Xoruzli kənd tam orta məktəbində məktəbin məzunu, hal-hazırda Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 17 yaşlı gənc yazar Əfqan Məmmədovun “Fiqan” adlı kitabının təqdimatı keçirilib.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti yanında İc-timai Şuranın üzvləri – Svetlana Bağırova, Orxan Mustafazadə, Xoruzlu kənd İƏD üzrə nümayəndə Elçin Qasımov, məktəbin direktoru Elşən Səfərov, müəllimlər, şəhid valideynləri və qazilər, kənd sakinləri iştirak ediblər.
Kitab haqqında məlumat verən Orxan Mustafazadə bildirib ki, Əfqan Məmmədovun “Fiqan” kitabında qələmə aldığı hadisələr insanı düşündürür. Gənc yazarın kitaba maraq göstərməsi, həm keçmişin, həm də bugünümüzün reallıqlarına müraciət etməsi təqdirəlayiqdir.
Sonra şəhid valideynləri Əhliman Hüseynov, Avaz İsmayılova, I Qarabağ müharibəsi qazisi Ayaz Məmmədov, icra nümayəndəsi Elçin Qasımov, məktəbin direktoru Elşən Səfərov, müəllimlər və başqaları çıxış edərək, gənc müəllifə qədəm qoyduğu çətin və şərəfli yolda uğurlar arzulayıblar. Qeyd olunub ki, hər hansı bir əsəri ərsəyə gətirib, onu oxucuların ixtiyarına vermək böyük məsuliyyət, zəhmətsevərlik və inadkarlıq tələb edir. Əfqan bu işin öhdəsindən gələ bilib. Əlbəttə, gələcəkdə o, öz üzərində daha çox işləməli və daim öyrənməlidir.
Tədbir müəllifin iştirakçılara kitab təqdim etməsilə yekunlaşıb.
“Yeni Tərtər”
Yeni ismarıclar