Həmişə olduğu kimi, cari ildə də təşkilatımızın əsas məqsədi rayonumuzda yaşayan şəhid, ailələrinə, Qarabağ müharibəsi veteranları və əlillərinə qayğı göstərilməsi olub. Bu təbəqədən olan insanların arasında əlillər xüsusi yer tutur. Çünki vaxtilə döyüş meydanlarında, düşmənə qarşı ölüm-dirim savaşında qəhrəmanlıq göstərən bu igidlər indi əlillik həyatı sürməyə məhkumdurlar. Rayonumuzda 310 şəhid ailəsi, 780 Qarabağ müharibəsi veteranı var. Müharibə əlillərinin sayı isə 335 nəfərdir.
Cari ildə 4 şəhid ailəsi evlə təmin olundu, 5 Qarabağ əlilinə minik avtomobili verildi. 7 nəfər əlilə təşkilatımız tərəfindən maddi yardım göstərildi. Bundan başqa, bu təbəqədən olan insanların müalicəsi və istirahəti də diqqət mərkəzində saxlanılıb. Səhhətlərindəki problemlərlə bağlı onlar vaxtaşırı Əlillərin Bərpa Mərkəzinə və istirahət üçün “Şaqan” pansionatına göndəriliblər. Bayram günlərində ilk olaraq yada salınan insanlar da əlillər olublar. Yeni ildə, Novruz və Qurban bayramlarında onların qapıları döyülüb, adları anılıb.
Hərbi hissələrdə, rayonumuzdakı ümumtəhsil məktəblərində müharibə əlillərinin iştirakı ilə keçirilən görüşlər həm gənclərdə vətənpərvərlik ruhunu artırır, həm də bu insanların özlərini cəmiyyətdə yararlı hiss etməsinə səbəb olur. İl ərzində məktəblərdə 12, hərbi hissələrdə isə 6 bu cür görüş keçirilib.
Nizami BƏRDARİ,
AQMƏVŞAİB-nin Tərtər Rayon Təşkilatının sədr müavini