AZƏRBAYCAN PREZİDENTİNİN HİMAYƏSİ İLƏ TƏMAS XƏTTİNDƏ
BÖYÜK QURUCULUQ PROSESİ BAŞLAYIB
Qəhrəman oğullar diyarı Tərtər istər Qarabağ müharibəsi dövründə, istərsə də atəşkəs elan ediləndən sonrakı illərdə öz şanlı ənənələrinə sadiq qalaraq əsl fədakarlıq nümunəsi göstərmiş, qanlı döyüşlərdə olduğu kimi təsərrüfat, abadlıq, quruculuq sahəsində qazandıqları uğurlarla da düşmənlərimizə gerçək göz dağı vermişlər.
Qarabağ savaşında Ermənistan silahlı qüvvələri ərazilərimizin 20 faizini işğal etmişlər. Bu, dünya birliyinə məlum olan inkaredilməz faktdır. Qanlı döyüşlərə meydan olan Tərtərdə isə fərqli mənzərədir. Tərtərlilər düşmənə nəinki bir qarış torpaq vermədilər, əksinə, bizim dədə-baba ərazilərdə məskunlaşmış erməniləri də qovub uzaqlaşdırdılar. Bu fakt ermənilər tərəfindən həmişə ürək ağrısı ilə xatırlanır. Müxtəlif bəhanələrlə atəşkəsi pozub Tərtərdən qisas almağa can atan ermənilər hər dəfə layiqli cavablarını alıb geri otuzdurulurlar. Bu ilin aprel ayında ermənilərin törətdiyi silahlı təxribatlardan da ən çox zərər çəkən elə ermənilərin özləri oldu.
Həmişə Tərtərə, bu bölgənin qəhrəman övladlarına isti münasibət, xüsusi qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev o gərgin günlərdə öz xanımı ilə birlikdə Tərtərə səfər etdi. Dövlət başçısı rayon ərazisindəki “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşdü. Bir neçə gün davam edən gərgin döyüşlərdə ermənilərin atdığı top mərmiləri Tərtər şəhərində və kəndlərdə xeyli yaşayış evini, müxtəlif sosial obyektləri dağıdıb yararsız vəziyyətə salmışdı. Prezident İlham Əliyev Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində dağılmış evlərə baxdı, ev sahiblərinə təsəlli verdi, rayon ictimaiyyətinin nümayəndələri ilə unudulmaz görüş keçirdi. Bu tarixi görüş cəbhədə döyüş ruhunu, cəbhə bölgəsində yaşayan əhalidə əhvali-ruhiyyəni ən yüksək səviyyəyə qaldırdı. Prezident-xalq birliyinin təntənəsinə çevrilən bu görüşün yaratdığı xoş təəssürat hələ də ictimai yerlərdə, xeyir-şər məclislərində camaatın söhbətlərinin baş mövzusu olaraq qalır.
Hər bir ölkə vətəndaşının Prezidenti olduğunu qürurla bəyan edən və bunu müdrik əməli fəaliyyəti ilə təsdiqləyən İlham Əliyev paytaxta dönən kimi sərəncam imzaladı, müharibənin Tərtər rayonuna vurduğu zərərin aradan qaldırılması üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayırdı. Aprel döyüşləri zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərin yaşayış məntəqələrinə atılan mərmilər 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 uşaq bağçasına, qaz, su, elektrik təsərrüfatına ciddi ziyan vurmuş, 3 nəfər mülki vətəndaş həlak olmuşdur.
Bölgədə böyük minnətdarlıqla xatırlanır ki, dövlət başçısının qayğısı aprel döyüşlərinin vurduğu yaraları sağaltmış, mərmilərin dağıtdığı evlər təmir və bərpa edilmiş, sakinlər doğma evlərinə köçərək yenidən məişət rahatlığına qovuşmuşlar.
