Azərbaycan Respublikasında qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının dayanıqlı və sürətli inkişafı dövlət siyasətinin ən mühüm prioritetlərindən biri olaraq qalmaqdadır. Ölkə rəhbərliyinə seçildiyi ilk dövrlərdən etibarən bölgələrin tarazlı tərəqqisinə xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hələ 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı təsdiq edilmiş və həmin tarixi təşəbbüsün mərkəzi tərkib hissəsi kimi kənd təsərrüfatının dirçəldilməsi hədəf seçilmişdir. Uğurla icra olunan birinci beşillik proqram bölgələrdə yığılıb qalmış çoxsaylı struktur problemlərinin həllinə misilsiz töhfə vermiş, bu müsbət dinamikanın ardıcıllığını təmin etmək məqsədilə növbəti dövrlərdə də bir neçə bənzər strateji regional proqramlar qəbul edilərək həyata keçirilmişdir.
Bu məqsədyönlü proqramların icrası sayəsində respublikamızın bütün regionlarında genişmiqyaslı canlanma müşahidə olunmuş, əhalinin məşğulluq səviyyəsi kəskin şəkildə artmış və nəhəng infrastruktur layihələri reallığa çevrilmişdir. Müasir Azərbaycanın ümumi iqtisadi və sosial tərəqqisini bu gün həmin fundamental infrastruktur layihələri olmadan təsəvvür etmək qeyri-mümkündür. Keçmiş dövrlərdə bölgələrdə demək olar ki, mövcud olmayan qaz təchizatı bərpa edilmiş, paytaxt Bakı da daxil olmaqla elektrik enerjisində yaşanan böyük fasilələr və dərin böhranlar tamamilə aradan qaldırılmışdır. Yararsız vəziyyətdə olan avtomobil yolları və tükənmək üzrə olan su təchizatı sistemləri yenidən qurulmuşdur. Kəndlərimizin sürətli intibahı və region sakinlərinin həyat standartlarının yüksəldilməsi məhz bu layihələrin həlledici və səmərəli rolu sayəsində gerçəkləşmişdir.
Bu gün işğaldan azad edilmiş ərazilər istisna olmaqla, ölkə miqyasında qazlaşdırma səviyyəsinin 96 faizə çatdırılması, elektrik təchizatında heç bir problemin qalmaması və respublikamızın böyük enerji ixracatçısına çevrilməsi bu müvəffəqiyyətin bariz nümunəsidir. Magistral, şəhərlərarası və kənd yollarının inşası ilə yanaşı, Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi nəhəng su anbarları tikilmiş, suvarma kanalları yenidən qurulmuşdur. Dövlətin bu güclü dəstəyi ilə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım qeydə alınmış, üzümçülük, pambıqçılıq, fındıqçılıq və sitrusçuluq kimi spesifik sahələrdə qəbul edilmiş xüsusi proqramlar aqrar sektora güclü təkan vermişdir.
Azərbaycan dünyada genişmiqyaslı, çoxçeşidli subsidiya mexanizmlərini və fermerlərə gübrə, yanacaq güzəştlərini bir arada tətbiq edən nadir ölkələrdən biridir. Eyni zamanda istehsalçılara davamlı metodik tövsiyələr verilir, güzəştli kreditlər ayrılır. Bu dövlət dəstəyi nəticəsində vaxtilə hektardan məhsuldarlığı maksimum 1 tona (10 sentnerə) düşən və ümumi istehsalı cəmi 20 min ton təşkil edən pambıqçılıq sahəsi yenidən bərpa olunaraq son göstəricilərə görə 360 min tondan yuxarı qaldırılmışdır ki, bu da pambıqçılıq rayonlarında, o cümlədən Tərtər bölgəsində kənd əhalisinin rifahına çox müsbət təsir göstərmişdir. Tamamilə məhv olmaq təhlükəsi yaşayan baramaçılıq və ipəkçilik də dövlətin birbaşa müdaxiləsi ilə yenidən dirçəldilmişdir.
Lakin qlobal miqyasda yaşanan müharibələr, nəqliyyat-loqistika zəncirindəki qırılmalar, enerji böhranı və iqlim dəyişikliyi kimi mənfi meyillər ərzaq təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Son illərdə ölkəmizin aqrar istehsalındakı bəzi sahələrdə qeydə alınan durğunluq və mövcud dinamika dövlət başçısını qane etmədiyi üçün Prezident Administrasiyasına və Hökumətə kənd təsərrüfatının inkişafına dair tamamilə yeni, konkret və qısamüddətli Dövlət Proqramının hazırlanması tapşırılmışdır. Ölkə rəhbərinin bəyan etdiyi əsas strateji hədəf isə kəndlərdən şəhərlərə deyil, genişmiqyaslı urbanizasiyanın qarşısını almaqla şəhərlərdən kəndlərə qayıdış prosesini başlatmaq və regional xidmət səviyyəsini yüksəltməkdir. Bu çərçivədə bölgələrdəki 4 minə yaxın məktəbin 80-90 faizi tamamilə yenidən qurulmuş və müasir tibb müəssisələri şəbəkəsi yaradılmışdır.
