17May
Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon Təşkilatının inzibati binasında 15 may – “Beynəlxalq Ailə Günü” münasibəti ilə “Milli–mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Təhsil Sektorunun metodisti, psixoloq Gülxar Abbasova, məktəb psixoloqları və müəllimlər iştirak ediblər.
Mövzu ilə bağlı çıxış edən Rəqsanə Məmmədli bildirib ki, xalqımız üçün uzaq keçmişdən gələn təmiz və nümunəvi ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzi bu gün prioritet məsələlərdən biridir. Unutmaq olmaz ki, insan alveri, erkən nikah, qan qohumları arasında ailə həyatı qurmaq kimi mənfi hallar bu dəyərlərə təsirsiz ötüşmür.
Digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda ailə dəyərləri mühüm yer tutur. Sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.
17May
Subartezian quyusu təmir olundu
Təsərrüfat işlərinin qızğın çağında suyu ilə pay torpaqlarımızı suvardığımız subartezian quyusu sıradan çıxmışdı. Bu vəziyyət kənd sakinlərini çox narahat edirdi.
Belə getsə, cari ildə torpaqlarımızdan məhsul götürə bilməyəcəydik.
Rayon rəhbərinə müraciət olundu. Tezliklə subartezian quyusunun yanmış nasosu dəyişdirildi, 153 m yeni kabel verildi və 09-389 nömrəli subartezian quyusundan yenidən sahələrimizə dirilik suyu axdı.
Bu gün Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə vətəndaşların müraciətlərinə böyük həssaslıqla yanaşılır. Problemlərin vaxtında həlli isə ümumi işlərimizə kömək olur.
17May
“Azəronlayn” şirkəti tərəfindən kəndimizə yeni internet xətti çəkilir. Bu məqsədlə lazım olan dirəklər və avadanlıqlar gətirilib. Buvaxtadək internetdən yalnız bəzi ailələr istifadə edə bilirdilər. İndi isə internet hər bir ailədə olacaq. Kənd sakinləri çox məmnundurlar.
Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində hazırda insanlarımızın güzəranı günü-gündən yaxşılaşır.
Bizim övladlarımız bu torpaq uğrunda canlarını qurban verdilər ki, Azərbaycanda sülh və əmin-amanlıq olsun. Prezidentimizin yürütdüyü siyasət nəticəsində isə həyatımızda olan problemlər həll olunur.
Rəqiyyə İSMAYILOVA,
Mamırlı kəndi, şəhid anası
17May
Şəhid bulağının ətrafı abadlaşdırılıb
Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə rayonumuzda bir çox işlər görülür – küçələrə, məktəblərə, sinif otaqlarına onların adları verilir, şəhid bulaqları tikilir.
Belə bir bulaq Kəngərlidə bu kəndin igid oğlu Emin Abbaszadənin xatirəsinə tikilib. Sakinlər və kəndə gələn qonaqlar tez-tez yollarını buradan salır, şəhidimizin ruhuna dualar oxuyurlar.
Bu yaxınlaradək bulağın ətrafı abadlaşdırılmamışdı. Şəhid atası Faiq Abbasovun rayon rəhbərinə müraciətindən sonra 42 nömrəli Yol İstismarı MMC tərəfindən şəhid bulağının ətrafına asfalt örtüyü salınaraq, abadlaşdırılıb.
Şəhidin valideynləri görülən işlərdən razı qalıblar.
17May
Bu gün rayonumuzda nəinki şəhərdə, kəndlərdə də yollar abad və rahatdır. Buna baxmayaraq, diqqətdən kənarda qalan yerlər də var.
Rayon rəhbərinin Kəngərli kəndində keçirilən səyyar qəbul-görüşündə kənd sakini Məcid Tağıyev əsas asfalt yoldan məktəbə dönən döngəyə asfalt örtüyünün salınması ilə bağlı müraciət etmişdir. Bu günlərdə 42 nömrəli Yol İstismarı MMC tərəfindən həmin əraziyə asfalt örtüyü salınıb. Bu işdən hamı razı qalıb, xüsusən də məktəblilər və müəllimlər.
17May
Su həyatdır, ancaq Nizami Gəncəvi demiş, artıq olanda o da dərd verir. Şəhər sakinləri Təley arxına suyun gəlməsini nə qədər səbirsizliklə gözləsələr də, yağışlı günlərdə arxda su çoxalanda, yaxınlıqdakı evlərə təhlükə yaranır.
Bu günlərdə şəhərin M.F.Axundov küçəsinin sakini İsmayıl Məmmədovun müraciəti əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi tərəfindən vətəndaşın evinin yaxınlığından keçən Təley arxının qəzalı hissəsində betonlanma işləri aparılıb.
