Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17May

    MƏNİM HƏYAT MƏKTƏBİM

    Uşaqlığımdan ədəbiyyat vurğunu olmuşam. Əlimə keçən şeirləri, hekayələri sevə-sevə oxuyar, onların oxunmasını başqalarına da məsləhət görərdim. O vaxtlar indiki kimi “ kitabların kitabı bağlanmamışdı.” Yaxşı kitablar, yaxşı əsərlər sevilə-sevilə oxunar, oxunması başqalarına da məsləhət görülərdi. Kitabxanlarda oxucular növbəyə dayanırdılar. Oxunan kitablar vaxtında geri qaytarılar, yeniləri ilə əvəz olunardı.
    Onda mən ya qəzet, ya da jurnal redaksiyalarında işləmək arzusunda idim. Heç olmasa öz yazdıqlarımı onlarda çap elətdirmək arzusunda idim. Bu arzu məni Azərbaycan Dövlət Universitetinə apardı. Universitetin jurnalistika şöbəsinə qəbul olundum. Onda Bakıda ancaq bir universitet vardı – Azərbaycan Dövlət Universiteti. Heç də indiki kimi, hər instituta universitet adı qoyulmamışdı.
    Azərbaycan Dövlət Universitetində görkəmli adlı-sanlı elm korifeyləri dərs deyirdi. Akademiklərdən Yusif Məmmədəliyev, Məmmədcəfər Cəfərov, professorlardan Cəfər Xəndan, Mircəlal Paşayev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Seyfulla Əliyev belələrindən idilər.
    Universitetdə “Lenin tərbiyəsi uğrunda” adlı qəzet nəşr olunurdu. Bədii yazılarımı həmin qəzetdə nəşr etdirirdim. Ara-sıra “Azərbaycan gəncləri” qəzeti də yazılarımı çap edirdi.
    1958-ci ildə universiteti bitirib rayona qayıtdım. Rayonda “Qızıl Bayraq” adlı qəzet nəşr olunurdu. Qəzet rayon partiya komutəsinin və rayon icariyyə komutəsinin orqanı idi. O vaxtlar raykomun birinci katibi vəzifəsində Nadir Rüstəmov adlı bir nəfər işləyirdi. Sonralar öyrənmişdim ki, Nadir Rüstəmov da şeirlər yazır, “Kirpi” jurnalında ara-sıra dərc olunan satirik şeirlər onunku imiş.
    Redaksiyada təzəcə işlədiyim günlərin birində Nadir Rüstəmovun məni öz yanına çağırdığını dedilər. Təəccübləndim. Bizim katib məni nə üçün çağırır görəsən?
    Katibin kabinetinə girəndə “Azərbaycan gəncləri” qəzetində yenicə çap olunmuş “Doğma kəndim” adlı şeiri onun stolunun üstündə gördüm. Nadir müəllim əl atıb stolun üstündəki qəzeti götürdü və elə dərhal da üzünü mənə tutub soruşdu:
    – Deyirlər ki, bu şeiri sən yazmısan. Düzmü deyirlər bunu? Onu da deyirlər ki, sən rayonun Əskipara kəndindənsən.
    Utana-utana “bəli” dedim katibə.
    Katib dedi:
    – Yaxşı, elə isə, bu sualıma da cavab ver. Bəs, belə şeirlər yazırsansa, niyə öz qəzetinizdə vermirsən belə şeirləri?
    Redaktorumuzun bədii yazılardan, xüsusən şeirlərdən xoşu gəlmirdi. Bunu katibə demədim.
    Şeir katibin çox xoşuna gəlmişdi.
    –– Gözəl yazmısız! Kəndin gözəlliyi ilə təbiətin gözəlliyini vəhdət halında vermisiniz.
    Katib söhbətini bu sözlərlə yekunlaşdırdı:
