Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Avq

    Olqa Sergeyevna Ukraynanın ən qaynar nöqtələrindən olan Xarkov şəhərindəndir. Xarici Dillər Universitetini bitirib. Gözəl mütəxəssisdir. Ukraynadakı vəziyyətlə bağlı onlayn işləyir. İngilis dilini tədris edir, müxtəlif tərcümələrlə məşğul olur.
    Olqanın oğlu Eldar ikinci ildir ki, Azərbaycanda yaşayır. Slavyan Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin tələbəsidir. Birinci kursu müvəffəqiyyətlə başa vurub.
    Olqa deyir:
    – Eldar 11-ci sinifdə oxuyarkən onu Azərbaycana, Tərtərdə yaşayan qohumlarımızın yanına gətirdim. Yolu çox çətinliklə, bir neçə Avropa ölkəsindən, sonra isə Türkiyədən keçərək gəldik. Mən qayıtmalıydım, çünki Vətənimdə müharibə gedir və ailəmizin qalan üzvləri də orada idilər. İlk dəfəydi ki, Eldarla ayrılırdım, ancaq narahat deyildim. Əminidim ki, ona burada kömək edəcəklər.
    Eldar 11-ci sinfi onlayn olaraq Azərbaycanda bitirdi və Slavyan Universitetinə qəbul oldu. İndi kiçik oğlumla onun yanına gəlmişik. Bir il ərzində o, xeyli dəyişib, böyüyüb. Ona Slavyan Universitetinin yataqxanasında yer veriblər.
    Ancaq tətil olan kimi Tərtərə gəlməyə can atır. Həm Bakını, həm də Tərtəri çox sevir. Təbii ki, Vətənində gedən prosesləri də diqqətlə izləyir və doğma şəhərinə qayıdacağı günü səbirsizliklə gözləyir.
    Olqa deyir:
    –Ailəmizdə həmişə Azərbaycan və azərbaycanlılar haqqında söhbətləri eşitmişəm. İndi isə öz gözlərimlə görürəm. İnsanlarınız çox xeyirxahdılar. Bu, həm dövlətinizin siyasətindən irəli gəlir, həm də görünür, xalqın milli xüsusiyyətidir.
    Ukrayna xalqı indi çətin günlərini yaşayır. Bir tərəfdən müharibə, digər tərəfdən bahalıq, kommunal ödənişlərin artması, məktəblərin, universitetlərin onlayn fəaliyyət göstərməsi insanlara çox pis təsir göstərir.
    –Azərbaycanda isə və-ziyyət çox yaxşıdır, – deyir Olqa.– İnsanlar xoş-bəxtdirlər. Müharibə başa çatıb. Məcburi köçkünlər doğma yerlərinə qayıdırlar. Bazarlarınız da gözəldir. Biz cənub meyvələrini sevirik. Xüsusilə ənciri.
    Bir müddətdən sonra ana kiçik oğlu ilə yenidən Xarkova qayıdacaq. Eldar isə Bakıda qalıb təhsilini davam etdirəcək. O, gələcək peşəsini çox sevir. Arzusu isə möhtəşəm bir hava limanında işləməkdir. Deyir ki, gün gələcək, onun ölkəsindən də hərbi yox, mülki təyyarələr havaya qalxacaq, insanları istədikləri məkana qovuşduracaq.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 10:07

İsmarıclar bağlıdır.