TƏRTƏR QƏHRƏMANLAR DİYARIDIR
Bu yerlərin havası təmiz, suyu saf, torpağı münbit, insanları qoçaq və zirəkdir. Tərtərlilər Qarabağ savaşında sözün həqiqi mənasında qəhrəmanlıq nümunəsi göstərmiş, doğma yurdun hər qarışını Ermənistan silahlı qüvvələrinin təcavüzündən qurbanlar bahasına fədakarlıqla qorumuşlar. Vətən uğrunda döyüşlərdə şəhid olan çoxsaylı tərtərli igidlər öz adlarını yurdun şanlı tarixinə qanları ilə yazmışlar.
Milli qəhrəmanlar Elman Hüseynovun və Vəzir Orucovun adları bu gün Tərtərdə hörmət və ehtiramla çəkilir. Qürurverici faktdır ki, tərtərlilər Qarabağ müharibəsində bir qarış torpaq da itirməmişlər. Əksinə, dədə-baba torpaqlarımızda məskunlaşmış ermənilərin yaşadığı ərazilər tamamilə təmizlənmiş, nankor və xain qonşular bölgədən çıxarılmışdır. Hələ savaş bitməyib, müharibə başa çatmayıb. Ermənistan silahlı qüvvələri isə təxribatlarını davam etdirir, atəşkəs rejimini vaxtaşırı pozur.
Güllə səslərinin tez-tez eşidildiyi bu cəbhə bölgəsində isə həyat öz axarındadır. Qəhrəman tərtərlilər gecəni gündüzə qatıb çalışır, doğma yurdun hər qarışını cənnətə döndərmək üçün əllərinin hərarətini, ürəklərinin odunu əsirgəmirlər. Onlara ilham verən, qollarının gücünü, dizlərinin taqətini artıran isə dövlətin davamlı və yetərli qayğısı, respublika Prezidenti İlham Əliyevin cəbhə bölgələrinə xüsusi diqqətidir.
Döyüş meydanlarında qəhrəmanlıq göstərən tərtərlilər bu gün əmək cəbhəsində xarüqələr yaradırlar. Son illər Tərtər sürətlə inkişaf edib gözəlləşir. Dövlətin qayğısı ilə burada möhtəşəm sosial layihələr uğurla reallaşır. Abad küçə və meydanlar, park və xiyabanlar göz oxşayır. Yol infrastrukturu sürətlə genişlənir. Hazırda rayon mərkəzinin və ətraf kəndlərin su təminatı yaxşılaşdırılmış, yeni kanalizasiya sistemi qurulmuşdur. Fasiləsiz elektrik enerjisinin verilməsi tə-min edilmişdir. Yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. Yeni intibah dövrünü yaşayan Tərtərdə bu gün hər şey ürəkaçandır. Keçən il noyabrın 28-də Tərtərə səfər edən Prezident İlham Əliyev rayonda həyata keçirilən abadlıq-quruculuq işlərini yüksək qiymətləndirmiş, bir çox sosial obyektlərin açılışında iştirak etmişdir. Qaçqın və məcburi köçkünlərin həyat şəraitini, güzəranını yaxşılaşdırmağı daim öz fəaliyyətinin prioritet istiqaməti kimi dəyərləndirən dövlət başçısı Tərtərdə bu insanlar üçün inşa edilmiş 1170 ailəlik yeni şəhərciyin açılı-şında demişdir: “Mən Tərtər rayonuna müntəzəm olaraq gəlirəm. Keçən il iki dəfə gəlmişdim. Keçən il içməli su layihəsinin açılışını birlikdə etmişik. Şadam ki, bu layihə indi Tərtər sakinlərinə gözəl xidmət edir. İndi şəhər əhalisi içməli su ilə tam təmin olunub, bir neçə kənddə də içməli su xətti çəkilibdir. Bu, çox gözəl layihədir, gözəl hadisədir. Eyni zamanda, digər infrastruktur layihələri də uğurla icra edilir. Qazlaşdırma artıq 94 faizə çatıbdır və əminəm ki, yaxın gələcəkdə Tərtərin bütün yaşayış məntəqələri qazla tam təmin ediləcək. Elektrik enerjisi ilə problem yoxdur. Kənd yolları salınır. Bir yolun açılışını bu gün qeyd etdik. Artıq bir neçə kənd yolu layihəsi icra edilib. Gələn il də bir ne-çə kəndi birləşdirən yolların salınması nəzərdə tutulub. Bir sözlə, əminəm ki, gələn ilin sonuna qədər Tərtər rayonunun kəndlərinin mütləq əksəriyyəti gözəl yollarla təmin ediləcəkdir. Sənaye istehsalı, sosial məsələlər öz həllini tapır. Gözəl xəstəxana, Gənclər mərkəzi, Şahmat məktəbi tikilmişdir. Bu gün tarix-diyarşünaslıq muzeyi açıldı”.
