REGİONLARIMIZIN SİMASININ DƏYİŞMƏSİ, BURADA SOSİAL-İQTİSADİ PROBLEMLƏRİN UĞURLU HƏLLİ HEYDƏR ƏLİYEV STRATEGİYASININ REALLAŞDIRILMASININ NƏTİCƏSİDİR
1993-cü ildə ikinci dəfə respublikamıza rəhbərlik etməyə başlayan Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatında hökm sürən xaos və anarxiya ilə yanaşı, iqtisadiyyatın da tamamilə dağılması ilə üz-üzə qalmışdır. Xüsusən regionlarda vəziyyət çox çətin idi. Sosial infrastruktur bərbad hala salınmış, iş yerləri bağlanmış, insanlarda torpağın əkilib-becərilməsinə maraq qalmamışdı. Ümummilli Liderimizin Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün zəmin yaratdı.
1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə torpaq islahatı proqramı hazırlandı və bununla da regionların inkişafında yeni mərhələ başladı. Həmçinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında” Fərmanın imzalanması ölkədə geniş-miqyaslı dinamik inkişafın yeni istiqamətlərini müəyyənləşdirdi. Məhz həmin Fərman əsasında Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası hazırlandı və bu mühüm vəzifənin sonrakı illərdə icrası Prezident İlham Əliyevin üzərinə düşdü.
HƏLLEDİCİ MƏRHƏLƏ
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında işlənib hazırlanmış və ardıcıllıqla həyata keçirilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” bu dövrə aid vəzifələrin yerinə yetirilməsində həlledici mərhələ olmuşdur.
Həmin dövr tərtərlilər üçün də bir sıra çətinliklərlə yadda qalmışdır. Atəşkəs olsa da, müharibə dayanmamışdı.
Düşmənlə üz-üzə yaşamağın ağırlığını sosial problemlərin həll edilməməsi daha da gərginləşdirirdi. Əhalinin işıq, qaz və içməli su təminatındakı problemlər ən ağrılı məsələlərdən idi. Belə bir zamanda–2005-ci ilin mart ayında Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri əhali tərəfindən böyük ümid hissi ilə qarşılandı və ötən müddətdə baş vermiş dəyişikliklər sübut etdi ki, Azərbaycan vətəndaşları daim öz Prezidentlərinə arxalana bilərlər.
Tərtərlilərlə görüşü zamanı ölkə başçısı demişdir: “Siz, demək olar ki, ön xətdəsiniz, düşmənlə üz-üzəsiniz. Müharibə illərində də tərtərlilər çox cəsarətlə vuruşmuşlar, öz doğma torpaqlarını müdafiə etmişlər. Buna görə mən sizə öz minnətdarlığımı bildirmək istəyirəm”.
Bu gün Tərtərin tamamilə yeniləşən, göz oxşayan mənzərəsinə baxanda 2005-ci ildə Prezident İlham Əliyevin aşağıdakı sözlərini də xatırlamamaq mümkün deyil: “Mən istərdim ki, Tərtərin bütün yerləri, bütün küçələri abadlaşsın”. Qarşıdakı illərdə təhsil, səhiyyə sahəsində görüləcək işləri diqqətə çatdıran ölkə başçısı bildirmişdir: “Bilirəm ki, Tərtər rayonunda yeni məktəblər tikilir, özü də yüksək səviyyədə. Bundan sonra da davam etdiriləcəkdir. Xəstəxanalar, insanların gündəlik təmasda olduğu bütün infrastruktur yeniləşəcəkdir”.
Məhz həmin səfərdən sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ağdam, Bərdə və Tərtər ra-yonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzaladı. Tədbirlər planında hər üç rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi və əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün geniş üfüqlər açılmışdır. Tərtərə, bütövlükdə isə Qarabağ bölgəsinə bəslədiyi səmimi duyğular, böyük diqqət dövlət başçısına bölgə əhalisinin hörmət və ehtiramını qat-qat artırmışdır.
