Qabaqcıllıq nümunəsi
Pambıq kəndin simasını, kəndlinin güzəranını dəyişir
Pambıq hər zaman bu yerlərin ruzisi, bərəkəti sayılıb. Onu təsadüfən “ağ qızıl” adlandırmayıblar. Taleyini torpağa, halal zəhmətə bağlayan kəndli üçün pambıq yaxşı dolanışıq, xoş güzəran mənbəyi olub. Təəssüf ki, bu gəlirli sahə 1990-cı illərin əvvəllərindən başlayaraq unudulmuş, sovet dövrünün qalığı kimi ona arxa çevrilmişdi. Kənd təsərrüfatında bu strateji sahəni inkişaf etdirməyə dövlət səviyyəsində uzun illər boyu maraq göstərilməmiş, zaman-zaman formalaşmış pambıqçılıq mədəniyyəti tənəzzülə uğramışdı.
Sanki ögey münasibət torpağı da küsdürmüşdü. Qayğı göstərilməyən, əkilib-becərilməyən, boş qalan geniş torpaq sahələri göz dağına çevrilmişdi. Elə bil kəndlərə sükut çökmüşdü. Əli torpaqdan soyuyan kəndli nə edəcəyini, nə iş görəcəyini kəsdirə bilmirdi. Gününü keçirmək, başını qatmaq üçün çayxanaya üz tutan kəndlilər səhərdən axşama kimi nərd, domino oynayırdılar. Axşam evə cibi boş, üzü qara qayıdan ailə başçısının nüfuzu oğul-uşaq yanında buz kimi əriyirdi.
Belə ağrılı bir zamanda Prezident İlham Əliyev kənd təsərrüfatında ənənəvi sahələri, xüsusilə pambıqçılığı dirçəltmək, inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə çağırış etdi. Bu, ölkənin aqrar sektorunda inqilaba bərabər dönüş oldu. Sanki kəndlərin üstünə gün doğdu, kənd camaatının qırışığı açıldı.
Dövlət başçısının “ağ qızıl”ın şöhrətini qaytarmaq barədəki çağırışı ölkənin hər yerində olduğu kimi, Tərtər rayonunda da böyük rezonans yaratdı. Verilən tapşırıq və tövsiyələri yüksək səviyyədə yerinə yetirmək üçün rayonda mövcud ehtiyat mənbələri, imkanlar bacarıqla səfərbər edilib tələb olunan istiqamətə yönəldildi. Rayon icra hakimiyyətində fəaliyyət göstərən qərargah böyük təşkilatçılıq funksiyasını uğurla həyata keçirirdi. Yavaş-yavaş işlər sahmana düşür, əmək münasibətləri müasir zaman müstəvisində yeni forma və məzmun kəsb edir, pambıqçılıqda qazanılacaq yüksək nailiyyətlərə etibarlı bünövrə qoyulurdu. Təbii ki, həyata keçirilən məqsədyönlü təşkilat-təsərrüfat tədbirləri, çəkilən zəhmət, axıdılan alın təri öz fərəhli bəhrələrini verir, Tərtər kəndlisi yeni hədəflərə çatmaq üçün inamlı addımlar atırdı.
Son illərin nəticələrinə nəzər salsaq, Tərtər rayonunda pambıqçılığın inkişaf dinamikası göz önündə canlanar. 2015-ci ildə rayonun təsərrüfatlarında 550 hektar sahədə pambıq əkilmiş, 893 ton məhsul istehsal edilmiş, hər hektarın orta məhsuldarlığı 16 sentner olmuşdur. 2018-ci ildə pambıq əkini sahələri artırılaraq 3300 hektara, məhsul istehsalı 8196,5 tona, məhsuldarlıq isə 25 sentnerə çatmışdır. Müqayisə edilən dövr ərzində rayonda pambıq əkini sahələri 6,2 dəfə genişlənmiş, məhsul istehsalı 9,2 dəfə artmış, məhsuldarlıq 1,5 dəfə yüksəlmişdir. Əlbəttə, məmnunluq yaradan bu rəqəmlərin ərsəyə gəlməsi dövlət səviyyəsində göstərilən davamlı qayğı və diqqətin, rayon rəhbərliyi tərəfindən uğurla reallaşdırılan səmərəli təşkilat-təsərrüfat tədbirlərinin və torpağa qırılmaz tellərlə bağlanan Tərtər kəndlisinin halal zəhməti sayəsində mümkün olmuşdur.
