QAYĞIKEŞLİYİN ƏYANİ TƏZAHÜRLƏRİ
Didərginlik ağır dərddir
Didərginlik filçəkməz ağır dərddir. Bunun da üzərinə ehtiyacın yaratdığı əzabları gələndə, insan həyatı məşəqqətə düçar olur. Bu ağrıları, əlbəttə, onun içindən keçib yaşayanlar bilər. Yurd həsrətindən bağrı qana dönən, ürəyi qürbətdə pörşələnən, ehtiyacın məngənəsində sıxılan, qüruru düşmən tərəfindən tapdalanan, hissiyatı aşağılanan, varlığı xıncım-xıncım olunan, bunlar azmış kimi, qeyrətinə, namusuna ləkə gətirilən insanların ağrı-acısını kənardan baxmaqla necə duymaq olar ki?!
Zaman-zaman ermənilərin məkrindən yurd-yuvası dağılan, yüz illər boyu yaşadığı dədə-baba torpaqlarından didərgin salınan, əzizlərinin gorgahları təhqir olunan, inanc yerləri–pirləri, ocaqları darmadağın edilən, gözlərinin qarşısında körpə yaşlı qızlarının, gəlinlərinin, ömür-gün yoldaşlarının başlarına müsibətlər gətirilən insanlara hansı toxtaqlığı verəsən?!
Mən qaçqınların və məcburi köçkünlərin nisgildən necə göynədiklərini, nə çəkdiklərini gözləri ilə görən, ürəyi ilə duyan bir adamam. Çünki mənim ailəm 1949-cu ildən 1988-ci ilə qədər–40 il-dən də az bir müddətdə üç dəfə bu əzab-əziyyəti yaşayıb, qismətinə üç dəfə didərginlik düşüb. Birincidə ermənilər qədim-qayım kəndimizi darmadağın edib, camaatını min bir zillətlə, olmazın işgəncələri ilə qırıb-çatıblar, qətlə yetiriblər. Az adam kolda-kosda gizlənə-gizlənə qaçıb canını qurtarıb. İkinci dəfə 1961-ci ildə geri qayıdanda, üçüncü dəfə isə 1988-ci ildə yenidən qaçqın düşəndə. Hər dəfə də doğma ocağımızda doyunca bardaş qurub oturmamış, dişimizlə-dırnağımızla qurduğumuz ev-eşikdə əməlli-başlı qızınmamış perik düşmüşük. Yaxın qohum-əqrabam da o cümlədən. Bunlar isə nə deməkdir, həmin taleyi yaşayan insanlar bilər.
Dərd o vaxt yüngülləşər ki, səni ovunduran ola, yaralar o vaxt tez qaysaqlanır ki, üzərinə məlhəm qoyula. Onda insan da sakitləşir, ağrısı, göynəmi də azalır.
Dövlət qayğısı
Xalqın, o cümlədən qaçqın və məcburi köçkünlərin, həmçinin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin bütün problemlərini həll etmək, onların dərdi-sərinə şərik çıxmaq, ağrı-acısını özününküləşdirmək ölkəmizin Prezideni İlham Əliyevin gündəlik qayğısıdır, məsuliyyətli və gərgin işinin tərkib hissəsidir. Biz bunu dövlət başçısının bir lider kimi fəaliyyətində hər an görürük və hiss edirik.
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı ümummilli lider Heydər Əliyev çoxsaylı sərəncam, fərman və qərarlar imzalamış, belə soydaşlarımıza dövlət səviyyəsində daimi dəstək göstərilməsini diqqət mərkəzində saxlamışdır. Ulu öndərin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazilərindəki öz tarixi torpaqlarından didərgin salınan azərbaycanlıların məskunlaşdırılması problemlərinin həlli haqqında” 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanı bu zümrədən olan soydaşlarımıza dövlət qayğısının bariz nümunəsi idi. Bundan əvvəl və sonra da ulu öndər tərəfindən imzalanan rəsmi sənədlər əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli yolunda atılan ciddi addımlar idi.
Ümumiyyətlə, bizim ölkəmizdə heç kim, o cümlədən qaçqın və məcburi köçkünlər, şəhid ailələri, əlillər, müharibə veteranları, pensiyaçılar, kimsəsizlər, aztəminatlı digər ailələr və sair bu qəbildən olan insanlar özlərini heç vaxt tənha hiss etmir, həmişə dövlətin və onun başçısının yaxından dəstəyinin şahidi olurlar.
Əvəzolunmaz tarixi şəxsiyyət, böyük azərbaycanlı, öz xalqının xilaskarı Heydər Əliyev irsininin layiqli davam çısı, onun siyasi kursuna daim sadiq qalan və bu kursu daha da inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyev həmişə xalqla bir yerdə olub, hər bir azərbaycanlının qarantına çevrilib. Dövlət rəhbəri öz xalqının yanında olanda, insanların qayğısı azalır, dərdi yüngülləşir, problemləri həll olunur.