Yeni proqram həm də yerli və xarici investorlar, eləcə də məsuliyyətli özəl sektor nümayəndələri üçün mühüm bir çağırışdır. Çünki hazırda ölkəmizdə bəzi strateji məhsullar üzrə daxili istehsal və özünü təminetmə əmsalları üzərində ciddi şəkildə işlənilməsi tələb olunur. Dövlət başçısı idxaldan asılılığı azaltmaq məqsədilə xüsusilə buğda istehsalındakı 55 faizlik əmsalın (daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton) qəbuledilməz olduğunu və aqroparkların geniş imkanlarından istifadə edilməklə bu rəqəmin mütləq artırılmasının vacibliyini qeyd etmişdir. Aqrar sahədə səmərəliliyi təmin etmək üçün hər bir əkin sahəsinin fərdi “pasportu” hazırlanmalı, torpaqların dəqiq kimyəvi və coğrafi təhlili aparılmalı, süni intellekt, peyk idarəetmə sistemləri və elmi rayonlaşdırma prinsipləri tətbiq olunmalıdır. Subsidiyaların verilməsi mexanizmi isə daxili bazarın və ixrac konyunkturunun dəyişən şərtlərinə uyğun olaraq hər il çevik şəkildə yenidən dəyərləndirilməlidir.
Son 20 il ərzində kənd təsərrüfatı texnikası parkının tamamilə yenilənməsi, yerli texnika istehsalının təşkil edilməsi və Karbamid zavodu vasitəsilə azot gübrələri tələbatının tam ödənilərək xaricə də ixrac edilməsi dövlətin bu sahədəki böyük uğurlarındandır. Bununla belə, qarışıq gübrə növlərinin yerli istehsalının təşkili üçün xarici şirkətlərlə danışıqlar davam etdirilir. Aqrar logistikanın gücləndirilməsi çərçivəsində ölkədə güzəştli kreditlərlə 400 min ton tutumu olan soyuducu anbarlar yaradılmışdır və bu infrastrukturun yaxın gələcəkdə 500 min tona çatdırılması üçün daha 100 min tonluq yeni anbar şəbəkəsinin inşası planlaşdırılır.
Su təchizatı sahəsində icra olunan irihəcmli layihələr, o cümlədən 10 su anbarının yenidən qurulması, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda dərhal bərpa edilən Köndələnçay, Xaçınçay, Suqovuşan, Sərsəng və Zabuxçay su anbarları, həmçinin tikintisi sürətlə gedən Bərgüşad və Həkəri layihələri ölkəmizin su təhlükəsizliyini tam təmin edəcəkdir. Sərsəng və Suqovuşan şəbəkəsinin tam gücü ilə işə düşməsi, tikilməkdə olan yeni kanallar vasitəsilə Qarabağ hüdudlarından kənarda yerləşən 8 rayonda, o cümlədən Tərtərdə min hektarlarla torpaq sahələrinin suvarılmasına imkan verəcəkdir. Eyni zamanda gələn il istifadəyə veriləcək beton konstruksiyalı Şirvan kanalı və bərpasına başlanılan Qarabağ kanalı ümumilikdə 200-300 min hektar ərazini əhatə edəcəkdir. Dövlət xətti ilə hazırda 130 min hektarda tətbiq edilən müasir suvarma sistemlərinin 300 min hektara çatdırılması isə taxılçılıqda mövcud olan hər hektardan 3.2 tonluq məhsuldarlığı 5 tona, pambıqçılıqda isə 3.6 tonluq tarixi rekordu minimum 5 tona yüksəltmək hədəfinə xidmət edir. Pambıq sahəsində hədəflənən 500 min tonluq xammal istehsalı mahlıc şəklində deyil, yeni qurulacaq iplik və hazır tekstil fabriklərində emal edilərək yüksək əlavə dəyərlə ixrac olunacaqdır. İntensiv bağçılıq sahəsində isə 20 min hektar yeni sahədə müasir bağların salınması, mövcud 1500 hektarlıq istixana komplekslərinə daha 500 hektarın əlavə edilməsi qarşıya mühüm vəzifə olaraq qoyulmuşdur.
Cənab Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” məhz bu nəhəng hədəflərin qısa müddətdə gerçəkləşdirilməsinə hüquqi və strateji zəmin yaradır. Cəmi dörd il yarım icra müddəti olan bu irihəcmli milli proqramın reallaşdırılması üçün dövlət büdcəsindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiyanın cəlb edilməsi nəzərdə tutulur.
(https://azertag.az/…/azerbaycan_respublikasinda_kend…)

