Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Dek
    Ədəbiyyat Dabanı basıq kişi ayaqqabısı üçün şərhlər bağlıdır

    (Hekayə)

    İsti yay günü idi. Ayağında dabanı basıq ağır kişi ayaqqabılarını sürüyərək yeriyən İsmət xanım elə bil ki, bu dünyadan küsmüşdü. Çox sevdiyi qızı və nəvəsi onu ziyarətə gəlmişdilər. Ancaq bu xanımın üzündə nə sevinc ifadəsi, nə xoş bir əhval-ruhiyyə var idi. O, olduqca sakit təbiətli, asta danışan, asta yeriyən xanımıydı. Yeriyərkən tumanının balağı tərpənmirdi. Heç kəsdən, heç kimdən heç nə ummazdı İsmət xanım. Yəqin ki, o, ummaq daşını həyat yoldaşını itirdiyi gündən atmışdı.
    Həyat yoldaşını hələ cavan yaşlarında itirən İsmət xanım, bir el misalında deyildiyi kimi, “saçını süpürgə etmişdi”. Yaraşıqlı, boy-buxunlu, elnən bir hörməti olan, göy xallı ağ atın belinə qalxanda bütün kənd camaatının həsədlə baxdığı həyat yoldaşının itkisi ağır dərd olsa da, o, balalarını atalarına layiqli böyütməyə çalışırdı. Beş övladı vardı İsmət nənənin. Üç qız, iki oğlan. Ancaq qızlardan biri kiçik yaşlarında dünyasını dəyişdi. Bu da İsmət xanım üçün ikinci zərbə oldu.
    Neyləmək olar. Dörd balanın gələcəyi ondan asılıydı. Həyat yoldaşına olan hörmət, müd-rik qaynanası İpək nənənin nəsihətləri onu hər tərəfdən əhatə edirdi.
    İsmət xanıma kənd çayxanasında işləmək məsləhət bilindi və o, bu işi qəbul etdi. Ağzı yaşmaqlı, qara yaylıqlı, bəzən yerişi ruha bənzəyən bu qadın tezliklə bütün kəndin hörmətini qazandı. El dilində deyildiyi kimi: “Məmə yeyəndən pəpə yeyənə kimi” hamı ona hörmət edir, ehtiram göstərirdi. Vaxt keçdi, qızlar ailə qurub, başqa rayona köçdülər.
    İki oğlunu ehtiyac hiss etmədən böyüdən, əslən Şuşadan olan bu xanımın dilindən yalnız bu sözləri eşitmək olardı: “Anan boyuna qurban”, “Allah sinəndə ağ tük bitirsin”, “Uğurun xeyir” və s. O zamanlar “Selpoya” gələn malları seçəndə onun ən gözəlini oğlanlarına götürərdi: “Bu, yalnız mənim müəllim oğluma, bu isə boy-buxunlu, atasına bənzəyən kiçik oğluma yaraşar”, – deyərdi. Daha ətraflı »

  • 30Noy
    Ədəbiyyat Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    Aşağıda dərc etdiyimiz məqalə 29 avqust 1989-cu ildə o zaman “Qızıl Bayraq” adı ilə nəşr olunan qəzetimizdə dərc olunmuşdu. Müsahibənin sonunda sevimli sənətkarımız Baba Mahmudoğlu bütün azərbaycanlıların ürəyindəkiləri ifadə edərək bildirmişdir ki, ən böyük arzusu Qarabağ torpağının üstünü almış buludların tezliklə dağılmasıdır. Təəssüf ki, Baba müəllimə və dünyasını dəyişmiş minlərlə soydaşımıza Qarabağın bugünkü xoşbəxt günlərini görmək qismət olmadı. Ruhları şad olsun!