Cəbhə bölgəsi olan Tərtərin özünəməxsus problemləri var. Sərsəng su anbarının Ermənistan silahlı qüvvələri tərəfindən uzun zamandan bəri işğal altında saxlanılması rayonun təsərrüfatlarının suvarma suyuna olan tələbatının ödənilməsində kifayət qədər ciddi problemlər yaradır. Ermənilər əkinlərin suya ciddi ehtiyac duyulduğu yay aylarında Tərtər çayının yatağına su buraxmamaqla əslində iqtisadi təxribat törədirlər. Amma Tərtər kəndlisini dövlət darda qoymur. Prezident İlham Əliyevin sərəncamları ilə son 5 ildə rayon ərazisində 62 subartezian quyusu qazılmışdır. Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev söhbət zamanı dedi ki, Meliorasiya və Su Təsərrüfatı ASC hər zaman bizim rayona isti münasibət göstərir: “Mövcud subartezian quyularının daim işlək vəziyyətdə saxlanılması üçün tələb olunan mal-materiallarla, ehtiyat hissələri ilə təminat yüksək səviyyədədir. Hər bir müraciətimizə operativ cavab verilir, ehtiyaclarımız təxirə salınmadan ödənilir”. Tərtərdə artıq qabaqcıl təcrübə məktəbi formalaşmışdır. Bəyimsarov kəndində Fazil Vəliyev və Habil İbrahimovun, Köçərli kəndində Cahangir Məmmədovun, Sarov kəndində Tofiq Paşayevin rəhbərlik etdikləri fermer təsərrüfatlarında keçən il orta məhsuldarlıq 50-57 sentner arasında olmuşdur. İndi zümrüd libaslı pambıq tarlalarında yenə də işlərin qızğın çağıdır. Bu il 3427 hektar sahədə pambıq əkilmişdir. Rayonun fermerləri qazandıqları mövqeyi qoruyub saxlamaq üçün inamla çalışırlar. Tarlaların becərilməsi, suvarılması, xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aqrotexniki qaydalar əsasında həyata keçirilir. Tərtər pambıqçılarının əməyini yüksək qiymətləndirən Prezident bölgəyə səfəri zamanı demişdir: “Əgər 2015-ci ildə təqribən 30 min ton pambıq yığılmışdısa, artıq bu gün, –hələ ki yığım davam edir, ilin sonuna qədər davam edəcəkdir, –190 min tondan çox pambıq tədarük olunub. Planlarımız isə ondan ibarətdir ki, biz istehsalı artıraq, xüsusilə məhsuldarlıq hesabına. Ona görə hesab edirəm ki, Tərtər zəhmətkeşlərinin təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır. Çünki heç də hər bir rayonda məhsuldarlıq sizdə olduğu kimi deyil. Ona görə burada görülən aqrotexniki tədbirlər, suvarma və texnikadan istifadə ilə bağlı təcrübə gərək təhlil edilsin və məhsuldarlığı az olan rayonlara tövsiyə kimi göndərilsin. Mən bu tapşırığı verirəm. Düzdür, indi plan yoxdur, ancaq hədəf var. Çox şadam ki, Tərtər o hədəfə artıqlaması ilə çatdı”. Tərtər Rayon İcra Hakimiyyətinin başçsısı Müstəqim Məmmədov: “Dövlət başçısının ənənəvi kənd təsərrüfatı sahəsi olan pambıqçılığı inkişaf etdirmək barədə tapşırıq və tövsiyələrinin icra edilməsi bölgələrdə sosial-iqtisadi yüksəlişə əhəmiyyətli təsir göstərir. Strateji məhsul olan pambığın bolluğu ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, taleyini torpağa bağlayan kənd əhalisinin faydalı məşğulluğunu, firavan həyatını, xoş güzəranını təmin edir. Diqqət yetirin, əgər 2015-ci ildə rayon üzrə pambıqçılıqda çalışanların sayı 2200 nəfər idisə, cari ildə bu göstərici 13708 nəfərdir. Bu, konkret iş yeri kimi bir o qədər adamın qazanc mənbəyidir. Əvvəllər adamları pambıqçılığa cəlb etmək üçün əziyyət çəkir, müxtəlif tədbirlər görürdüksə, indi bu sahədən götürülən gəlir, maddi maraq prinsipi həlledici amilə çevrilib. Tərtərlilər Qarabağ savaşında olduğu kimi, əmək meydanında da qəhrəmandırlar. Yəni hədəflərə çatmaq, pambıqçılıqda daha yüksək zirvələr fəth etmək üçün rayonun əmək qabiliyyətli hər bir sakini öz qüvvə və bacarığını əsirgəmir. Halallıq sevən torpaq isə heç zaman borclu qalmır”.
Lazım QULİYEV,
“Azərbaycan” qəzeti