Qəfil ölüm daha bir iş yoldaşımızı aramızdan apardı. O, redaksiyamıza 1974-cü ildə orta məktəbi bitirdikdən sonra gəlmişdi. Əvvəlcə rayon qəzeti mətbəəsində, sonra redaksiyanın özündə müxtəlif vəzifələrdə çalışmışdı. 1986-cı il tarixdən 1990-cı ilə qədər rayon XDS İcraiyyə Komitəsində Həddi-büluğa çatmamışların işləri üzrə komissiyanın məsul katibi, 15 iyul 1994-cü il tarixdən 10 iyun 1995-ci il tarixə kimi “Tərtər” qəzetinin redaksiyasında korrektor, 1995-ci ildən 2006-cı ilə kimi Tərtər taxıl qəbulu müəssisəsində kadrlar üzrə böyük inspektor, 2006-cı ildən 2007-ci ilə kimi CTS AQRO MMC-nin Tərtər pambıq qəbulu məntəqəsində mühasib vəzifələrində işləmişdi.
2013-cü ilin iyun ayında Elfuzə xanım yenidən doğma ocağa–redaksiyamıza qayıtmış və burada fəaliyyətini davam etdirmişdi. İşinə böyük məsuliyyətlə yanaşan insan idi.
Yaradıcılığının ən önəmli hissəsi Qarabağ mövzusuna həsr olunub. Özü də ürəyində şəhid yarası gəzdirən Elfuzə xanım şəhidlərimiz haqqında bir çox tarixdə yaşayacaq yazıların müəllifidir, həm I Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi şəhidlərinin. Onun iş otağından tez-tez qazilərimizin səsi gəlirdi. Onları saatlarla dinləyir, sonra eşitdiklərini sanki özü də yaşayaraq qələmə alırdı. Qəzetimizdə imzası ilə dərc olunan son yazısı da elə qazi haqqındadır. Bu yazılardan biri hələ kompüterin yanında yazılacağını gözləyir, üçüncü qazi ilə söhbəti isə yazılmamış qaldı. Bu dərdləri də öz dərdlərinə əlavə edərək ürəyində apardı.
O, gənclik illərindən beləydi: çox çılğın, heç nəyə biganə qala bilməyən, sözün düzünü deməkdən çəkinməyən bir insan. Hamını düşünürdü, qohumu da, yadı da. Hamıya bacardığı qədər kömək etməyə çalışırdı… İndi yoxluğu hər yerdə bilinir.
Allah rəhmət eləsin!
“Yeni Tərtər”
Yeni ismarıclar