“YENİ TƏRTƏR”
17May
MƏNİM HƏYAT MƏKTƏBİM
Uşaqlığımdan ədəbiyyat vurğunu olmuşam. Əlimə keçən şeirləri, hekayələri sevə-sevə oxuyar, onların oxunmasını başqalarına da məsləhət görərdim. O vaxtlar indiki kimi “ kitabların kitabı bağlanmamışdı.” Yaxşı kitablar, yaxşı əsərlər sevilə-sevilə oxunar, oxunması başqalarına da məsləhət görülərdi. Kitabxanlarda oxucular növbəyə dayanırdılar. Oxunan kitablar vaxtında geri qaytarılar, yeniləri ilə əvəz olunardı.
Onda mən ya qəzet, ya da jurnal redaksiyalarında işləmək arzusunda idim. Heç olmasa öz yazdıqlarımı onlarda çap elətdirmək arzusunda idim. Bu arzu məni Azərbaycan Dövlət Universitetinə apardı. Universitetin jurnalistika şöbəsinə qəbul olundum. Onda Bakıda ancaq bir universitet vardı – Azərbaycan Dövlət Universiteti. Heç də indiki kimi, hər instituta universitet adı qoyulmamışdı.
Azərbaycan Dövlət Universitetində görkəmli adlı-sanlı elm korifeyləri dərs deyirdi. Akademiklərdən Yusif Məmmədəliyev, Məmmədcəfər Cəfərov, professorlardan Cəfər Xəndan, Mircəlal Paşayev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Seyfulla Əliyev belələrindən idilər.
Universitetdə “Lenin tərbiyəsi uğrunda” adlı qəzet nəşr olunurdu. Bədii yazılarımı həmin qəzetdə nəşr etdirirdim. Ara-sıra “Azərbaycan gəncləri” qəzeti də yazılarımı çap edirdi.
1958-ci ildə universiteti bitirib rayona qayıtdım. Rayonda “Qızıl Bayraq” adlı qəzet nəşr olunurdu. Qəzet rayon partiya komutəsinin və rayon icariyyə komutəsinin orqanı idi. O vaxtlar raykomun birinci katibi vəzifəsində Nadir Rüstəmov adlı bir nəfər işləyirdi. Sonralar öyrənmişdim ki, Nadir Rüstəmov da şeirlər yazır, “Kirpi” jurnalında ara-sıra dərc olunan satirik şeirlər onunku imiş.
Redaksiyada təzəcə işlədiyim günlərin birində Nadir Rüstəmovun məni öz yanına çağırdığını dedilər. Təəccübləndim. Bizim katib məni nə üçün çağırır görəsən? Daha ətraflı »
17May
Toğrul Hüseynli şəhər 1 saylı tam orta məktəbin VI sinif şagirdidir. Dərs əlaçısı olmaqla bərabər, gözəl əl qabiliyyəti var. Çəkdiyi rəsmlər rayon səviyyəsində təşkil olunan sərgilərdə nümayiş etdirilir və bəyənilir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Mərkəzi Meydanda təşkil edilmiş sərgidə Toğrul da iştirak edib. Burada onun böyük sevgi ilə çəkdiyi rəsmi nümayiş olunurdu.
Toğrul özü bu barədə deyir:
–Ulu Öndərin portretini boya ilə çəkmək böyük məsuliyyətdir. Bu işin öhdəsindən gələndə çox sevindim.
Həmin rəsmə görə Toğrul Tərtər rayon İcra Hakimiyyəti, YAP Tərtər rayon təşkilatı və oxuduğu məktəbin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
“YENİ TƏRTƏR”
17May
Cari ilin may ayının əvvəlinə rayonda 7803.4 hektar sahədə yazlıq bitkilər səpilmişdir. Onun 850 hektarı yazlıq arpa, 79 hektarı dən üçün qarğıdalı, 2 hektarı noxud, 8 hektarı lobya, 17 hektarı dən üçün sorqo, 1998.2 hektarı pambıq, 231 hektarı şəkər çuğunduru, 1978.5 hektarı günəbaxan, 392.5 hektarı kartof, 917 hektarı müxtəlif növ tərəvəz bitki-ləri, 80 hektarı yem üçün qarğıdalı, 1250.2 hektarı yem bitkiləri – çoxillik otlar olmuşdur.
Yazlıq bitkilərin əkini davam edir.
17May
2024-cü ililin yanvar-mart aylarında Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12052.5 min manat təşkil etmişdir ki, onun 83.5 min manatı bitkiçilik məhsullarının, 11969 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. 2023-ci ilin yanvar-mart aylarına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı 6.2 faiz artmışdır.
TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ
Yeni ismarıclar