Əlbəttə, illər uzunu yığılıb qalmış problemlərin həlli birdən-birə mümkün deyildi. Lakin düşünülmüş proqramların olması, insanların dövlət baş-çısına inamı və onun ətrafında sıx birləşməsi, həmçinin onların qurub-yaratmaq həvəsi möcüzələr yaratdı. Ən əsası, Tərtərin qaranlıq gecələrinə son qoyuldu, əhali 24 saat ərzində elektrik enerjisi ilə təmin olundu, qazlaşdırma işləri sürətlə davam etdirildi, rayondakı baxımsız subartezian quyuları işə salındı, yeni quyuların qazılmasına başlanıldı. Birinci proqramın yerinə yetirilməsi–regionların sosial-iqtisadi inkişafının birinci mərhələsi bu məsələlərin həlli ilə yanaşı həm də məktəb binalarının inşası, küçələrimizin abadlaşdırılması, yeni obyektlərin tikilməsi ilə yadda qaldı.
Dövlət başçısının Tərtərə ikinci səfəri 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramının icrasının sonlarına–7 oktyabr 2012-ci il tarixi-nə təsadüf etmişdir. Bu, artıq respublikamızın digər bölgələri kimi, rayonumuzun da sürətli inkişaf dövrü idi. Prezident İlham Əliyev həmin səfəri zamanı bir sıra mühüm obyektlərin–o cümlədən yaraşıqlı Gənclər Mərkəzinin, süd emalı zavodunun, soyuducu anbarın açılışında iştirak etdi, yenidən qurulmuş Heydər Parkında və Heydər Əliyev Mərkəzində oldu, rayonumuzun sakinlərinin sevimli istirahət yerinə çevrilmiş möhtəşəm Dövlət Bayrağı Meydanı ilə tanış oldu. Görülən işlər dövlət başçısının nəzərdə tutduğu tədbirlərin, verdiyi tövsiyələrin real təcəssümü idi.
QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
Prezident İlham Əliyev 2014-cü il fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda demişdir: “Birinci və ikinci Dövlət proqramları artıq-laması ilə yerinə yetirilib. Indi üçüncü Dövlət proqramının qəbulu gözlənilir. Əminəm ki, bu günə qədər görə bilmədiyi-miz işləri biz növbəti 5 il ərzində görəcəyik və beləliklə, regionlar qarşısında duran bütün vəzifələr icra ediləcəkdir”. Həmin il fevralın 27-də isə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında” Fərman imzalanmışdır.
Həmin Fərmana əsasən növbəti illərdə qarşıda duran əsas vəzifələr sırasında qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması və yeni iş yerləri yaratmaqla yoxsulluğun səviyyəsinin aşağı salınması mühüm yer tutur.
Biz bu barədə Tərtər rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Mehman Babayevlə söhbət etdik. O dedi:
–Məlum olduğu kimi, aqrar yüksəliş ərzaq təhlükəsizliyinin əsas amillərindən biridir. Bu baxımdan Tərtərdə potensial imkanlar kifayət qədərdir. Belə ki, uzun illərdir ki, rayonumuzda yerləşən Bölgə Təcrübə Stansiyasında çoxməhsuldar taxıl sortları yetişdirilir və bunların yetişdirilməsi zamanı da mütərəqqi, hazırda fermer təsərrüfatlarında istifadə edilənlərdən tamamilə fərqli üsullar tətbiq olunur. Lakin açığını deyim ki, həm toxumların, həm də becərmə üsullarının ayrı-ayrı təsərrüfatlarda tətbiqi zəif olduğundan, rayonun fermerləri bu sahədə yüksək göstəricilər əldə edə bilmirlər. Hazırda qarşımızda duran ən başlıca vəzifə alimlərimizin nailiyyətlərini həyatımıza gə-tirməklə kənd təsərrüfatını yalnız əkin torpaqlarını genişləndirmək hesabına deyil, həm də qabaqcıl təcrübə əsasında, yəni məhsuldarlığı artırmaqla inkişaf etdirməkdir. O cümlədən heyvandarlığın elmi əsaslar üzərində inkişafı üçün bazamız vardır. Mən deyərdim ki, Azərbaycanın az bölgələri var ki, burada ətlik istiqamətli malların yetişdirilməsində hibridləşmədən istifadə olunsun. Rayonumuzda bu üsul tətbiq edilir və yaxşı səmərə verir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə cari ildə unudulmuş sahələrin–vaxtı ilə “ağ qızıl” kimi bu bölgəyə şöhrət gətirən pambıqçılığın, baramaçılığın inkişafına diqqət xeyli artırılıb. Qeyd etmək istəyirəm ki, bu günün kəndlisi 10-15 il bundan əvvəlki kəndli deyil. O, daim dövlətin köməyinə arxalanır, lazım gəldikdə mütəxəssis məsləhətləri alır və bunun əsasında düzgün seçimini edir, əkdiyinin, becərdiyinin xeyrini görür.
