“Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim.Yazıma məhz bu sözlərlə başlamaq istədim. “Bu torpaq, bu vətən bizimdir”– deyib canını, qanını torpaqlarımızın bütövlüyü naminə qurban verən igid və mərd oğullarımız ən uca məqama– şəhidliyə çatdılar. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar hər za-man xatirələrimizdə yaşayır və yaşayacaqlar! Hər birimiz daima onların ailələrinin, valideynlərinin yanında olmalıyıq və oluruq. Bu, bizim bir Azərbaycan vətəndaşı olaraq borcumuzdur.
27 sentyabr 2020-ci il adi günlərdən biri idi. Ancaq yenə mənfur düşmənlərimiz dinc dayanmadı. Bu dəfə isə hər şey tamamilə başqa cür oldu. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev əks hücum əməliyyatının başladığını xalqa bildirdi. Təbii ki, xalq olaraq biz hər birimiz Prezidentimizin, Ordumuzun arxasında dayandıq.
Yaşı çatan, çatmayan, əli silah tutan hər kəs müharibəyə getmək, düşməndən ağrı-acı ilə dollu işğal illərinin qisasını almaq istəyirdi. Belə gənc, mərd oğullarımızdan biri də Mehdiyev Yasən Alim oğlu idi. Vətən müharibəsi başlayan zaman Yasən həqiqi hərbi xidmətdə idi.
Xalqımız hər dövrdə ermənilərlə mübarizə aparıb. Onların bizim xalqımıza etdiyi zülmləri, işgəncələri, torpaq davasını Yasən həm məktəbdə müəllimlərindən, həm də evdə valideynlərindən eşidib. Özü isə hər şeyi dərk edəndən onun ürəyində düşmənə qarşı bir nifrət, qisas hissi oyanıb. Həmişə onlardan qisasımızı alacağımızı, torpaqlarımızı geri qaytaracağımızı danışarmış.
Mehdiyev Yasən Alim oğlu 2001-ci il iyulun 5-də Tərtər şəhərində anadan olub. Şəhər 6 saylı tam orta məktəbini bitirib. Məktəbi bitirən ili, 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.
Valideynləri deyirlər ki, Yasən bu anı çox səbirsizliklə gözləyirdi. Onun arzusu əsgərliyə gedib vətənə layiqincə xidmət etmək idi. Vətənə, torpağa çox bağlı uşaq idi. Məktəbdə hərbi müəllimi söyləyir ki, Yasən dərsi həvəslə dinləyir, silahlarla maraqlanır, nələrisə öyrənməyə çalışırdı. İdmanla məşğul olurdu.
Nə təsadüf ki, Yasən hərbi xidmətdə olarkən Vətən müharibəsi başladı. O da yoldaşları kimi torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşuldu. Döyüş yoldaşları Yasənin valideynləri ilə görüşdə qeyd edirlər ki, Yasən ən çətin tapşırıqların öhdəsindən məharətlə gəlir, heç bir şeydən qorxmur, cəsur döyüşçü kimi ermənilərin üzərinə gedirdi. Yoldaşları Yasəni igid, mərd, amalından dönməyən biri kimi xatırlayır və xatərəsini hər zaman əziz tutduqlarını qeyd edirlər.
Ancaq onun döyüş yolu çox da uzun çəkmir. Oktyabrın 24-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olur. Rayonumuz böyük iftixar, qürur hissi ilə şəhidini qarşılayır və o, Tərtərin Sarıcalı kəndində dəfn edilir. Döyüşlərin qızğın çağında hər bir tərtərli şəhdin ailəsinin yanında oldu, onların dərdinə şərik çıxdı. Həmin vaxt ordumuz bir sıra çox çətin tapşırığın öhdəsindən gəlmişdi, bir neçə ərazilərimiz düşməndən azad edilmişdi.
Şəhidimizin anasıyla görüşdə onun oğluyla bağlı xatirələri bizi çox kövrəltdi. Ana deyir:
– 27 sentyabr– Anım Günü yaxınlaşır. Biz həm kədərlənir, həm də sevinirk. Sevinirk ona görə ki, artıq torpaqlarımız bütövləşib, biz azad, bütöv Azərbaycanda yaşayırıq. Kövrəlirik ona görə ki, övladlarımız bu amal uğrunda canlarını fəda etdilər. Şükürlər olsun ki, onların qanı yerdə qalmadı. Antiterror əməliyyatı ilə torpaqlarımızda qalan erməni quldurları rədd edildi. Övladlarımızın şəhid olduğu, qan tökdüyü torpaqlar bu gün azaddır, rahat nəfəs alır, öz doğma camaatını qoynuna alır. Mən də bir şəhid anası olaraq çox sevinirəm ki, bu müqəddəs amal uğrunda mübarizədə mənim də övladımın payı var.
Yasən haqqında çox şeylər danışa bilərəm,– deyir ana… və gözlərini dikir oğlunun şəklinə.
Vəfa ana dövlətimizdən, rayon rəhbərliyindən, dövlət qurumlarından çox razılığını dilə gətirdi. Möhtərəm Prezidentimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Rayon rəhbəri də hər zaman bizimlə maraqlanır, problemlərimizi həll etməyə çalışır. Oğlum Muradın toy mərasimində hər biri iştirak etdi. Bizə göstərdiyi münasibətə görə onlara təşəkkür edirəm,– deyir ana.
Vəfa ana oğlunun Hərbi Andına sadiq bir əsgər kimi sonacan vuruşduğunu və bu yolda ən uca zirvəyə – şəhidlik məqamına çatdığını qürurla dedi. “O, Vətənin bir əsgəri olaraq alnıaçıq, üzüağ döyüşdüyü üçün bu gün mən də onunla fəxr edirəm və qürur duyuram,” – deyərək, sözlərini bitirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliye-vin Sərəncamı ilə Yasən Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xo-cavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.