    “Dastan” folklor ansamblı qonağımızdır

    Televiziya və radio verilişləri komitəsinin “Dastan” folklor ansamblı bu günlərdə rayonumuzun əməkçilərinin qonağı olmuşdur. Qəzetimizin əməkdaşı Svetlana Əzizova ansamblın rəhbəri Baba Mahmudoğlu ilə görüşərək, ondan müsahibə almışdır. Həmin müsahibəni oxuculara təqdim edirik.
    –Baba müəllim, istərdik ki, söhbətimizin əvvəlində rəhbərlik etdiyiniz “Dastan” folklor ansamblı haqqında qısaca da olsa məlumat verəsiniz.
    –Məmnuniyyətlə.Bizim “Dastan” folklor ansamblı 1987-ci ildə Azərbaycan KP MK-nın təşəbbüsü ilə təşkil edilib. Ansamblın məqsədi hafizələrdən silinmiş, yaddan çıxmış Azərbaycan xalqının fundamental xalq mahnılarını, təsniflərini, aşıq mahnılarını radionun “qızıl fondu”na yazıb, gələcək nəsillərə çatdırmaqdır. Ağsaqqal, ağbirçəklərlə görüşərək onlardan eşitdiyimiz mahnıları yazır, sonra yenidən işləyib lentə alırıq.
    Ansamblımız gənclərdən ibarətdir. 16 nəfər üzvü var. Mənə elə gəlir ki, ansamblın üzvləri haqqında geniş danışmağa ehtiyac yoxdur. Çünki onları tez-tez radio dalğalarında eşidir, televizorda görürsünüz. Xalidə Yaqublunun, Səfa Qəhrəmanlının adı yəqin Sizə yaxşı tanışdır. Daha ətraflı »

  • 21Noy
    Ədəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır

    Qarabağ

    Artıq azad olundun yad əllərdən sən,
    Sevinir hər qayan, hər daşın sənin.
    Yenidən qoynunda həyat var olur
    Qarabağ elində, obanda sənin.
    Başımız ucadır, alnımız açıq,
    Deyirik Qarabağ azaddır daha.
    Şəhidlərin qanı yerdə qalmadı,
    Deyirik qanınız alındı daha.
    Məğrur xalqım köçür öz obasına,
    Yenidən o yurdu qurur, yaradır.
    Ağlaya-ağlaya çıxan Qarabağ,
    İndi gülə-gülə geri qayıdır.

    Şəhriyar MƏMMƏDZADƏ,
    Əsəd Məmmədov adına
    şəhər 1 saylı tam orta
    məktəbin 11-ci sinif şagirdi

  • 21Noy
    Ədəbiyyat Zəfər nəğməsi üçün şərhlər bağlıdır

    Şükür sənə İlahi,
    Qovuşduq yurdumuza.
    Minnətdarıq, borcluyuq.
    Müzəffər Ordumuza.
    Bizim üçün canından
    Keçən şəhidlərimiz,
    Şəhadət şərbətini
    İçən şəhidlərimiz.
    Ey qəhrəman qazilər,
    Haqqınız ödənilməz.
    Sizintək oğulların
    Yurdu heç vaxt yenilməz
    Möhkəm sıx o yumruğu,
    Ali Baş Komandanım!
    O yumruqda birləşib,
    Vahid Azərbaycanım.
     

    Vətən dağı göynəmir,
    Bağrımızın başında.
    Zəfər marşı çalınır,
    Yurdun hər qarışında.

     

    Qanınızla yuyuldu,
    Paklandı torpağımız.
    Sayənizdə ucaldı,
    Enmədi bayrağımız

     

    Siz tarix kitabını
    Qanınızla yazdınız.
    Qarabağda düşmənin
    Məzarını qazdınız.

     

    O yumruqla düşmənin
    sındırmışıq belini,
    Qoyaq dəmir yumruğun
    Qızıldan heykəlini.
    Asif TALIBOĞLU,
    15 oktyabr 2023

    Xocalıdan meh əsdi.
    Məlhəm oldu yarama.
    Sərsəngim su çilədi,
    Yanan arzularıma.
    Müqəddəs ruhunuzun
    Önündə baş əyirəm
    .Bu şair ürəyimi,
    Sizə gurban deyirəm.
    Qaytardınız Vətənə,
    Bu millətin köçünü.
    Göstərdiniz dünyaya
    Ulu Türkün gücünü.
  • 27Okt
    Ədəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır

