Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvoludur
“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil.
O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.
Bu, bizim müstəqil dövlətimizin rəmzidir.
Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı,
xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”
Ümummilli Lider Heydər Əliyev
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.
Ümummilli Lider Heydər Əliyev deyib: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.
Dövlət Bayrağının fiziki təsviri:
Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə tənzimlənir.
- Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir.
- Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
- Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir.
- Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır.
- Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir.
- Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Sözügedən Qanunla Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.
Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də keçirilmişdir. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmış və 2010-cu il noyabrın 9-da onun açılışı olmuşdur. Muzey fəaliyyəti dövründə Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilib və gələn qonaqlara ətraflı məlumatlar verilib. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib.
Meydan 2024-cü ilin noyabrın 8-də yenidən açılmış və Prezident İlham Əliyev Azərbaycan bayrağını qaldırmışdır. 2024-cü ilin noyabr ayından dünyanın ən böyük bayrağı bu Meydanda dalğalanır. Təmir-bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir. Muzey altı sərgi salonundan ibarətdir. Bundan əlavə, Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilən videolar nümayiş olunur.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Ümummilli Lider Heydər Əliyev bayrağımız haqqında deyib: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”;
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”;
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.
Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı.

