli birinci yerin, Gülay isə üçüncü yerin qalibi olub, medal və diplomlara layiq görülüblər.
    Hər iki idmançını redaksiyamıza dəvət edib, uğurları haqqında danışmalarını xahiş etdik.
    Məhəmmədəli dedi:
    –İdmanla 5 yaşımdan məşğul oluram. İlk dəfə idman zalına gəldiyim günü heç vaxt unutmaram. Burada hər şey mənim üçün çox cəlbedici idi. Xüsusən də elə birinci məşqlərdən Faiq müəllimi sevdim, onun bütün tövsiyələrinə əməl etməyə çalışdım. Mən deyərdim ki, uğurlarımın başlanğıcında onun gərgin zəhməti dayanır. Hər dəfə böyük yarışlarda qələbə qazananda özümü ona borclu bilirəm. Artıq ikinci dəfə respublika yarışında birincilik əldə etmişəm.
    Gülay da sinif yoldaşının sözlərini təsdiqləyir:
    – Mən cəmi 8 aydır ki, idmanla məşğul oluram. Az müddətdə Faiq müəllim mənə boksu sevdirə bilib və artıq nəinki bölgə yarışlarında, respublika birinciliyində də medala layiq görülmüşəm. Arzum məşqlərimi davam etdirmək və gələcəkdə İdman Akademiyasına daxil olmaqdır.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hər iki idmançını qəbul edərək, qazandıqları qələbə münasibətilə onları təşək-kürnamə və qiymətli hədiyyələrlə mükafatlandırıb.
    Qeyd edək ki, hal-hazırda Məhəmmədəli respublikanın yeniyetmələrdən ibarət yığma komandasında məşqlərini davam etdirir.
    Rayonumuzda idmanı sevən, bu sahədə gözəl nəticələr əldə edən gənclərin yetişməsi hər birimizi sevindirir. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin tədbirlərin birində dediyi kimi, ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır: “Biz buna görə görkəmli idmançılarımıza minnətdar olmalıyıq. Ümumiyyətlə hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır.”
    Biz də ümid edirik ki, qəhrəman Tərtərimizin gəncləri öz nailiyyətləri ilə ən mötəbər idman yarışlarında himnimizi səsləndirəcək, ölkəmizin bu sahədəki ənənələrini layiqincə davam etdirəcəklər.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 12:02

İsmarıclar bağlıdır.