Elmimizlə, təhsilimizlə ölkəmizi daha uca zirvələrə qaldıracağıq
Direktoru olduğum Talış məktəbinin pəncərəsindən hər baxanda gözlərim zəfər günəşinin şəfəqləndirdiyi o əzəmətli dağlara dikilir. O dağlar ki, hər daşında, hər qayasında mənim doğma övladımın, mənim qəhrəman oğlumun və onun kimi minlərlə cəsur vətən övla-dının müqəddəs qanı var. Oğlum elə o kəndin, o torpağın, o məktəbin azadlığı uğrunda gedən amansız döyüşlərdə canını fəda etdi, şəhadətə ucaldı. Mən bu gün buraya bir Şəhid Anası kimi üzüağ, alnıaçıq gəlmişəm.
Xalqımızın ictimai-siyasi həyatında, dövlətçilik tariximizdə dönüş nöqtəsi olan proseslərə, əldə etdiyimiz Böyük Zəfərə nəzər salanda insan aydın şəkildə dərk edir ki, bu gün yaşadığımız qürur təsadüfi deyil. Çünki biz tarixin ağır, çətin və sınaqlı yollarından keçərək bu günə çatmışıq. Ölkəmizin keçdiyi bu şərəfli yolda, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasında atılan hər bir addım böyük bir ideoloji və siyasi iradənin təcəssümüdür. Tarix bizə unutdurmamalıdır ki, 1990-cı illərin əvvəllərində ölkəmiz hansı fəlakətlərlə, torpaq itkiləri ilə, hərc-mərcliklə və iqtisadi tənəzzüllə üz-üzə qalmışdı. Separatizm meyillərinin baş alıb getdiyi, ölkənin parçalanma təhlükəsi ilə üzləşdiyi o ağır günlərdə məhz Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, sarsılmaz iradəsi və cəsarətli addımları Azərbaycanı bəlalardan xilas etdi, dövlətçiliyimizin möhkəm təməllərini qoydu. Biz illər boyu xalq olaraq haqsızlıqlara, ikili standartlara, beynəlxalq aləmdəki ədalətsizliklərə dözdük. Lakin bir an belə ümidimizi, inamımızı və mübarizə əzmimizi itirmədik. Dövlətimizin yürütdüyü uzaq-görən siyasi xətt, günbəgün güclənən hərbi qüdrətimiz, iqtisadi müstəqilliyimiz və milli birliyimiz bizi addım-addım o müqəddəs Zəfər gününə yaxınlaşdırdı. Bizim Zəfərimiz təkcə hərbi meydanda qazanılan bir qələbə deyil; bu zəfər eyni zamanda Azərbaycan xalqının bükülməz iradəsinin, dövlətimizin sarsılmaz hərbi və iqtisadi gücünün təntənəsidir. Çünki güclü iqtisadiyyatı, sarsılmaz ordu quruculuğu olmayan bir dövlətin belə tarixi zəfərlərə imza atması mümkün deyildir. Bu gün ölkəmizin valyuta ehtiyatlarının xarici borclarımızı dəfələrlə üstələməsi, həyata keçirilən nəhəng infrastruktur layihələri, azad olunmuş torpaqlarımızda – Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa və quruculuq işləri hər birimizə sonsuz qürur verir. “Böyük Qayıdış” proqramı çərçivəsində on minlərlə soydaşımızın, o cümlədən Talış kənd sakinlərimizin öz dədə-baba ocaqlarına qayıtması, üst üstə qoyulan hər bir daş, yenidən açılan hər bir məktəb şəhidlərimizin ruhuna ən böyük ehtiramdır.
Bir pedaqoq, bir məktəb direktoru kimi xüsusi vurğulamaq istəyirəm ki, günümüzün ən mühüm vəzifələrindən biri ideoloji təhlükəsizliyimizin təmin edilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Çağdaş dünyada müharibələr yalnız səngərlərdə getmir; bu gün informasiya məkanında, süni intellekt və kiberməkanda ölkəmizə, milli dəyərlərimizə qarşı yönələn təxribatlar az deyildir. Biz təhsil işçiləri, müəllimlər olaraq şagirdlərimizi, gənclərimizi savadlı, bilikli etməklə yanaşı, onları yad ideologiyalardan, yalan və böhtan dolu təsir şəbəkələrindən qorumalıyıq. Bizim borcumuzdur ki, uşaqlarımıza bu torpaqların hansı qəhrəmanlıqlar, hansı canlar və qanlar hesabına azad edildiyini aşılayaq.
Mənim üçün məktəb sadəcə təhsil ocağı deyil, bura vətənpərvərlik məbədidir. Məktəbin dəhlizlərində uşaqların şaqraq gülüşlərini eşidəndə, onların işıqlı gözlərinə baxanda hiss edirəm ki, oğlumun və onun cəsur silahdaşlarının tökülən qanı hədər getməyib. Onlar bu körpələrin gülüşü, işğaldan azad olunan ərazilərin yenidən dirçəlişi, açılan məktəblərin zəng səsinin heç vaxt susmaması üçün canlarından keçdilər. Mən bir Şəhid Anası kimi acımı qürurumun arxasında gizlədirəm, çünki bilirəm ki, mənim övladım Vətəni yaşatdı!
Biz gələcəyə böyük inamla, sarsılmaz ümidlə və qürurla baxırıq. Müstəqil, güclü, suveren Azərbaycanımızın gələcəyi işıqlı və parlaqdır. Mənim üçün Talış kəndinin məktəbindən başlayan bu işıq bütün Qarabağı, bütün Azərbaycanı bürüyür və bürüyəcək. Biz dövlətimizin ətrafında sıx birləşərək, yeni nəslə Zəfər tariximizi öyrədərək, elmimizlə, təhsilimizlə və quruculuq əməyimizlə ölkəmizi daha da uca zirvələrə qaldıracağıq.
Afidə Mirzəyeva,
Talış kənd tam orta məktəbin direktoru,
şəhid anası