    –– Qəzetinizin səviyyəsini yüksəltməyə çalışın. Yazıların keyfiyyətinə fikir verin. Qəzeti şablon sərlövhələrdən, çeynənmiş yazılardan xilas edin. Redaktorunuzla danışmışam, sizin işinizə qarışmayacaq. Bakıda gördüklərinizi, universi-tetdə öyrəndiklərinizi yerli qəzetdə də tətbiq edin. Qoy oxucular sevsin qəzetinizi. Bir məsləhətim də var, qəzetinizdə “Ədəbiyyat dərnəyi” açın, qoy ədəbi istedadlar cəlb olunsun ora. Onların bədii yazılarına geniş yer verin. Bu yolla sevdirə bilərsiz qəzetinizi.
    Katibin göstərişinə əməl etmək lazım idi. Qəzetin səviyyəsini yüksəltmək üçün köhnə qəzetlərin kompektinə baxdım. Doğrudan da sərlövhələr bir-birini təkrar edirdi. Onları yeniləri ilə əvəz etmək lazım idi. Bu cür də etdim. Doğrusu, redaktor da bu işlərimə görə mənə heç nə demir, işimə qarışmırdı.
    Qəzetin səviyyəsini yüksəltmək təkcə sərlövhələri dəyişmək, yazıları oxunaqlı şəklə salmaqdan keçmirdi. Redaksiyanın digər çətinlikləri də vardı. Linotip maşını yox idi redaksiyada. Şriftlər ayrı-ayrı kassalardan götürülüb misralara düzülür, məqalələrə çevrilirdi. İşimizlə yaxından tanış olanlar “iynə ilə gor qazanlar” adını qoymuşdular bizə.
    Qəzet iki səhifədən ibarət çap olunurdu. “Vərəqə” adı vermişdilər qəzetimizə. Redaksiyanın əməkdaşları istər-istəməz dözürdülər bu çətinliklərə. Çətinlikdən qorxmaq lazım deyildi. Hər bir çətinliyin tədricən aradan qaldırılacağına şübhə yox idi. Belə də oldu. Bütün çətinliklər aradan qalxırdı. Qəzet büsbütün dəyişdi öz simasını.
    Katibin digər göstərişi də yerinə yetirildi. Redaksiyanın nəzdində ədəbiyyat dərnəyi təşkil olundu. Ədəbi istedadlar yazıldılar həmin dərnəyə. Vahid Cəfərov (indiki xalq şairi), Vahid Əziz imzası ilə tanındı. Hilal Bayramov, Dilsuz Mustafayev, Qələndər Quliyev, Mehdi Mehdiyev və indi adlarını xatırlamadığım başqaları dərnəyin fəal iştirakçıları ol-dular.
    Mən “Qızıl Bayraq” qəzrtindən sonra da müxtəlif qəzetlərdə işləmişəm. “Azərbaycan gəncləri”, “Qırmızı Bayraq”, “Konmunzim yolu”, “Ağdərə”, “Yenilik” qəzetləri əməkdaşlıq etdiyim qəzetlərdən olub. Bunlardan əlavə, müxtəlif məsul vəzifələrdə də işlədiyim dövrlər olub.
    Xalq arasında belə bir söz var. Deyirlər “ilk övlad şirin olur” . Bəlkə elə buna görədir ki, işlədiyim dövrlərdə müxtəlif çətinlikləri olsa da, mən “Qızıl Bayrağ”ı unuda bilmirəm. O qəzet mənim uğur yoluma işıq salıb. Mən “Qızıl bayraq” qəzetindən həyatı öyrənmişəm, təbiəti öyrənmişəm, insanları öyrənmişəm. Onların yaxşısını pisindən ayırd etməyi öyrəndim.
    Bir sözlə, “Qızıl Bayraq” qəzeti mənim həyat məktəbim olub.
    QƏDİR ALLAHVERDİYEV,
    “Qızıl Bayraq” qəzetinin keçmiş məsul katibi

    Müəllif: Redaktor, 10:19

İsmarıclar bağlıdır.