Azərbaycanda yoxsulluq səviyyəsinin getdikcə aşağı enməsinin əsas səbəblərindən biri yeni iş yerlərinin yaradılmasına xüsusi diqqət yetirilməsidir. Dövlət başçısı əhalinin məşğulluq məsələlərində problemlərin olmaması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət şirkətlərinə birgə işləməyi tapşırmışdır. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident məşğulluq idarələrinə müraciət edən insanların işlə təmin olunması üçün dövlət şirkətlərinin yeni vakansiyalar açmalı olduğunu bildirmişdir. Dövlət şirkətlərinə və sözügedən nazirliyə Bakıda və bütün bölgələrdə əhalinin işlə təminatında birlikdə nümunə göstərməyi tövsiyə etmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq əhalinin məşğulluğunu artırmaq məqsədi ilə qısa müddət ərzində rayonumuzda da xeyli iş görülmüşdür. Belə ki, dövlət şirkətlərinin rayon ərazisində yerləşən idarələrində 160, rayon icra hakimiyyəti tərəfindən aparılan abadlıq və təmir-tikinti sahələrində 170 iş yeri açılaraq, ümumilikdə 330 iş yeri məşğulluq mərkəzinə təqdim edilmişdir.
İlin birinci rübü ərzində mərkəzdə qeydiyyatda olan işaxtaran vətəndaşlardan 332 nəfəri işlə təmin edilmiş və onlarla əmək müqavilələri bağlanmışdır. 332 iş yerinin 297-i yeni, 35-i isə digər idarə və müəssisələrdə olmuşdur. İşlə təmin olunanlardan 37 nəfəri sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardır.
Rayonda yeni su-kanalizasiya sisteminin cəkilişinə rüb ərzində təmir-tikinti şirkəti tərəfindənm 108 nəfər işaxtaran vətəndaş cəlb olunmuşdur.
Hər ayın sonunda rayon ərazisində olan 101 idarə və müəssisə tərəfindən vakant iş yerləri haqqında məlumat DMX-nin internet bazasında yerləşdirilir.
Gələcəkdə rayonda əmək bazarının tələblərinə uyğun kadrlar yetışdirmək məqsədilə rayon məşğulluq mərkəzi tərəfindən orta məktəblərin yuxarı sinif şagirdləri arasında tədbirlər keçirilir və onlara peşəyönumlü məsləhətlər verilir.
Dövlət başçısının verdiyi göstərişlərin və bunların əsasında görülən tədbirlərin məqsədi insanların sosial müdafiəsini gücləndirməkdir.
“Yeni Tərtər”