

Azərbaycan ilə İtaliyanı möhkəm dostluq ənənələrinə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq birləşdirir. İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Avropa İttifaqı ölkələri arasında onun əsas tərəfdaşıdır. Azərbaycan və İtaliya prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, eyni zamanda, mətbuata bəyanatlarında iki ölkə arasında əlaqələrin ayrı-ayrı sahələrdə inkişafı istiqamətində atılan addımlara, onların uğurlu nəticələrinə bir daha diqqət yönəldildi. Prezident İlham Əliyev bildirdi ki, bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd, Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə vermişik. Ümumiyyətlə, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və əsl strateji tərəfdaşlardır.

Azərbaycan və İtaliyanın ikitərəfli gündəliyi getdikcə genişlənir: “Ölkələrimiz arasında əlaqələrin inkişafında enerji amili xüsusi yer tutur. 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. Hazırda boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, əgər səmimi münasibətlər, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”.
“Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir.
Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bildirdi ki, biz, sözün əsl mənasında, strateji tərəfdaşıq.
Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır. Dövlətimizin başçısı bu əminliyi ifadə etdi ki, bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq”.