    Dəyanətin söz dünyası

    Onu yeniyetmə vaxtlarından tanıyıram. Ötkəm, söz götürməyən olsa da, köhnə kişilərə xas xüsusiyyətləri ilə də seçilir. Dostluqda sadiq, dostları üçün canından keçən, onların uğurlarına hər zaman hərtərəfli dəstək olan, onları özündən öndə fikirləşən biridir. (Bəlkə də nə vaxtsa onun bu fədakarlıqlarından ayrıca bir yazı yazdım, əlbəttə, özü razılıq versə ).
    İstəyirdim onun haqqında bir təqdimat yazım, amma sonra bu fikrimdən daşındım. Sadəcə oxuculara onun haqqında qısa bir məlumat verirəm: Dəyanət Pünhan 1986-cı ilin iyun ayının 23-də Tərtərdə doğulub. Həmişə deyərdi ki, mənim 40 oğlum olacaq. Amma 40 yox, iki oğlu var: Pünhan və Altun. Pünhan Gəncə Dövlət Universitetində oxuyur. Altun isə orta məktəbi bu il bitirəcək.
    Dəyanətin onlarla mahnıları var ki, musiqisini də özü bəstələyib. Gənc müğənnilər Rüstəm Yağmurla, Anar Yusifzadə ilə sıx işbirliyi var. Ruhəngiz Allahverdiyeva, Damla, Roza Zərgərli və tanınmışlardan neçəsi onun sözlərindən, musiqisindən istifadə ediblər. Meyxana aləmində də yetərincə tanınır.
    Gəlin, Dəyanətin söz dünyası ilə tanış olaq. O, bizimlə şeirləri ilə danışsın, biz də onu yaxından tanıyaq.

    Svetlana Əzizova

  • 27Okt
    Ədəbiyyat Atama üçün şərhlər bağlıdır
    Ay məni dünyaya gətirən adam,
    Mən səni dünyadan necə aparım?…
    Bir yol tap, ruhumu tez verim sənə,
    Bəlkə bu əzabdan mən də qurtarım. 
    Zaman ötüşdükcə, mən böyüdükcə.
    Atamın yaş gəlib yaşının üstə.
    Halal zəhmətiylə, alın təriylə
    Tutardı qürurun başının üstə.
    Məni ərkəsöyün böyüdən Adam,
    “Atan ölməyibdir, qorxma, deyərdi”.
    Hər gün qazandığı halal pulların
    Pünhana, Altuna xərcləyərdi.
    Öz bağın-bağçasın unudub tamam,
    Bağımda gül-çiçək bitirən kişi.
    Oğlunun çiynində köçür həyatdan,
    Oğlunu dünyaya gətirən kişi. 
    Adamın atası ölərmiş demə,
    Mən elə bilirdim atalar ölmür.
    Yorulub dünyanın qayğılarından,
    Gedəndə, deyirlər atalar gəlmir. 
    Hər dərdimə dərmanıydın, ay ata,
    Mənim də olaydı dərman olduğum.
    Kaş çarə biləydim sənin dərdinə,
    Yaralı qəlbinə, qurban olduğum.
  • 27Okt
    Ədəbiyyat Darıxmışam üçün şərhlər bağlıdır
    Heç olmasa biz tərəfdən keç bir dəfə,
    Darıxmışam
    Hansısa bir tanışımla
    qabaqlaşsan sözarası
    canıma and iç bir dəfə,
    Darıxmışam.

    Sən Allah, bir denən görüm,
    darıxmırsan heç bir dəfə?…

    Sən ömrümün gəncliyini
    yollarında sərf etdiyim həmin qızsan?…
    Sevdasını nəfəsimlə ovcumda
    isitdiyim, həmin qızsan?…

    Nə bilim ey, bəlkə də mən yanılıram,
    Bəlkə elə darıxırsan mənim üçün.
    Bəlkə mən də sənin kimi anılıram,
    Darıxmışam, darıxmışam sənin üçün.

     

  • 27Okt
    Ədəbiyyat Bu şəhər üçün şərhlər bağlıdır
    Bu şəhər nə qədər doğmadır mənə,
    Sevirəm buranı azı, sən qədər.
    Sən də bu şəhərdə qalırsan deyə
    Kim sevər buranı, görən mən qədər?… 
    Hər gün bu şəhərə sən gələn yerdən,
    Məhəbbət adında qatarlar gəlir.
    Mənimsə bəxtimə bu qatarlarda
    “Bədbəxt”imzasıyla məzarlar gəlir. 
    Şahid ol, ey şəhər, sahid ol, bizə
    Mən nələr etmişəm, o nələr edib…
    Həsrətin çəkdiyim bu şəhər deyil,
    Onunçün gəlmişdim, o isə gedib.
    Küçələr doludur insanlar ilə,
    Gözlərim elə hey axtarır səni.
    Bir gözəl xanımın cazibəsində
    Mənə xəyallarım qaytarır səni.

