Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2018-ci il 26 dekabr tarixli, 11/3 nömrəli qərarı ilə təsdiq edilmiş “2019-cu ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na uyğun olaraq 2019-cu il iyunun 1-i vəziyyətinə rayon ərazisində dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələri, həmçinin ailə kəndli və ev təsərrüfatları da daxil olmaqla bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir.
Hesabat məlumatlarına əsasən 2019-cu ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 26853,1 hektar olmuş və keçən illə müqayisədə 744,6 hektar və yaxud 2,9 faiz artmışdır.
Rayon üzrə əkin sahəsinin 11171,4 hektarını və yaxud 41,6 faizini dənli və dənli paxlalı bitkilərin, 6579,1 hektarını və yaxud 24,5 faizini texniki bitkilərin, 1561,8 hektarını və yaxud 5,8 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 7540,78 hektarını və yaxud 28,1 faizini yem bitkilərinin əkin sahələri təşkil etmişdir.
Dənli və dənli paxlalılar. Dənli və dənli paxlalı bitkilərin 7093,9 hektarı (63,5%) buğda, 3814,5 hektarı (34,1%) arpa, 175,5 hektarı dən üçün qarğıdalı, 4 hektarı darı, 45 hektarı noxud, 26,5 hektarı lobya, 11 hektarı soya və 1 hektarı qarabaşaq əkinlərindən ibarətdir.
Carı ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 554,5 hektar və yaxud 4,7 faiz , o cümlədən buğda əkini 451,7 hektar və yaxud 6 faiz, arpa əkini 196,2 hektar və ya 4,9 faiz azalmış, dən üçün qarğıdalı əkini 68,5 hektar və ya 64 faiz, noxud əkini 13,3 hektar və ya 42 faiz, lobya əkini 18,6 hektar və ya 3,4 dəfə artmışdır. 2019-cu ilin məhsulu üçün rayon üzrə ən çox dənli və dənli paxlalı bitkilər Şıxarx (1260 hektar), Qaraağacı (718,5 hektar), Hüsənli (659 hektar), Bəyimsarov (540 hektar), Hacıqərvənd (442 hektar) inzibati ərazi dairələrində əkilmişdir.
Dənli və dənli paxlalı bitkilərin əkin sahələrinin əsas hissəsini payızlıq dənli bitkilər təşkil edir. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 11050,9 hektar sahədən 10902,4 hektar payızlıq dənli bitkilər, cari ilin yaz əkini dövrünün sonunadək salamat qalmışdı ki, bu da ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 97,6 faizinə bərabərdir. Payızlıq dənli bitkilərin 86 hektarı yem üçün istifadə edildikdən sonra yerinə yazlıq bitkilər əkilmiş, 62,5 hektarı isə yem üçün saxlanılmışdır.
Texniki bitkilər. Kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsinin 6579,12 hektarını və ya 24,5 faizini texniki bitkilər təşkil edir. Texniki bitkilərin 3427,02 hektarını və ya 52,1 faizini pambıq, 670,5 hektarını və ya 10,2 faizini şəkər çuğunduru, 2481,6 hektarını və ya 37,7 faizini dən üçün günəbaxan bitkilərinin əkin sahəsi təşkil etmişdir.
Cari ildə texniki bitkilərin əkin sahəsi əvvəlki ilə nisbətən 975,22 hektar və ya 17,4 faiz artmış, o cümlədən pambığın əkin sahəsi 127,02 hektar və ya 3,8 faiz, dən üçün günəbaxanın əkin sahəsi 1036,7 hektar və ya 71,7 faiz artmış, şəkər çuğundurunun əkin sahəsi 188,5 hektar və ya 21,9 faiz azalmışdır.
Kartof, tərəvəz və bostan bitkiləri. Ümumi əkin sahəsinin 1561,8 hektarı və yaxud 5,8 faizi kartof, tərəvəz və bostan bitkiləri əkinlərinin payına düşmüşdür. Bunun 400,5 hektarı (25,6%) kartof, 1161,3 hektarı (74,4%) tərəvəz bitkilərinin əkinin əkin sahələridir. Cari ildə kartof, tərəvəz və bostan bitkilərinin əkin sahəsi əvvəlki ilə nisbətən 47,2 hektar və ya 3,1 faiz, o cümlədən tərəvəz bitkilərinin əkini 135,1 hektar və ya 13,2 faiz artmışdır. 2019-cu ilin məhsulu üçün rayon üzrə ən çox Azadqaraqoyunlu (143 hektar), Hüsənli (141 hektar), Köçərli (101,5 hektar) inzibati ərazi dairələrində kartof, tərəvəz və bostan bitkiləri əkilmişdir.
Yem bitkiləri. Ümumi əkin sahəsinin 7540,78 hektarı və ya 28,1 faizi yem bitkilərinin payına düşmüşdür. Yem bitkilərinin 35 hektarını (0,5%) yem üçün qarğıdalı, 93,1 hektarını (1,2%) birillik otlar, 972 hektarını (12,9%) cari ilin çoxillik otları, 6440,68 hektarını (85,4%) keçən illərin çoxillik otlarının əkin sahəsi təşkil etmişdir.
Cari ildə yemlik bitkilərin əkin sahəsi əvvəlki ilə nisbətən 276,68 hektar və yaxud 3,8 faiz artmışdır. Cari ilin çoxillik otlarının əkin sahəsi 220 hektar və ya 29,3 faiz, keçmiş illərin çoxillik otlarının əkin sahəsi 74,68 hektar və ya 1,2 faiz artmış, birillik otların əkin sahəsi 13 hektar və ya 12,3 faiz, yem üçün qarğıdalının əkin sahəsi 5 hektar və ya 12,5 faiz azalmışdır.
2019-cu ildə rayonda kənd təsərrüfatı bitkiləri əkininin 1973,1 hektarı və ya 7,3 faizi kənd təsərrüfatı müəssisələrində, 24880 hektarı və ya 92,7 faizi ailə-kəndli və ev təsərrüfatlarında aparılmışdır. Ümumiyyətlə, rayonda 2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin 98,4 faizi özəl sektorun payına düşür.
TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