Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Heydər Əliyev
2023-cü il dekabrın 25-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətinin etibarlı və məsluliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhvəsini verdiyi qeyd olunur.
Bu gün bütün dünyanı narahat edən problemlərdən biri də iqlim dəyişmələridir. Ölkəmiz də bu problemlərdən yan keçməyib. Planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, daşqınlar, torpaq sürüşmələri, bir çox xəstəliklər Azərbaycana da öz təsirini göstərir.
Həyatımızı daha rahat, sağlam, yaxşı yaşamaq üçün təbii sərvətlərdən səmərəli istifadə etməli və təbiəti qorumalıyıq.Təbiətə qarşı zorakılıq törədənləri isə maarifləndirməliyik. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri getdikcə insanları daha çox narahat etməkdədir. Təbii ki, bu dəyişikliklər təkcə təbiətlə bağlı deyil, havaya buraxılan raketlər, maşınlardan çıxan zəhərli qazlar, məişət tullantıları, ərazilərin çirkləndirilməsi, yaşıl sahələrin qurudulması buna səbəb ola bilir. Bu problemlərin həlli üçün təbiəti qoruyan qurumlara və təşkilatlara kömək etməliyik. Dövlət qurumları mütəmadi olaraq təmiz enerjidən istifadəni, tullantıların təkrar emal edilməsini, çirklənmiş ərazilərin yenidən təmizlənməsini həyata keçirirlər. Unutmayaq ki, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası hər birimizin borcudur.
Meşə sahələrindən düzgün istifadə etməliyik. Təəssüflər olsun ki, son illərdə meşələrimiz insan əli ilə davamlı şəkildə zərər görür. Ətraf mühitin yaxşılaşdırılmasında, mühafizəsində meşələrin rolu danılmazdır. Bu məsələ ilə bağlı ölkəmizdə ardıcıl tədbirlər görülür. 2010-cu ilin “Ekalogiya ili” elan edilməsi problemlərin həllinə mühüm töhvələr verib.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmasıdır. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
İşğaldan azad edilmiş torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan edilmişdi. Azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işləri ilə bərabər ətraf mühitin qorunması da ön plandadır. Torpaqlarımızda “ağıllı şəhər”, “ağıllı kənd” layihələri aparılır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına çıxarılması enerji siyasətinin əsasını təşkil edir.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonunda da ardıcıl tədbirlər davam etdirilir. Belə ki, yol kənarlarında, kənd və qəsəbələrdə hamılıqla iməciliklər keçirilir, buradakı yaşıllıqlara qulluq göstərilir, ağac əkini mövsümündə yeni ağaclar əkilir. Ərazilərdə olan məişət tullantıları daşınır, səliqə-səhman yaradılır. Təbiəti qorumaqla biz öz sağlamlığımızı və gələcəyimizi qoruyuruq.
Daha ətraflı »
Yeni ismarıclar