Azərbaycanın əbədi-əzəli torpağı olan Şıxarx qəsəbəsinin ərazisi Tərtər şəhərinə bitişikdir. 1992-cü ildə bura erməni yaraqlılarından təmizləndikdən sonra Azərbaycanın müxtəlif bölgələrindən qaçqın və köçkün düşən soydaşlarımız burada məskunlaşıblar.
Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Tərtər rayon şöbəsinin baş məsləhətçisi Nazim Səfərov və Şıxarx İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi Mübariz Cabbarovla birlikdə həmin qəsəbədə olduq. Bu qəsəbə müharibə zamanı yerləyeksan olmuş və darmadağın edilmişdir. Hazırda burada qaçqın və məcburi köçkünlər üçün yeni şəhərcik salınır. Şəhərcikdə hər biri 4 mərtəbəli olmaqla 34 müasir tipli yaşayış binası inşa olunacaqdır. Hesablamalara əsasən, yeni şəhərcikdə məskunlaşacaq qaçqın və məcburi köçkünlərin ailə üzvlərinin sayı 1170 nəfərdən çox olacaq.
Nazim Səfərov bildirdi ki, yeni salınan şəhərcikdə Tərtər rayonunun məktəb, klub, kitabxana, uşaq bağçaları və digər sosial obyektlərində məskunlaşan soydaşlarımız yerləşdiriləcəklər.
Burada görülən işlərə Məcburi Köçkünlərin Sosial İnki-şaf Fondunun baş texniki nəzarətçisi İmran Süleymanov rəhbərlik edir.
Qəsəbədə yaşayış binaları ilə birlikdə 1300 yerlik orta məktəb, 130 yerlik körpələr evi-uşaq bağçası, musiqi məktəbi, həkim ambulatoriyası və yanğından mühafizə idarəsi üçün bina inşa olunur. Hazırda 34 binanın hamısında işlər sürətlə davam etdirilir.
Tikintidə işlər yüksək sürətlə və keyfiyyətlə davam etdirilir. Burda 100-dən çox müxtəlif maşın və mexanizmlərin və 120 nəfərdən çox işçi quvvəsinin gücündən istifadə olunur. Onu da qeyd etmək lazımdır ki, burada işləyənlərin əksə-riyyəti qaçqın və məcburi köçkünlər və Tərtər rayonunun sakinləridir. Yeni şəhərciklə yanaşı həmin qəsəbədə uzun illər məskunlaşan qaçqın və məcburi köçkün ailələri üçün dövlət tərəfindən fərdi yaşayış evləri də inşa olunur. Söhbət zamanı öyrəndik ki, 78 belə fərdi yaşayış evi inşa olunacaq. Tikinti işlərini Gəncənin, Sumqayıtın və Sabirabadın tikinti şirkətləri görürlər. Həmin evlər hazırda Şıxarx qəsəbəsində məskunlaşan Kəlbəcər, Laçın, Ağdərə rayonlarından qaçqın düşən insanlar üçün nəzərdə tutulub.
Biz həmin ərazidə olarkən kəlbəcərli Adil Xıdırova, Azad Şahverdiyevə, laçınlı Naibə Muxtarovaya, Nizami Hüsey-nova veriləcək üçotaqlı evlərdə tikinti işləri davam edirdi.
Kəlbəcər qaçqını Ağca Cabbarova bildirdi ki, ailəmiz 5 nəfərdən ibarətdir. Neçə illərdir ki, uçuq-sökük binalarda yaşamışıq. İndi sağ olsun ölkə Prezidentimiz İlham Əliyev! Bizə göstərdiyi bu qayğıya görə ona dərin təşəkkürümüzü bildiririk.
Şıxarx qəsəbəsindən başqa rayonumuzun ermənilərdən təmizlənmiş və müharibə vaxtı xarabaya döndərilmiş Həsənqaya və Çaylı kəndlərində də dövlət tərəfindən belə fərdi yaşayış evləri tikiləcəkdir. Bunlar Cocuq Mərcanlıdan başlanan “Böyük qayıdış”ın bir yolunun da Tərtərdən keçəcəyini isbatlayan amillərdir.
Mirzə Nəsir