Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün sahələrin inkişafı ilə yanaşı sosial siyasətin də həmişə prioritet olduğunu, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının dayandığını bildirmişdir. Bu gün dünyada iqtisadi və maliyyə böhranının yaşanmasına baxmayaraq, 2016-cı ilin birinci rübündə ölkəmizdə əhalinin, o cümlədən onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması üçün müxtəlif tədbirlər görülür. Milli manatın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədilə müxtəlif sosial ödənişlərin, o cümlədən əməkhaqqıların, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması ilə bağlı möhtərəm Prezidentimizin imzaladığı 20-dən artıq sərəncam bunu bir daha təsdiq edir.
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi də 2016-cı ilin birinci rübündə bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışmışdır.
Mərkəzdə yaşa və əlilliyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlillik dərəcəsi alanlara, şəhid ailələrinə, müharibə veteranlarına, ailə başçısını itirmiş və digər kateqoriyadan olan 4000-ə yaxın ailəyə xidmət göstərilir, onların müavinət və təqaüdlərinin vaxtlı-vaxtında ödənilməsi təmin edilir.
Bundan başqa son illərdə şəhid ailələrinin və Qarabağ əlillərinin mənzil-məişət şəraitinin yaxşılaş-dırılması da dövlətimizin diqqət mərkəzindədir. Tikintisinə keçən ildən başlanmış 9 fərdi yaşayış evinin yaxın zamanlarda Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.
Mərkəzin sosial məişət xidməti sektorunda da ümumilikdə 58 nəfər tənha ahıla xidmət göstərilir ki, onların 2-si əlildir. Rüb ərzində mərkəz tərəfindən 23 nəfərə əlillik, 4 nəfərə şəhidlik vəsiqəsi verilmişdir.
Artıq ölkəmizdə aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi, sosial yardımın təyinatında ünvanlılıq və şəffaflıq prinsiplərinə əməl olunması məqsədilə Ünvanlı Dövlət Sosial Yardımın verilməsi ilə bağlı yeni sistem tətbiq olunur. Nazirliyin mərkəzləşdirilmiş informasiya sistemlərində Ünvanlı Dövlət Sosial Yardım üzrə Vahid Elektron Müraciət Təyinat Alt sistemi qurulmişdur. Yardım üçün istər kağız üzərində, istərsə də elektron formada olan müraciətlər “bir pəncərə” pirinsipi ilə qəbul edilir. Sistemə daxil olan Ərizə-Bəyannamə araşdırıldıqdan sonra yardım alacaq vətəndaşlar VEMTAS proqramı tərəfindən müəyyən edilir. Bununla bağlı mərkəzə müraciət edən vətəndaşlara yeni sistemin qaydaları izah olunur.
Rayon üzrə 2016-cı ilin birinci rübündə 1176 ailəyə 174.796 manat yardım ödənilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən gələcəkdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə onların özünə məşğulluq proqramlarına cəlb olunmasına şərait yaradılacaq, aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarına keçid mərhələsinə başlanacaqdır.
Emil Məmmədov,
Tərtər rayon ƏSMM-nın
direktoru