Bütün gövhərlərin rəngi parlaqdır,
Hamısından xoş gələn yenə torpaqdır.
Torpağa mərhəmət xeyirdir, inan,
Lütf etsən gül verər, zülm etsən tikan.
Nizami GƏNCƏVİ
Dahi mütəfəkkir torpağı Tanrıdan bəxş olan və bəşəriyyətin varlığı üçün misli-bərabəri olmayan ən müqəddəs bir nemət kimi dəyərləndirmişdir. O, insanların torpağın qədir-qiymətini bilməsini, ona ana kimi yüksək qayğı göstərməsini, lütf ilə əkib-becərməsini firavan yaşayışın əsası hesab edirdi.
Ataların gözəl məsəli var: “Torpaq deyir, öldür məni, dirildim səni”. Yəni, torpağı elə əkib becərəsən ki, ondan yüksək məhsul götürə biləsən. Bunun üçün deyirlər: “Sən inamla cəhd elə, ruzi verən Allahdır”.
Respublikamızdakı torpaq sahələrinin çox hissəsi quraqlıq rayonlardadır. Bu rayonlarda torpağın suvarılması kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırır. Bəzi torpaqlarda həddindən artıq rütubət olduğundan bataqlığa çevrilir. Bu zonalarda yüksək məhsul almaq üçün torpağı qurutmaq lazımdır. Torpağı qorumaq və onu əkib-becərmək hamının borcudur. Torpaq əvəzedilməzdir, məhduddur, yəni onu böyütmək, çoxaltmaq, artırmaq mümkün deyil. Torpağın yerini dəyişmək olmur. Torpağın münbitliyinin qayğısına daim qalınmalıdır.
Torpağın bir də Vətən, yurd, ocaq, dövlət üzü var, üzərində dalğalanan müqəddəs bayrağının kölgəsində köks dolusu qürura çevrilməyi var. Gün gəldi, Azərbaycan adlı bu bir parça müqəddəs torpaq azadlıq işığına çıxdı, üzərində üç rəngli, aylı-ulduzlu bayrağımız dalğalandı, özü öz taleyinin, halal sərvətlərinin sahibinə çevrildi. Bu torpaq bizim istiqlal qürurumuzla bahəm, yağı düşmənin işğalına məruz qalan, elləri yağmalanan, ocaqları söndürülən, yaşıl otlarına, əlvan çiçəklərinə şəhidlərimizin qanı çilənən, dörd bir yandan üzərinə kəmfürsətlər gələn yaralı, nisgilli, acılı məkan oldu. Həyatımızın ən dəyərli cəvahirini tarixin qasırğalarında itirilmək qorxusu ilə üz-üzə qaldıq. İnsanları vahid amal ətrafında birləşdirən Heydər Əliyev şəxsiyyəti bu torpaqlara xeyir-bərəkət gətirdi. Torpağı özünün əsl sahibinə–kəndliyə ərməğan etdi, sinəsi toxuma, suya həsrət torpaq insan əlinin hərarəti ilə yaşıllandı, bar-bəhrəsini əsirgəmədi, hər qarışının qayğısını çəkən insanların ruzi mənbəyinə çevrildi, təknəsini, süfrəsini halal nemət ilə doldurdu.
İnsanlar ta qədimdən torpağa ruzi-bərəkət mənbəyi kimi baxıblar. Ona baş əyib, alın təri axıdıblar. Bunun da müqabilində onların gün-güzəranını yaxşılaşdırıb, məhsul bolluğu yaradıb. Bu gün isə bol məhsul götürmək üçün imkanlar daha da genişlənib. Bu da onunla bağlıdır ki, dövlətimiz aqrar bölmənin inkişafına hərtərəfli qayğı göstərir. Yeni-yeni texnikalar alınır, kreditlər ayrılır, məhsuldar toxum sortlarından lazımınca istifadə olunur.
Ölkəmizdə aqrar islahatların həyata keçirilməsi əkin-biçinlə məşğul olan insanlarda bu sahəyə marağı artırıb. Torpaq bütün sərvətlərin ən qiymətlisidir. Bu sərvətdən səmərəli istifadə edən, ona baş əyən, zəhmət çəkən insanların da təknəsi dolu, süfrəsi zəngin olur. “2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı” bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən dövlət sənədi oldu. Proqram digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına, ərzaq məhsulları istehsalının artırılmasına, əhalinin ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsullarla təmin olunmasına, sahibkarlıq mühitinin formalaşdırılmasına, kənd adamlarının həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açdı.
Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıq və tövsiyələri rayonumuzda da uğurla həyata keçirilir. Rayon ərazisində bu il 26853,1 hektar sahədə əkin aparılıb. Buğda və şəkər çuğunduru istehsalına görə respublikada ön sıralarda gedən əkinçilərimiz bu il də yüksək məhsul əldə ediblər. Belə ki, 2018-ci ildə 7545,6 hektar buğda sahəsindən 30 min 984,4 ton, 859 hektar şəkər çuğunduru sahəsindən 29 min 928 ton məhsul əldə edilib. Buğdanın orta məhsuldarlığı 41,1 sentner, şəkər çuğundurunun orta məhsuldarlığı 381,3 sentner olub. Bu il isə 7093,9 hektar sahədə buğda, 670,5 hektar sahədə şəkər çuğunduru əkilib. Aqrotexniki qaydalara düzgün əməl edildiyindən sahələrdən bol məhsul əldə olunub. Rayon pambıqçıları 2018-ci ildə yüksək nəticəyə nail olublar. 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 24,8 sentner olub. Cari ilin məhsulu üçün rayonda 3427,2 hektar sahədə pambıq səpini aparılıb.
Azərbaycan öz milli hədəflərinə doğru getdikcə, torpaq da bərəkətlənir, insanların əllərini sevindirir. Bu torpaq onun bağrındakı hər ağacın, hər daşın, hər sünbülünün qeyrətini çəkənlərin, əldə silah bu torpaqları qanı-canı ilə qoruyan düşmən çəpəri oğulların, barına-bəhrəsinə əllərinin bərəkətini qatan halal zəhmət adamlarınındır.
Yazıları hazırladı Elfuzə VƏLİYEVA