Ölkə rəhbərliyinin uğurla apardığı sosial və iqtisadi siyasətin nəticəsi olaraq əldə edilmiş güclü tərəqqi səhiyyənin profilaktik istiqamətli məqsədi olan əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin olunmasında da öz müsbət təsirini göstərməkdədir.
Səhiyyəmizin davamlı inkişaf strategiyasının tərkib hissəsi olan maddi-texniki bazanın gücləndirilməsi, yoluxucu xəstəliklərlə mübarizə sahəsində aparılan səmərəli işlər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilmiş profilaktik və əksepidemik tədbirlər ümumilikdə əhalinin sağlamlığının yaxşılaşdırılmasında əsaslı rol oynamışdır.
“Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər.
Əhalinin sanitariya-epidemioloji salamatlığı dedikdə ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halı nəzərdə tutulur ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır.
Yəni ölkəmizin əhalisinin əsas hüquqlarından biri kimi nəzərdə tutulan əlverişli ətraf mühitdə yaşamaq hüququnun təmin olunması həmin mühitin amillərinin mənfi təsirlərinin aradan qaldırılmasından asılıdır.
Insanı əhatə edən ətraf mühit amilləri isə çox geniş və əhatəli bir anlayışdır və həmin amillərə bioloji (virus, bakterial, parazitar və digərləri), kimyəvi, fiziki (səs-küy, titrəmə, ultrasəs, infrasəs, istilik, ionlaşdırıcı və digər şüalar), ictimai (qidalanma, su təchizatı, məişət, əmək şəraiti, istirahət) və digər amillər aiddir və həmin amillər insanlara və gələcək nəsillərin sağlamlığı vəziyyətinə təsir göstərə bilər.
Insanın həyat fəaliyyəti üçün əlverişli şərait dedikdə isə insanı əhatə edən mühit amillərinin insanın sağlamlığına zərərli təsir göstərdiyi və insan orqanizminin pozulmuş funksiyalarının bərpasının mümkün ola bilməsi vəziyyəti başa düşülür.
Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk illərində qəbul olunmuş “Sanitariya-Epidemioloji Salamatlıq haqqında qanun”la ölkə əhalisinə verilmiş bu hüququn, yəni sanitariya-epidemioloji salamatlığı təmin edən əlverişli mühitdə yaşamaq hüququnun möhkəmləndirilməsi üçün çoxsaylı qanunvericilik aktları qəbul edilmişdir.
Insanı əhatə edən bioloji amillərin mənfi təsirindən qorumaq üçün yoluxucu xəstəliklərin profilaktikası və yoluxucu xəstəliklərlə mübarizə sahəsində bir sıra qanunvericilik aktları, məsələn, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarzə haqqında”, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” qanunlar qəbul edilmiş, çoxsaylı qanunaltı sənədlər hazırlanıb təsdiq edilmişdir. Təsadüfi deyildir ki, ölkəmizin müstəqilliyi dövründə aparılmış geniş təşkilati və tibbi profilaktik tədbirlər nəticəsində əvvəllər ölkəmizdə çoxsaylı insanların dücar olduğu malyariya, poliomielit, difteriya, məxmərək kimi ağır xəstəliklərin qeydə alınması son illərdə müşahidə edilmir, peyvəndlə qarşısı alınan digər yoluxucu xəstəliklərin qeydə alınmasına isə nadir hallarda təsadüf edilir. Digər əksər yoluxucu xəstəliklərin isə dinamik azalması müşahidə olunur.
Insanı əhatə edən fiziki amillərin zərərli təsirlərinin qarşısının alınması istiqamətində ölkəmizdə qəbul olunmuş çoxsaylı qanunvericilik aktları (“Radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunu”, “İnsan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”, atmosfer havasının, torpağın mühafizəsi haqqında qanunlar və qanunaltı sənədlər) ölkə əhalisinin əlverişli mühitdə yaşamaq hüquqlarının möhkəmləndirilməsinə xidmət edir.
Vətəndaşlarımızın sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli mühitdə yaşamaq hüquqlarının təminatı üçün su təchizatı sistemlərinin yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir. O cümlədən rayonumuzda sukanalizasiya sisteminin yenidən qurulması təqdirəlayiq hadisədir. Sanitariya-epidemioloji salamatlığı təmin edən əlverişli mühitdə yaşamaq hüququnun ən vacib istiqamətlərindən biri əhalinin təhlükəsiz keyfiyyətli qidalanmasının təmin olunmasıdır. “Yeyinti məhsulları haqqında” ölkə qanununun qəbul edilməsi və həmin qanunun beynəlxalq təc-rübələr nəzərə alınmaqla ardıcıl olaraq təkmilləşdirilməsi bu sahədə qanunvericilik bazasının gücləndirilməsinə və əhalinin sağlam və keyfiyyətli qidalanmasına zəmin yaradan səmərəli tədbirlərin həyata keçirilməsinə imkan verir.
Musa Əliyev,
Tərtər rayon Gigiyena və
Epidemiologiya
Mərkəzinin direktoru