Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2018-ci il 26 dekabr tarixli, 11/3 nömrəli qərarı ilə təsdiq edilmiş “2019-cu ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na uyğun olaraq 2019-cu il iyunun 1-i vəziyyətinə rayon ərazisində dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələri, həmçinin ailə kəndli və ev təsərrüfatları da daxil olmaqla bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir.
Hesabat məlumatlarına əsasən 2019-cu ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 26853,1 hektar olmuş və keçən illə müqayisədə 744,6 hektar və yaxud 2,9 faiz artmışdır.
Rayon üzrə əkin sahəsinin 11171,4 hektarını və yaxud 41,6 faizini dənli və dənli paxlalı bitkilərin, 6579,1 hektarını və yaxud 24,5 faizini texniki bitkilərin, 1561,8 hektarını və yaxud 5,8 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 7540,78 hektarını və yaxud 28,1 faizini yem bitkilərinin əkin sahələri təşkil etmişdir.
Dənli və dənli paxlalılar. Dənli və dənli paxlalı bitkilərin 7093,9 hektarı (63,5%) buğda, 3814,5 hektarı (34,1%) arpa, 175,5 hektarı dən üçün qarğıdalı, 4 hektarı darı, 45 hektarı noxud, 26,5 hektarı lobya, 11 hektarı soya və 1 hektarı qarabaşaq əkinlərindən ibarətdir.
Carı ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 554,5 hektar və yaxud 4,7 faiz , o cümlədən buğda əkini 451,7 hektar və yaxud 6 faiz, arpa əkini 196,2 hektar və ya 4,9 faiz azalmış, dən üçün qarğıdalı əkini 68,5 hektar və ya 64 faiz, noxud əkini 13,3 hektar və ya 42 faiz, lobya əkini 18,6 hektar və ya 3,4 dəfə artmışdır. 2019-cu ilin məhsulu üçün rayon üzrə ən çox dənli və dənli paxlalı bitkilər Şıxarx (1260 hektar), Qaraağacı (718,5 hektar), Hüsənli (659 hektar), Bəyimsarov (540 hektar), Hacıqərvənd (442 hektar) inzibati ərazi dairələrində əkilmişdir.
Dənli və dənli paxlalı bitkilərin əkin sahələrinin əsas hissəsini payızlıq dənli bitkilər təşkil edir. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 11050,9 hektar sahədən 10902,4 hektar payızlıq dənli bitkilər, cari ilin yaz əkini dövrünün sonunadək salamat qalmışdı ki, bu da ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 97,6 faizinə bərabərdir. Payızlıq dənli bitkilərin 86 hektarı yem üçün istifadə edildikdən sonra yerinə yazlıq bitkilər əkilmiş, 62,5 hektarı isə yem üçün saxlanılmışdır. Daha ətraflı »
Yeni ismarıclar