III Dövlət Proqramının icrası ilə bağlı Tərtər rayonunda görülən işləri sadalamaqla qurtaran deyil. Heydər Əliye-vin adını daşıyan Mərkəzi Meydan yenidən qurulub, şəhərin Nizami küçəsində 100 yerlik körpələr evi-uşaq bağ-çası tikilib, Heydər Əliyev prospektində Kənd Təsərrüfatı İdarəsi üçün inzibati laboratoriya binası, şahmat məktəbi, E.Hüseynov küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış binası, bu təbəqədən olan insanlar üçün 20-dən çox fərdi yaşayış evi məhz bu proqram çərçivəsində həyata keçirilən işlərdir.
SU-KANALİZASİYA XƏTTİ ÇƏKİLİR
Bu proqram tərtərlilərin yaddaşında həmçinin daha bir genişmiqyaslı layihənin icrası ilə yadda qalacaq. Belə ki, 2015-ci ilin iyun ayından Tərtər şəhəri və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulmasına başlanılmışdır. Layihə üzrə 110 km içməli su xətti və 110 km kanalizasiya sisteminin çəkilməsi nəzərdə tutulmuşdur. Hazırda Tərtər şəhərində 40 min 587 metr magistral kanalizasiya xətti, 4864 metr artezianlararası və təzyiqsiz magistral su xətti, 36 min 609 metr şəhərdaxili və məhəllədaxili su şəbəkəsi xətti çəkilmişdir. Tutumu 5000 kubmetr olan 2 su anbarının tikilməsi nəzərdə tutulmuşdur.
ÜÇÜNCÜ SƏFƏR
Qeyd edək ki, rayonumuzun düşmənlə 48 km məsafədə təmas xətti olduğu üçün, bütün bu işlər gərgin müharibə şəraitində həyata keçirilir. Aprel hadisələri zamanı düşmən iriçaplı silahlardan, artilleriya qurğularından şəhəri və digər yaşa-yış məntəqələrini atəşə tuturdu, evlərimiz dağılırdı, dinc insanlar həlak olurdu, ordumuz şəhid verirdi, am-ma tərtərlilər quruculuq, abadlıq işlərini bir an belə dayandırmadılar. Məhz həmin müddətdə şəhərin Elman Hüseynov küçəsinə başdan-başa yeni asfalt örtüyü döşəndi, səkilər qu-raşdırıldı, “Azərbaycan Bayrağı” ordenli şəhid Mehrac Mahmudovun adını əbədiləşdirmək məqsədilə yeni, abad küçə salındı və burada qəhrəmanın barelyefi quraşdırıldı, rayonun Xoruzlu, Kəbirli, Dəmirçilər kəndlərinə mavi qaz yanacağı verilməsi münasibəti ilə açılışlar oldu. Bu müharibədə bütün xalqımız kimi tərtərlilər də əyilmədilər, əzilmədilər, əksinə, daha güclü oldular.
Bu gücü biz Prezident, Ali Baş Komandan İlham Əliyevdən, Azərbaycan Ordusundan alırıq. Aprel hadisələri zamanı ölkə başçısının xanımı Mehriban Əliyeva ilə Tərtərə səfəri, onun dağılmış evlərə baş çəkməsi, sakinlərlə görüşü tərtərlilərdə yüksək ruh yüksəkliyi yaratmışdır. Bir daha əmin olduq ki, xoş günümüzdə də, çətin anlarımızda da Prezidentimiz daim öz xalqı ilə birlikdədir.
Tərtərə üçüncü səfərindən sonra dövlət başçısının imzaladığı sərəncam əsasında ermənilərin ağır artilleriya qurğularından açdıqları atəş nəticəsində Tərtərdə dağılmış evlərin bərpası məqsədilə 3 milyon manat vəsait ayrılmışdır. Hazırda dağılmış evlərin bərpası sürətlə aparılır. Əvvəlkindən də qat-qat yaraşıqlı, rahat və müasir evlər tikilir.
Ulu Öndər Heydər Əliyev tərəfindən hazırlanmış regionların sosial-iqtisadi inkişaf strategiyası bu gün onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir.
Svetlana Bağırova
(Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)