Tərtərin Qarabağ həsrətli şairəsi
Yazıçı-publisist, şair, folklorçu, “Aşıq Pəri” məclisinin və “Tərtərin səsi” ədəbi birliyinin üzvü olmuş, təcrübəli pedaqoq Nübar Mədətli. Bəli, mənim nənəmdir haqqında danışacağım Tərtər şairəsi. O şairə ki, ömrünün yarıdan çoxunu təhsilə, elmə, yazarlığa o, cümlədən Qarabağ mövzusunda yazılara həsr edib.
Nübar xanım 1933-cü ildə Qarabağda–Ağdam rayonunun Baş Qərvənd kəndində dünyaya göz açmışdı. Atası Əsəd kişi Qarabağdakı bəy nəslindən olduğuna görə, ona Əsəd bəy deyə müraciət edirmişlər (nənəmin danışdıqlarına istinadən). Nənəm həmişə “mən bəy qızıyam” deyə çox qürurla, iftixarla atasından danışardı. Əsəd baba köməyə ehtiyacı olanlara yardım edər, ona uzanan əli geri çevirməz, bir sözlə, adının yanındakı bəy isminin haqqını laiqincə verərmiş. Nübar xanım da bu üstün xarakterlərindən birini atasından almışdır.
Uşaqlıq çağları Böyük Vətən Müharibəsi illərilə üst-üstə düşdüyü üçün 5-ci sinfə qədər çətinliklə təhsil almışdı. 5-ci sinifdən etibarən təhsilini Ağdam şəhərindəki internat məktəbində davam etdirir və bitirdikdən sonra – 1949-cu ildə Müəllimlər İnstitutuna daxil olur. İnstitut təhsilini başa vurduqdan sonra təyinatla Tərtər rayonunun Hüsənli kəndinə göndərilmişdir. O, burada gələcək həyat yoldaşı Məcid müəllim Məmmədovla tanış olur, onunla ailə qurur və 1951-ci ildən rayonun Azadqaraqoyunlu kəndində yaşayır. Onlar birlikdə həmin kəndin məktəbində işləməyə başlayırlar. Daha ətraflı »
Yeni ismarıclar