Qaçqın və məcburi köçkünlərin, əhalinin aztəminatlı təbəqələrinin problemləri həmişə dövlət başçısının diqqət mərkəzində olmuşdur. Son illər ərzində 100-dən çox köçkün şəhərciyinin tikilib istifadəyə verilməsi bu kateqoriyadan olan insanların rahat yaşamalarına təminat yaratmışdır.
Ötən 15 il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 6650, təkcə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox–626 mənzil təqdim olunub. Bu il isə bu kateqoriyadan olan şəxslərə 800 mənzil veriləcək. Məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması davam etdiriləcək. İndiyədək, mənzil və evlərlə təmin olunmuş məcburi köçkünlərin sayı 300 minə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin yanvar ayının 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Sosial-yönümlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 450 milyon manat, sosial mənzillərin tikintisi və güzəştli ipateka proqramının davamı üçün müvafiq olaraq 100 və 50 milyon manat vəsait ayrılıb.
Eyni zamanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 626 mənzillə təmin edilib, ordumuzda uzun müddət qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə ötən il 396 mənzil verilərək, ümumilikdə hərbi qulluqçulara verilmiş mənzillərin sayı 1284-ə çatdırılıb”.
Keçən il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra cənab İlham Əliyevin imzaladığı ilk fərman “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” oldu və bu fərmana əsasən qeyd olunan şəhid hərbi qulluqçuların hər birinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödənişlərin verilməsi nəzərdə tutuldu. İndiyədək 3100-dən çox vərəsə həmin məbləği alıb. Ödənişlər davam edir.
Prezidentin imzaladığı iki fərmana (19 aprel 2018-ci il və 28 yanvar 2019-cu il) 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olundu. Ödəmələr növbəti 10 ay ərzində başa çatdırılacaq.
Dövlətimiz həmişə sosial cəhətdən qayğıya ehtiyacı olan şəhid ailələrini diqqət mərkəzində saxlayır, onlar Prezident təqaüdü və aylıq müavinətlərlə təmin edilir. Milli qəhrəmanlar üçün aylıq məbləğin 1500 manata, şəhid ailələri üçün 300 manata çatdırılması və digər ödənişlərin artırılması bu sahədə mövcud olan müsbət tendensiyanın göstəriciləridir. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərinin böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alırlar.
Ölkə prezidentinin sərəncamları ilə 2018-ci ildə ölkə üzrə əmək pensiyalarının sığorta hissəsi 5,7 faiz, sosial müavinətlər və təqaüdlər isə 10 faiz artırıldı.
Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədi ilə ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edir. Ötən ilin son ayında yardımın orta aylıq məbləği 189 manata çatıb, il ərzində 104 milyon manat vəsait xərclənib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 172 min üzvü olan 42 min 895 aztəminatlı ailəyə vəsait ödənilib.
2018-ci ildə müharibə əlillərinə və şəhid ailələrinə 265 minik avtomobili verilib.
2019-cu ildə minumum aylıq əmək haqqına 130 manatdan 180 manata, əmək pensiyalarının minumum məbləğinin 116 manatdan 160 manata çatdırılması, bütün sferalarda tələbə təqaüdlərinin artırılması və digər müavinətlərin məbləğinin qaldırılması məhz sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrin həyat tərzinin yaxşılaşdırılmasına yönəlmiş əməli tədbirlərdir.
Orta aylıq əmək haqqının artımı dövlət sektorunda 450 min, özəl sektorda isə 150 min nəfəri əhatə edəcəkdir.
Pensiyaların artımından isə 233 min nəfər yararlanacaqdır ki, bunlardan da 9 min nəfərin pensiyası 93 faiz (75 manat), 26 min nəfərin pensiyası 30 faiz (37 manat), 74 min nəfərin pensiyası 16 faiz (27 manat) artacaqdır.
Qaçqın və məcburi köçkünlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli ilə bağlı bu il yanvar ayının 28-də dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri ilə görüşündə də, yanvarın 29-da isə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda da görülmüş işlər qeyd olunmuş və bu sahədə hədəflər müəyyənləşdirilmişdir.
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin özünüməşğulluğunun təmin edilməsi, onlara kiçik biznes sahələrinin yaradılması üçün dəstək verilməsi, ailə təsərrüfatlarının mal-qara və arı ailələri ilə təmin olunması, bağ sahələrinin salınması kimi məsələlər də dövlətin bu sahədə həll etdiyi prioritet məsələlərdir.
Ölkədə təkcə keçən il açılan 118 min daimi iş yerləri də əhalinin güzəranının yaxşılaşdırılmasına təkan verən amillərdəndir.
