Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Mar

    ULU ÖNDƏRİN YAŞIDI

    İnsan xarakteri ailədə, sonra isə cəmiyyətdə formalaşır

    Suqra Əliyeva 1923-cü il fevral ayının 21-də İsmayılbəyli kəndində ziyalı ailəsində dünyaya gəlib. Ailədə 2 qardaş, 2 bacı olublar. Ataları Qasım kişi o dövr üçün savadlı adam idi. Həm də gözəl təşkilatçılığı, insanlarla işləmək bacarığı vardı. Odur ki, kollektivləşmə başlayanda onu İsmayılbəyli kəndində yaranan ilk kolxoza –Əzizbəyov adına kolxoza sədr seçiblər və bu vəzifədə o, 30 ildən artıq işləyib. Övladlarının hamısına ali təhsil verib.Oğlanları Kamal Azərbaycan Dövlət Universitetini (indiki BDU), Vəli Azərbaycan Politexnik İnstitu-tunu, qızı Zəbiyyə Gəncə Pedaqoji İnstitutunu, Suqra isə Ağdam ikiillik pedaqoji İnstitutunu bitiriblər.
    Onu da qeyd etmək lazımdır ki, həyatda savada, biliyə yüksək qiymət verən Qasım kişi yalnız öz övladları barədə düşünmürdü, təhsilə marağı olan hər kəsə kömək əlini uzadırdı. Bunun nəticəsi olaraq İsmayılbəyli o dövrdə rayonumuzda ən çox ali təhsilli insanları olan kənd sayılırdı. Bu işdə Qasım kişinin yaxın köməkçiləri kürəkəni, İsmayılbəyli kənd məktəbinin direktoru İldırım Quliyev və qızı Suqra olublar.

    Müəllimlər ailəsi

    Suqra müəllim pedaqoji fəaliyyətə 1941-ci ildə rayonumuzun Qaraağacı kəndində başlayıb. 1943-cü ildə İsmayılbəyli kənd məktəbinin direktoru İldırım müəllimlə ailə həyatı qurub və onlar birlikdə yalnız uşaqların deyil, məktəb yaşı keçmiş gənclərin də maariflənməsi, savadlanması üçün yorulmadan çalışıblar.
    Qızı Elza müəllimin dediklərindən: “Atamla-anam, ikisi birlikdə, çətin müharibə illərində, qapı-qapı gəzərək, uşaqları təhsilə cəlb ediblər. Ağır iş günündən sonra, anam daim tikiş maşınının arxasında otururdu. O, öz əllərilə ehtiyacı olan uşaqlara çanta, paltar tikib paylayırdı ki, onlar təhsildən qalmasınlar. Özlərinin çox olmayan vəsaitləri hesabına şagirdlərə ayaqqabı, kitab alırdılar. Kəndin tam savadlanmasını təmin etmək üçün axşam məktəbi təşkil etmişdilər”. Suqra müəllimin övladları deyirlər ki, biz heç vaxt anamızın elə belə oturub dincəldiyini görməmişik. O, əsl təhsil fədaisi idi. Bunun nəticəsidir ki, keçmiş şagirdləri arasında müəllimlər, həkimlər, alimlər, zavod direktorları, trest müdirləri, mühəndislər və digər peşə sahibləri var.

    Həyat onu çətin sınaqlara çəkib

    Suqra Quliyevanın ömür yolu heç də həmişə hamar olmayıb. Həyat onu çətin sınaqlara çəkib. 11 uşaq anası olub. 2-si azyaşlı olarkən dünyasını dəyişib. Məmləkət və Ofelya isə ali təhsilli müəllimlər kimi valideynlərinin yolunu davam etdirərkən ömürlərinin çiçəkləndiyi bir vaxtda haqq dünyasına qovuşublar. Ağır itkilər ananı sarsıdıb, amma güclü iradəsi sayəsində sınmayıb, yoluna davam edib. Övladlarına təhsil verib, sevimli peşəsində bir-birindən uğurlu addımlar atıb. Qızı Elza deyir ki, Suqra müəllim ikiilliksiz işlədiyinə görə, ardıcıl olaraq 10 il birinci sinfi ona veriblər. Hal-hazırda İsmayılbəyli kəndində bir neçə nəslin nümayəndələrinə qələm tutmağı, ilk sözləri yazmağı bu 100 yaşlı qadın öyrədib.
    Onun 9 övladından 8-i ali təhsil alıb, 1-i orta ixtisas təhsillidir. Qızlarından 5-i müəllim, biri tibb bacısı, oğlanlarından biri aqronom, 2-si mühəndis ixtisasına yiyələniblər.
    Onun nəvələri, nəticələri də bu ailənin şan-şöhrətini artırıblar. Onların arasında həkimlər, iqtisadçılar, hüquqşünaslar, universitet müəllimləri var. Kiçikyaşlılar təhsillərini davam etdirirlər.

    Həyatının amalı xeyirxahlıqdır

    Suqra müəllimin uzunömürlülüyünün sirri ilə maraqlandım. Moskvada yaşayan və anasının 100 illiyini keçirmək üçün doğma ocağa gələn oğlu Mütəllim dedi:
    – Burada heç bir sirr yoxdur. Anam bütün analar kimi özü az yeyib, ən yaxşı tikələri övladlarına verib, uzun gecələri yuxusuz qalıb bizə dünyanın ən dadlı nemətlərini hazırlayıb, xəstələnəndə başımızın üstündə keşik çəkib. Ömrü verən Allahdır, bir də, mənə elə gəlir ki, bunun səbəbi anamın xeyirxahlığıdır. Eşitdiyimə görə, ağır müharibə illərində o, təndirə çörək bişirib, gizlincə ehtiyacı olan uşaqların çantalarına qoyurmuş.
    Sovet dönəmində digər respublikalardan kəndimizə təyinatla göndə-rilən müəllimlərə evimizdə yer verir, onlar şəraitə uyğunlaşana kimi anatək qayğı göstərirdi. Bir də ki, anam qiybət etməyi, kiminsə arxasınca danışmağı sevməyib. Buna görə həmişə vicdanı təmiz olub.
    Bir əsrlik həyatından ən çox hansı qənaətə gəldiyini Suqra ananın özündən soruşuram. Deyir:
    – Hər dövr üçün vətənpərvərlik, savad, təhsil, tərbiyə olduqca önəmlidir. Görürsünüzmü, Vətən müharibəsində Qələbəni vətənpərvər gənclər qazandılar.
    Bu gün savadlı gənclik dövlət başçısının rəhbərliyi altında ölkəmizi irəli aparır.
    Ulu Öndərin yaşıdı olduğum üçün, onun respublikamıza rəhbərlik etdiyi illəri yaxşı xatırlayıram. Təhsilə həmişə qayğı göstərir, müəllim zəhmətini qiymətləndirirdi.
    Suqra müəllimin haqqında deyilənləri gəlini Nəzakət həkimin sözlərilə bitirmək istəyirəm:
    – O, dünyanın ən yaxşı anası, nənəsi və qaynanasıdır.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 11:28

İsmarıclar bağlıdır.