Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek

    Vətənə qüsursuz xidmət edən igid

    44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərən, ölüm-qalım savaşında şücaətlə döyüşən igidlərimizdən biri də Elşad Orucovdur. O, ölümdən dönənlərdəndir. Bu günlərdə redaksiyada Elşadla görüşüb döyüş yolu barədə söhbət etdik. Öyrəndim ki, cəsur döyüşçü 1985-ci il 19 apreldə Zolgəran kəndində anadan olub. Orta təhsilini Zolgəran ümumi və Söylən kənd tam orta məktəblərində alıb. 2023-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb. Xidmət müddəti Xızı rayonunun Yasma qəsəbəsində keçib. Kiçik çavuş rütbəsi ilə xidmətini başa vurub. Sonra 4 il sürücü işləyib. Müddətdən artıq xidmət etmək məqsədi ilə 2007-ci ildə Qaraheybət təlim-tədris mərkəzində 3 ay kurs keçib. 2008-ci ilin yanvar ayından piyada komandasında manqa komandiri kimi müddətdən artıq xidmətə başlayıb. Onun xidmət fəaliyyəti Tərtər, Xızı, Gəncə, Göranboy, Mingəçevir, Ağdam hərbi hissələrində keçib. Aprel döyüş-lərində Seysulan istiqamətində düşmən postunda 2 gün mühasirədə qalıb. Atəşkəs elan olunduqdan sonra mühasirədən çıxmağa müvəffəq olub. Müddətdən artıq xidməti zamanı zabit heyətinin tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışıb. Ona görə də Elşadın bu xidməti diqqətdən yayınmayıb. Dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla mükafatlandırılıb. ”Qüsursuz xidmətlərə görə” medalı isə Elşadı daha da yaxşı xidmət etməyə ruhlandırıb.
    2020-ci il sentyabrın 27-də müharibə başlayanda Elşadın bölüyü Gülüstan istiqamətindən döyüşə qatılıb. Talış, Suqovuşan istiqamətində aparılan döyüşlərdə onun manqası əsil qəhrəmanlıqlar göstərib. Gündən-günə Ordumuz irəli getdikcə, düşmənin işğal etdiyi torpaqlar oba-oba, el-el azad olunduqca hərbçilərimizin qüruru artırdı. Döyüşlərin uğurla başa çatması hər kəsə aydın idi.
    44-cü gün idi ki, müharibə davam edirdi. Elşad bir neçə hərbçi ilə Talış kəndi istiqamətində qaranlıq meşə ilə “Ağ uçuq” yüksəkliyi ilə irəliləyirdi. Qəfləti partlayış baş verir. Elşad Orucov həmin günü belə xatırlayır:
    – Partlayışın baş verməsi ilə yıxılmağım eyni anda oldu. Elə bildim ki uçurumdan aşağı düşmüşəm. Ayağa qalxmaq istəyəndə sağ ayağımın qopduğunu və məndən bir qədər aralıya düşdüyünü gördüm. Bədənimi qaldırıb durmaq istədim. Lakin sol ayağım da qırıldığından qalxa bilmədim və huşumu itirdim. Bir də gözümü açanda Mərkəzi hərbi hospitalda olduğumu bildirdilər. Onu da dedilər ki, piyada əleyhinə minaya düşmüşəm, 6 gün komada olmuşam. 3 ay həmin hospitalda müalicə olunduqdan sonra evə qayıdıb müalicəni evdə davam etdirməli oldum. Onu da bildirdilər ki, mən minaya düşən gün atəşkəs elan olunaraq müharibə dayandırılıb.
    Elşad indi sevinir ki, ayağını itirsə də, güclü baş-beyin travması alsa da müharibə dəhşətləri qurtarıb. Ölkəmizin Zəfərinin şahidi olub. 2 övladının – Nurayla Toğrulun böyüməsini öz gözləri ilə görəcək. Hazırda 3-cü qrup Vətən müharibəsi əlilidir. O, dövlət qayğısından da danışaraq minnətdarlıq etdi. Protez və avtomobillə təmin olunduğunu söylədi. Elşad Orucov Ali Baş Komandanın Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Müharibə iştirakçısı” medalları ilə təltif olunub.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:38

İsmarıclar bağlıdır.