Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyl

    Rayonumuzun həyatının güzgüsü

    Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür.
    Milli mətbuatımızın əsası 1875-ci il iyulun 22-də ilk nömrəsi nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulub. Qəzetin nəşri və redaktoru Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən Bəy Zərdabi olub. O zamanlarda bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetdə Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf Bəy Vəzirov, Əsgər ağa Gorani və həmin dövrün başqa tanınmış ziyalıları çalışıblar.
    “Əkinci”nin nəşri 1877-ci ilin sentyabrınadək davam edib və 56 sayı işıq üzü görüb. Buna baxmayaraq, mətbuatımızın ilk qaranquşu hesab edilən bu qəzet xalqın maarifləndirilməsində, Azərbaycan milli mətbuatının inkişafında misilsiz xidmətlər göstərib. Qeyd olunmalıdır ki, bu mətbu orqanın sadə, anlaşıqlı dili onu həm ziyalılara, həm də sadə insanlara sevdirmişdi. Qəzetin insanlara təsir dairəsinin genişlənməsi çar Rusiyasının xoşuna gəlməyib və onun nəşrini dayandırıblar.
    O vaxtdan bizim günümüzədək Azərbaycan mətbuatı daim cəmiyyətimizdə böyük nüfuza malik olub və bir növ baş verən prosesləri əks etdirən güzgüyə çevrilib.
    Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həyatımızın bütün sahələrində olduğu kimi, milli mətbuatımızın inkişafında da yeni mərhələnin başlanğıcı oldu.
    1998-ci ildə Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatı üzərindən dövlət senzurası ləğv edildi, beləliklə də söz və mətbuat azadlığının əsası qoyuldu.
    Ulu Öndərin siyasi davamçısı olan Prezident İlham Əliyev mətbuatın inkişafına daim diqqət və qayğı göstərir.
    Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Dövlətimizin başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Va-sitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yara-dılıb. Media ilə bağlı qanunvericilik təkmilləşdirilərək “Media haqqında” yeni qanun qəbul olunub.
    Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.
    Bu sahədə rayon qəzetlərinin, o cümlədən bizim “Yeni Tərtər” qəzetinin fəaliyyəti də diqqətəlayiqdir.
    Belə ki, Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən atılmış “Qrad” qurğularının mərmiləri re-daksiya binasını dağıtsa da, qəzetimiz bu şəraitdə də fəaliyyətini dayandırmamışdı. Döyüş əməliyyatlarının işıqlandırılması, hərbçilərimizin qəhrəmanlığı həmin illərdə qəzetimizdə öz əksini tapıb və bu gün üçün bir tarixə çevrilib.
    Eyni zamanda Aprel hadisələrində redaksiya kollektivi bir nəfər kimi işə çıxaraq, həmin unudulmaz günlərin həm sevincini, həm də şəhid itkilərinin ağrı-açılarını oxucularına çatdırıb. Aprel hadisələri zamanı Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın rayonumuza gəlişi həm rəsmi məlumatlarla, həm də rayon sakinlərinin öz dilindən aldığımız məktublarla qəzet səhifələrində öz əksini tapıb. Bütün bunlar isə bir tarix olaraq daim qalacaq və gələcək nəsillərə yaşanan unudulmaz günlər haqqında məlumat verəcək.
    Vətən müharibəsində Tərtər döyüş getdiyi ən qaynar nöqtələrdən biri olmaqla yanaşı, həmçinin şəhər özü, kəndlərimiz, dinc əhali mütəmadi olaraq düşmən artilleriyası tərəfindən atəşə tutulurdu.
    İllər keçəcək, müharibə haqqında dolğun məlumat əldə etmək istəyənlər “Yeni Tərtər”in qəzet qovluqlarına müraciət edəcəklər.
    Şəhidlərimizin, qazilərimizin, veteranların həyatının işıqlandırılması bu gün müraciət etdiyimiz əsas mövzulardır. Hər qəzet sayı ilə biz bu müharibənin əbədi yaşayacaq anlarını qələmə alıb gələcək nəsillərə çatdırmaq istəyirik.
    Sonda “Yeni Tərtər”ə dəstək olan rayon icra hakimiyyətinə, şəxsən rayon rəhbəri Müstəqim Məmmədova, qəzetimizə abunə yazılan hər bir oxucumuza öz təşəkkürümüzü bildiririk. Arzumuz isə budur ki, oxucular qəzetimizlə daha sıx əlaqə saxlasınlar, keçmiş illərdə olduğu kimi, onları maraqlandıran, narahat edən məsələlərlə bağlı redaksiyamıza müraciət etsinlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:37

İsmarıclar bağlıdır.