Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Dövlət başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyev qeyd edib ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı.
Bu, rayonların sosial-iqtisadi inkişafına böyük töhfələr verdi. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi.
İnfrastruktur layihələr davamlı icra olunur. Prezident İlham Əliyev deyib ki, Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. İmkan daxilində bütün işləri görməklə insanların rifah halı yaxşılaşdırılıb.
Yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər.
Bildirilib ki, Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.
Bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Daha ətraflı »
Yeni ismarıclar