Azərbaycan Respublikası Konstitusiyasının müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.
“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”
Ulu Öndər Heydər Əliyev
“1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub (1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının müddəalarına zidd olmayan hissələrdə).
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.
Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır.
1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.
İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Konstitusiyası Gününün ölkəmizdə təntənəli surətdə qeyd edilməsi tapşırılmışdır.
Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.
Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir.
Dövlətimizin Əsas Qanunu qəbul edildikdən sonra 1998-ci ildə konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Belə ki, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, 1998-ci il iyulun 14-də Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə və həmin ilin iyulun 18-də Ulu Öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmi olaraq fəaliyyətə başladı.
Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdu. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Konstitusiyanın qırx səkkiz maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.
Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmiş və 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli Qanunu ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmişdir. Yubiley medalla Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.

