Ətraf mühitin mühafizəsi günün aktual məsələsidir
Hər bir dövrün özünün həllini tələb edən problemləri var. XXI əsrdə qlobal iqlim dəyişikliyi ilə əlaqədar insanları düşündürən və çox ciddi narahat edən məsələlərdən ən başlıcası bəşəriyyəti gözləyə biləcək su qıtlığıdır. Bununla bağlı alimlərimiz həyəcan təbili çalır.
Belə bir vaxtda Mingəçevir Dövlət Universitetinin və Avropa Komissiyasının Erasmus+proqramının GEOCLIC layihəsi çərçivəsində fəaliyyət göstərən GEOCOF ofisi ilə birgə təşkil etdiyi müsabiqə xüsusi aktuallığı ilə seçilir.
Müsabiqəyə təqdim olunan fotoşəkillər maarifləndirici xarakter daşımaqla, insanları düşündürür, susuz həyatın olmadığını anladır.
Təqdirəlayiq haldır ki, həmyerlimiz, Mamırlı kənd tam orta məktəbin coğrafiya müəllimi Səbuhi Kərimov həmin müsabiqədə iştirak edərək, III yerə layiq görülüb.
Bu barədə Səbuhi müəllim deyir:
–Müsabiqənin məqsədi ətraf mühitin mühafizəsi barədə içtimaiyyətin məlumatlılığını artırmağa töhfə vermək idi. Bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşür. Mən də təqdim etdiyim fotoda bunu nəzərə almağa çalışmışdım. Əldə etdiyim nəticəyə görə kitab, ekoçanta və sertifikatla mükafatlandırılmışam. Müsabiqəni təşkil edənlərə öz təşəkkürümü bildirirəm.
“Yeni Tərtər”