Tərtərlilər döyüşlərdə gerçək qəhrəmanlıq nümunəsi göstərdikləri kimi, əmək meydanında da xarüqələr yaradır, doğma yurdun hər qarışını cənnətə döndərmək üçün əsl fədakarlıq göstərirlər. Təbii ki, çəkilən zəhmət, axıdılan alın təri hədər getmir. Tərtər onu canından artıq sevən övladlarının odlu ürəyindən su içərək hər gün daha da gözəlləşir, göz oxşayan, könül açan abad bir diyara çevrilir. Bölgə üçün böyük sosial əhəmiyyətə malik Tərtər şəhərinin və ətraf 11 kəndin su və kanalizasiya sisteminin qu-rulması dövlətin qayğısı ilə uğurla davam etdirilir. Bu məqsədlə 110 kilometr su xəttinin çəkilməsi, elə o qədər də kanalizasiya sisteminin qurulması nəzərdə tutulur. Tərtər üçün həyati əhəmiyyət kəsb edən bu layihənin reallaşdırılması rayon sakinlərində hədsiz razılıq və minnətdarlıq hissi doğurur. Hər biri 5 min tonluq 2 su anbarından 1-i artıq hazırdır. İkinci anbarın inşasında isə işlər başa çatmaq üzrədir. Layihədə nəzərdə tutulmuş 9 subartezian quyusunun qazılıb istifadəyə verilməsində də son işlər görülür.
Daş üstə daş qoyulduqca, yeni fidanlar salındıqca Tərtər simasını dəyişib daha da gözəlləşir. 100 yerlik yeni uşaq bağçası, orijinal bir layihə əsasında inşa edilmiş şahmat məktəbi, rayon kənd təsərrüfatı idarəsi üçün yeni inzibati bina, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının yeni qərargahı gözəlliklər diyarının hüsnünə yeni naxışlar vurur. Yaxın gələcəkdə Tərtər tarix-diyarşünaslıq muzeyi istifadəyə veriləcək, uşaq musiqi məktəbi tikiləcəkdir. Tərtər çayı sahilində 2,5 hektarlıq ərazidə yeni park salınır. Razılıq doğuran, ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılanan bir məsələ də rayonda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə isti və doğma münasibətin bərqərar olmasıdır. Rayon rəhbərliyi bu qəbildən olan vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşır, onların zəruri ehtiyaclarını maksimum səviyyədə ödəməyə çalışır. Bu il 10 nəfər şəhid ailəsinə və Qarabağ əlilinə fərdi evlər tikilib veriləcəkdir. Nəzərdə tutulan hədəfə çatmaq istiqamətində son işlər görülür.
Tərtərdə tikinti, abadlıq, quruculuq işləri həvəslə davam etdirilir. Bir tərəfdə yeni binalar inşa olunur, bir tərəfdə yollara asfalt örtük döşənir. Hər bir iş ürəklə, candan-könüldən, əsl vətəndaş mövqeyindən görülür. Bütün bunlara Tərtər kəndlisinin əzmkarlığını da əlavə etsək, ürək açan bir mənzərə yaranar. Rayonun torpaq mülkiyyətçiləri ermənilərin yaratdığı süni su qıtlığına (Sərsəng su anbarından su buraxmamaqla) baxmayaraq, hər qarış torpaqdan maksimum səmərəli istifadə etməyə çalışır, fərəhli nəticələr qazanırlar. Rayonda taxıl, meyvə-tərəvəz, heyvandarlıq məhsulları istehsalı keçən ildəkinə nisbətən xeyli artmışdır. Bu il 1035 hektar sahədə pambıq əkilmişdir ki, bu da əvvəlki ildəkindən iki dəfə çoxdur. Bara dolan pambıq tarlaları bol məhsuldan xəbər verir. Uzun illərin fasiləsindən sonra rayonun kümçüləri bu il min kiloqrama yaxın barama istehsal etmişlər.
Bu gün nə xoş ki, Tərtər kəndlisinin təknəsi bol çörəklidir. Rayon ağsaqqallar şurasının üzvü Rauf Həsənzadənin bu məsələyə öz yanaşması var. Bizimlə söhbətində Rauf müəllim dedi ki, Tərtərdə şahidi olduğunuz dinamik inkişaf, abad prospekt və küçələr, yaraşıqlı binalar, hər yanda diqqət çəkən səliqə-səhman, rayonda formalaşmış sağlam mənəvi-psixoloji mühit, dövlətə, Prezidentə yenilməz sədaqət və fərəh doğuran digər hallar cənab İlham Əliyevin yeritdiyi müdrik siyasətin məntiqi nəticəsidir, onun hər bir ölkə vətəndaşının Prezidenti olmaq istəyinin uğurla reallaşan təntənəsidir.
Lazım Quliyev,
“Azərbaycan”