Dövlət başçısının qeyd etdiyi kimi, Tərtərdə kənd təsərrüfatı da uğurla inkişaf edir. Pambıqçılıq bərpa edilir. Tərtər rayonu məhsuldarlığa görə birinci yerdədir. Pambıqçılığın ənənələri bərpa edilir. Gələcəkdə daha da böyük ərazilərdə kənd təsərrüfatı məhsulları yetişdiriləcəkdir. Bu həm məşğulluq deməkdir, həm də maddi rifahı yaxşılaşdıran təşəbbüsdür.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtərdə kənd təsərrüfatında ənənəvi sahələrin, xüsusilə pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, uğurlu nəticələr qazanılır. Rayonda kənd təsərrüfatı dinamik inkişaf yolundadır. 2017-ci il kənd təsərrüfatının bütün sahələrində uğurla başa vurulmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının həcmi əvvəlki ilə nisbətən təxminən 8 faiz artmışdır. Keçən il rayonda 3123 hektar sahədə pambıq, 9507 hektar sahədə taxıl, 1541 hektarda şəkər çuğunduru, 1637,4 hektarda günəbaxan və s. əkilmişdir. Pambıq əkinləri əvvəlki ilə nisbətən 3 dəfə, şəkər çuğunduru 30 faiz, günəbaxan 78,4 faiz artırılmışdır. Pambıq əkinlərinin becərilməsinə və yetişdirilmiş məhsulun yığılmasına 2800 nəfər cəlb edilmişdir. Bu isə öz növbəsində rayon əhalisinin faydalı məşğulluğuna əhəmiyyətli təsir göstərir. Keçən il baramaçılığın inkişafı da diqqət mərkəzində olmuşdur. 2017-ci ildə 4,6 ton barama istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 4,8 dəfə çoxdur. Rayonda baramaçılığın inkişafını sürətləndirmək məqsədilə yem bazasının möhkəmləndirilməsinə böyük önəm verilir. Rayonun təsərrüfatlarında 32 min tut tingi əkilmişdir. Daha 100 min ting əkilməsi nəzərdə tutulur.
Rayonun “sarı kəhrəba” ustaları keçən il 34580 ton taxıl istehsal etmiş, hər hektarın məhsuldarlığını 38,3 sentnerə çatdırmağa nail olmuşlar. Ət, süd, yumurta, meyvə-tərəvəz istehsalında da nəzərdə tutulan hədəflər uğurla yerinə yetirilmişdir.
Yeni il ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bir qrup şəxs “Əmək” ordeni ilə təltif olunmuşdur. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da təltif olunanlar arasındadır. Müstəqim Məmmədov bizimlə söhbətində bu mükafatın doğurduğu yüksək əhvali-ruhiyyədən, eyni zamanda bununla əlaqədar yaranan məsuliyyət hissindən söz açdı:
–Əməyimə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə hədsiz minnətdaram. Rayonun uğuruna görə icra başçısına verilən mükafat, əslində bütün tərtərlilərin əməyinin dövlət başçısı tərəfindən dəyərləndirilməsidir. Tərtərli-lərin kənd təsərrüfatının inkişafında nail olduğu nailiyyət bir də ona görə möhtəşəmdir ki, o, sözün həqiqi mənasında çətin şəraitdə qazanılmışdır. Bizim üçün ermənilərin təxribatı təkcə atəşkəs rejiminin tez-tez pozulması ilə məhdudlaşmır. Xain və məkrli ermənilər işğal altında saxladıqları Sərsəng su anbarından Tərtər çayına ehtiyac olan zamanda su buraxmamaqla rayonumuzun kənd təsərrüfatı üçün ciddi problemlər yaradırlar. Suvarma zamanı əsas ağırlıq subartezian quyularının üstünə düşür. Nə qədər çalışsaq da, zəruri tədbirlər görsək də, sudan korluq çə-kən ərazilərin ehtiyaclarını tam ödəmək mümkün olmur. Təvazökarlıqdan uzaq olsa da, de-məliyəm ki, müxtəlif çətinliklərə baxmayaraq, Tərtər kəndlisi pambıqçılıqda hər hektarın məhsuldarlığına görə respublikada birinci olmuşdur. Bu, əsl əmək fədakarlığıdır. Son nəticə fərəhli olmaqla yanaşı, məsuliyyətimizi də artırır. Öncül mövqeyi əldən verməmək üçün cari ilin pambıq əkininə indidən ciddi hazırlaşırıq. Torpaq istifadəçiləri ilə müqavilələr bağlanır, pambıq əkiləcək sahələr şumlanır. Yeni ilin qayğıları ilə yaşayırıq. Dövlətin qayğısından güc alan, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında birləşən tərtərlilər işğal altında olan torpaqlarımızın azadlığı üçün silaha sarılmağa, döyüşlərə atılmağa hər an hazırdırlar.
…Hava açıq olanda zirvəsi qarlı Murov dağı bu yerlərdən aydın görünür. Ağdərəyə, Kəlbəcərə yol Tərtərdən keçib gedir. İndi bu yolları ot basıb. Gücü, qüdrəti gündən-günə artan ordumuzun hünəriylə bu yolları yenə ərişarğac edəcək, könüllərin yurd həsrətinə son qoyacağıq. O günə isə az qalıb, özü də lap az.
Lazım QULİYEV,
“Azərbaycan”