Görülən bu işlər və müəyyənləşdirilən hədəflər dövlətin və dövlət başçısının qaçqın və məcburi köçkünlərə, həmçinin aztəminatlı ailələrə göstərilən dəstəyi şərtləndirən əsas cəhətlərdir. Azərbaycan xalqı daim bu dəstəyi hiss edir və dəyərləndirir. Ona görə də xalq həmişə öz Prezidentinin yanındadır.
Məcburi köçkünlər şəhərciyində
Tərtərdən üzü Kəlbəcərə sarı bir yol uzanıb gedir. Bu yol Murovun sinəsinə çəkilmiş bir dağdır elə bil–qaysaqbağlamaz bir dağ və onun yeri göynəyə-göynəyə hələ də qalmaqdadır. Əvvəllər Tərtəri Kəlbəcər və İstisu ilə birləşdirən get-gəlişli bu yol indi yetim kimi kimsəsiz, boynubükük qalıb, yazığa, fağıra dönüb. Qıjıltıyla axan Tərtər çayı boyunca təpələrin başına dolanıb, dərələrdən keçən bu yol Murovdağın qaşına qədər gedib çıxırdı, sarılırdı o dağın boynuna. İstisudan şəfa umanların, güllü-çiçəkli yaylaqların təmiz, bal kimi havasından ciyərlərini toxtadanların, saf və göz yaşı kimi dumduru buz bulaqların suyu ilə ürəklərini sərinlədib, “oxxayyy!!!” deyənlərin, çəmənlərin ətrinə bələnənlərin, nərgizlərin, bənövşələrin dodaqlarından öpənlərin, yaşıl çətirləri günəşə meydan oxuyan meşələrin məskəni idi bu yerlər və bu yol da insanları həmin cənnəttimsal, sehrli guşələrə aparırdı. İndi 5-10 nəfər erməninin umuduna qalıb bu doğma yerlər.
Bu yolun Tərtərə bitişik başlanğıcının sol tərəfində, Şıxarx qəsəbəsinin ərazisində bir müasir “Köçkünlər şəhərciyi” salınıb və ötən ilin əvvəllərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib. Ağır şəraitdə–fermalarda, məktəblərdə, uşaq bağçalarında, uçuq-sökük tikililərdə məskunlaşan soydaşlarımız çox rahat, işıqlı, bütün təminatı olan mənzillərə köçürülüblər. Burada 34 çoxmərtəbəli bina tikilib. 4691 nəfəri özündə birləşdirən 1176 köçkün ailəsi hazırda bu şəhərcikdə məskunlaşıb. Bu ailələrdən 425-i Ağdamdan, 417-si Kəlbəcərdən, 169-u Laçından, 10-u Şuşadan, 4-ü Xocalıdan olanlardır.
Şəhərcikdə 1300 şagirdyerlik tam orta məktəb, 130 yerlik körpələr evi-uşaq bağçası, musiqi məktəbi, həkim ambulatoriyası, klub və digər obyektlər fəaliyyət göstərir. Bunların hamısı köçkün soydaşlarımıza xidmət etmək üçündür.
Mən tez-tez bu köçkün şəhərciyində oluram. (Mənim də doğmalarımdan burada mənzil alanlar var). Hamı bir nisgili yaşasa da, dövlətin və dövlət başçısının onlara göstərdiyi yüksək diqqət və qayğıdan razı qaldıqlarını bildirir, onlar üçün yaradılan gözəl şəraitə görə ürəkdən minnətdarlıq edirlər. Ağdam rayonunun Paprəvənd kəndindən olan Elman Muradov, Şuşa şəhərindən olan Ramiz Quliyev, Xocalıdan olan Əsli Kərimova, Kəlbəcər rayonunun Yanşaq kəndindən olan Arəstə Mürsəlova, bir sözlə, hamı indiki güzəranlarına görə Azərbaycan hökumətinə, onun rəhbərinə sonsuz məhəbbətlərini ifadə edirlər.
Hazırda Tərtər rayonunda 14 min nəfərə yaxın soydaşımızı özündə birləşdirən 4135 məcburi köçkün ailəsi və 2600-dən çox insanı özündə birləşdirən 575 qaçqın ailəsi məskunlaşıb ki, onların da hamısı dövlətin qayğısı ilə əhatə olunub.
Amma… Nə qədər diqqət və qayğı görsələr də, yenə doğma ocaq həsrəti, yurd xiffəti, dədə-baba torpaqlarının sevgisi onları bir an da olsun tərk etmir. Mən bunu köçkünlər şəhərciyində, üçüncü mərtəbədəki mənzilinin pəncərəsindən Murov dağına, Kəlbəcərə tərəf həsrətlə baxan və dərdisərin içində dünyanı unudan 80 yaşlı Arəstə nənənin yaşla dolmuş gözlərində və qübar yükü daşımaqdan əyilmiş çiyinlərində gördüm…
Tofiq YUSİF
(Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)