Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18May

    Azərbaycan ikinçi dəfə müstəqillik qazandıqdan sonra ilk illərdə ölkədə hökm sürən özbaşınalıq, anarxiya mühiti, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi sosial sahənin tamamilə unudulmasına gətirib çıxarmışdır. Belə ki, maaşlar, pensiyalar çox aşağı səviyyədəydi, infrastruktur bərbad hala salınmışdı, təhsil, mədəniyyət sahələrində durğunluq vardı. Əlbəttə ki, sosial sahə ilə iqtisadiyyatın inkişafı bir-biri ilə əlaqəli məsələlərdir. O ölkələrdə ki, iqtisadiyyat zəifdir, sosial məsələlərin həllindən də danışmaq olmaz.
    Azərbaycanın inkişafında misilsiz xidmətləri olan, ölkəmizi dünyada tanıtdıran Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, iqtisadi və sosial inkişafın yollarını müəyyən etmiş, bu sahələrdə tarixi sərəncamlar imzalamışdır. Öz torpaqlarının sahiblərinə çevrilən kəndlilər beləliklə MDB məkanında ilk dəfə olaraq, kənddə yeni bazar münasibətinə qədəm qoydular. Bu islahatların vacibliyini qeyd edən Ümummilli Lider deyirdi: “Gərək kəndli torpağın sahibi olsun və bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə edə bilər… İslahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir.”
    2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin vəzifələrini icra etməyə başlayan cənab İlham Əliyev Heydər Əliyevin yaratdığı təməl üzərində ölkənin sosial-iqtisadi inkişafını davam etdirmiş və 15 il ərzində ölkəmizi çiçəklənən, müasir dünya düzənində ön cərgələrdə olan bir ölkəyə çevirmişdir. Prezident demişdir: “İnsanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyuk vəzifədir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var. Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm”.
    Ötən 15 il ərzində insanların həyat şəraitinin yaxşılaşdırılmasını, sosial rifahının artmasını bizim Tərtər rayonunun timsalında da aydın görmək olar. Belə ki, rayonun infrastrukturu tamamilə yenilənmiş, əhalini narahat edən bir sıra məsələlər həll olunmuşdur.
    2016-cı ildə Tərtər şəhərinin içməli su və kanalizasiya sistemi möhtərəm Prezidentimizin xeyir-duasi ilə istifadəyə ve rilmişdir. Layihənin davamı olaraq 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 18 min 440 nəfərin yaşadığı rayonun 11 kəndinə də içməli su xətləri cəkilmiş, bulaqlar quraşdırılmış və əhali işməli su ilə təmin edilmişdir.
    Ölkə başçısının 9 aprel 2018-ci il tarixli “Əhalinin içməli su təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən 2018-ci ildə Tərtər rayonunun daha 4 kəndində (Evoğlu, Mamırlı, Poladlı, Təzəkənd) əhalinin içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur.
    Əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür. Hazırda rayonun yaşayış məntəqələrinin 97,5 faizi qazlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 mart 2018-ci il tarixli yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı Sərəncamına əsasən rayonumuzun 8 yaşayış məntəqəsinin qazlaşdırılmasına başlanılmışdır.
    Son 15 il ərzində ölkədə pensiyaların və sosial müavinətlərin məbləği bir neçə dəfə artmışdır. Cari ilin birinci rübündə Əhalinin Sosial Müdafiə Mərkəzində 9995 pensiyaçıya xidmət göstərilmişdir. Rayon üzrə 3956 nəfər sosial müavinət, 805 nəfər Prezident təqaüdü almış, 50 nəfər tənha, kimsəsiz qocaya xidmət göstərilmişdir.
    Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqcuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalamışdır. Dövlət başçısının imzaladığı yeni fərman bu kateqoriyadan olan 8800 nəfərin hər birinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsini təmin edəcək. Həmin fərmana əsasən rayonumuzda həmin kateqoriyadan olan şəhid ailələri də qanuna uyğun olaraq sığorta ödənişlərini alacaqlar.
    Sosial sahədə görülən işlər bununla bitmir. Rayonumuzun iqtisadiyyatı möhkəmləndikcə, işsizlik səviyyəsi aşağı düşür, nəticədə isə insanların təminatı yaxşılaşır. Təkcə cari ilin birinci rübündə rayon məşğulluq mərkəzinə müraciət edən işaxtaran vətəndaşların 189 nəfəri peşə və ixtisasına uyğun daimi işlə təmin olunmuşdur.
    Ölkə başçısı pambıqçılığın inkişafı ilə bağlı öz çıxışlarında daim qeyd edir ki, bu sahənin inkişafı ilk növbədə sosial məsələdir. Bu, Tərtərin timsalında da aydın görünür. Son üç ildə pambıqçılığın sürətli inkişafı nəticəsində mövsümi işlər zamanı yüzlərlə kənd sakini iş yerləri ilə təmin olunur, evlərinə halal qazanc aparır. Ötən əsrin 70-80-ci illərində olduğu kimi, indi də insanlar pambıqçılıqdan əldə etdikləri gəlir hesabına şəxsi evlər tikdirir, maşın alır, digər problemlərini həll edirlər. Halal zəhmət kənd sakinlərinə bol ruzi-bərəkət bəxş edir.
    Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Tərtərdə də iqtisadi inkişaf sürətləndikcə, sosial məsələlərin həlli də yaxşılaşır.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:47

    Teqlər:

İsmarıclar bağlıdır.