Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12Mar

    Göyçə sərvətlərimizdən)

    Budur ana təbiətin oyanış fəsli olan baharın – folklorçuların əzbərində, aşıqların sazının tellərində, xanəndə və müğənnilərin avazında vəsf olunan, neçə-neçə qədim ənənələriylə cavanların əhvalına şuxluq qatan nazlı baharın mübarək qədəmlərinin sədaları duyulmaqdadır. Gəlişiylə təbiətə gözəllik, ürəklərə hərarət, zəhmətkeş insanlara həvəs gətirən baharın, zaman-zaman yaradıcı aşıq və şairlər tərəfindən şəninə sayagəlməz qədər biri-birindən gözəl şeirlər söylənən, nəğmələr oxunan baharın sədalarıdır bu sədalar.
    İlıq nəfəsiylə təbiəti canlandıran yazın tərənnümündə Göyçə ədəbi mühitində yetişmiş ustad sənətkarların da zövqləri oxşayan inci düzümləri az olmamışdır. Onlardan biri də qüdrətinə, istedadına, nüfuzuna, şöhrətinə “savadsızlığına” xeyli “savadlıların” həsəd apardığı Dədə Ələsgərdir. Onun yaradıcılığı kamil ustad və müdrik ağsaqqal olmasından xəbər verir.
    Ancaq biz onun şeirlərində baharı vəsf edən bəzi məqamları bu baharın gəlişinə töhvə olaraq istəkli oxucuların diqqətinə təqdim edirik:
    Bahar fəsli, yaz ayları gələndə,
    Süsənli, sünbüllü, lalalı dağlar,
    deməklə, əsasən baharın zinətlərindən zövq alan aşıq qoynunda boya-başa çatdığı dağların, gəzdiyi yaylaqların tərənnümündən doymazmış.
    Ələsgər köynəkdən çıxarsın sazı,
    Yenə cuşa gəlsin eşqi, avazı.
    Tərifləsin allı-yaşıllı yazı,
    Unutma bu böyük kamalı, yaylaq,
    və yaxud:
    Gözəllər seyrangahısan,
    Görüm səni var ol, yaylaq.
    Açılsın gülün-nərgizin,
    Təzə mürğüzar ol, yaylaq,
    deyən aşığın ruhunun təzələnməsi, doğma dağların hüsnünə vurğunluğu özünü şeirlərin vasitəsi ilə aydın göstərir.
    Yayda yaylağımdı, qışda oylağım.
    Yazda seyrangahım bu dağlar mənim,
    deməklə yurduna, torpağına heyranlığını, bağlılıığını əminliklə bəyan edir.
    El şənliklərində xeyli gözəllərə şeirlər qoşan Ələsgər onların camalını da yazın gözəllikləri ilə müqayisə edərək
    Afərin xudanın haqqı-sayına,
    Camalları bənzər bayram ayına, – söyləmişdir.
    Ələsgərin həyatı çoxlarının təsəvvür elədiyi kimi asan həyat deyil, dövrünə görə hədsiz çətinliklərlə, uzun sürən qış fəslinin sitəmləriylə keçdiyi üçün aşıq mümkünsüz bir arzunu da şeirə gətirməklə insanların cəfalarını, əzablarını qeyd eləmişdir:
    İnsan payız ölə, yazda dirilə,
    Zimistanda boran-qarı çəkməyə.
    Ələsgər yaradıcılığının sanballı və yüksək səviyyəyə layiq olduğu hər kəsə bəllidir.
    Sovet illərinin sonlarına yaxın icad olunan müasir musiqi alətlərinin cavanların zövqünə yol tapmaqla ulu sazı sıxışdırarkən bir çox görkəmli bəstəkarların Ələsgər şeirlərinə musiqi yazmaları aşıq sənətinin dirçəlişinə səbəb olmuşdur.
    Aşıq Ələsgər irsi bizim danılmaz və dəyərli sərvətimizdir, söyləsəm, zənn edirəm ki, yanılmaram.
    Hazırda bəzi yaradıcı aşıq və şairlərin Ələsgər zirvəsinə həsəd apardığı kimi, zaman ötdükcə yüzillər yaşı olan qocaman çinarlar da Ələsgər ölməzliyinə həsəd aparacaqlar.
    Böyük ustadın yaşı minillləri haqlayacaq: qüdrətdə uçulmaz dağlarla yanaşı dayanacaqdır.

    Ustad Ələsgərə

    Bu söz ipliyini necə əyirib,
    Arğaclar armısan hanalarına.
    Ay ustad nə gözəl seçib, ayırıb,
    Yerbəyer düzmüsən xanalarına.

    Həmzəmanələrin olub halısı,
    Sazı necə çalıb, nə oxumusan.
    Bir zəngin xalı var-qoşma xalısı,
    Ən əlvan çeşidi sən toxumusan.

    Talıb MƏMMƏDLİ

     

    Müəllif: Redaktor, 09:54

İsmarıclar bağlıdır.