MAHİR ƏSƏDOV KÜÇƏSİ ABADLAŞDIRILIB
Hörmətli redaksiya! Oğlum Mahir Əsədov çox gənc yaşlarında torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, orta məktəb partasından yenicə ayrılmışdı. Könüllü olaraq döyüşlərə qatıldı. Vətənin ağ gününü şəxsi xoşbəxtliyindən üstün tutdu. Nə evlənməyə macal tapdı, nə də övladı yadigar qaldı. Təsəllim bircə budur ki, Mahir unudulmayıb. Şəhərimizin ən yaraşıqlı küçələrindən birinə onun adı verilib. Bu yaxınlarda həmin küçədə abadlıq və yenidənqurma işləri aparıldı, səkilər təmir edildi, yeni işıq sistemi quraşdırıldı. Həmçinin burada şəhid Mahir Əsədovun adına tikilmiş bulaq təmir olunaraq, yaraşıqlı görkəm aldı. Mən bu küçə ilə addımlayanda övladımın arzularının gerçəkləşməsinin şahidi oluram. Axı, o, şəhərimizi beləcə gözəl, onun sakinlərini isə xoşbəxt görmək istəyirdi.
Bir şəhid anası kimi bölgələrin, o cümlədən Tərtərin abadlaşdırılmasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə, rayon rəhbərliyinə, küçədə aparılan təmir, abadlıq, işlərində yaxından iştirak edən zəhmət adamlarına dərin minnətdarlığımı bildirirəm.
Zelimə Əsədova,
şəhid anası