     

    Bu şəhər kədərli xatirələrin
    Beşiyi, ən isti qucağı imiş.
    Sanki öz evimdə qonaq kimiyəm,
    O da bu şəhərin qonağı imiş.
  • 27Okt
    Ədəbiyyat Retro yazılarımızdan üçün şərhlər bağlıdır

    RƏFİQƏLƏR

    Hər gün redaksiyamızın poçtuna xeyli oxucu məktubu daxil olur. Ünvanımıza gələn müxtəlif xarakterli məktubların əksəriyyətində əldə olunan nailiyyətlərin mənbəyi, nöqsanların yaranma səbəbləri yenidənqurmanın tələbindən irəli gəlir. Həyata açıq gözlə baxmağı bacaran, işgüzar, qəzetə marağı olan ştatdankənar müxbirlərin məktubları fəaliyyətimizi daha da canlandırır, bizə günün nəbzini tutmaqda, mühüm problemlər qaldırmaqda kömək edir.
    Bu yazıda mən qəzet səhifələrində rəngarəng yazıları ilə çıxış edən ştatdankənar müxbirlərimiz Rəna İsmayılova və Məryəm Nuriyeva haqqında söz demək istəyirəm. Rəfiqələrin hər ikisi Sarov kəndində yaşayır. Həmin kənddə də orta məktəbi bitiriblər. Engels adında kolxozda işləyirlər. Zəhmət meydanında etimadı doğruldurlar. Komsomolçu adına layiq işləyir və yaşayırlar. Ali təhsil almaq üçün bəxtlətini sınayırlar. Hər ikisinin məqsədi jurnalist olmaqdır. İşlərini S. M. Kirov adına ADU-nun jurnalistika fakültəsinə verəcəklər. Daha ətraflı »

  • 27Okt
    Ədəbiyyat PAPAQÇI ZEYNAL üçün şərhlər bağlıdır

    Zeynal Sadıqov ötən əsrin əvvəllərində Şuşa şəhərindən köçüb Tərtərə gələnlərdən olub. Elə papaqçı peşəsinə də Şuşada yiyələnmişdi. Papaq tikmək burada çox ciddi məsələ olduğundan, ustası gənc Zeynala öz peşəsini öyrətməzdən əvvəl demişdi: ”Peşələrin hamısı məsuliyyətlidir. Papaqçılıq isə xüsusilə çətin sənətdir. Axı, gör sənin zəhmətinin məhsulu kimlərin başını bəzəyəcək? Ona görə bu işdə böyük səbr və zərgər dəqiqliyi tələb olunur. Əgər bacaracaqsansa, etirazım yoxdur, gəl öyrən. Qoy bu peşə sənə hörmət gətirsin.”
    Sonralar papaqçı Zeynal daim ustadını minnətdarlıq hissi ilə xatırlayır və övladlarına deyirdi:
    –Allah o kişiyə rəhmət eləsin, bu çörəyi o mənə verib.
    Papaq Azərbaycanda kişilik, namus, qeyrət rəmzi hesab olunur. Köhnə kişilər papaq tikdirməyə çox diqqətlə yanaşırdılar. Təsadüfi deyil ki, Zeynal kişinin yanına təkcə Tərtərdən deyil, ətraf rayonlardan, o cümlədən Laçından, Kəlbəcərdən gələnlər olurdu. Qızı Sənubər xanım deyir ki, rəhmətlik Aşıq Şəmşir ildə bir dəfə ailəmizin qonağı olurdu. Həmin vaxt bizə çoxlu qonaq toplaşardı.Atam, aşığın papağını tikib hazırlayana qədər, o, qonaqlarla söhbət edər, hərdən bir sazını da əlinə alardı. Bunlar çox unudulmaz axşamlar idi. Laçının Minkənd kəndindən də qonaqlarımız olurdu. Yadımdadır ki, onlar çox hörmətli qonaqlar idi və atamın işini həmişə bəyənirdilər. Daha ətraflı »