Cəbhə bölgəsində yerləşən Tərtər şəhəri bu gün özünün yeni həyatını, çiçəklənən dövrünü yaşayır. Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi, genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri sayəsində Tərtər şəhərinin siması büsbütün dəyişib. Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan qəhrəman tərtərlilər doğma şəhərlərinin daha da gözəlləşməsi və rayonun sosial-iqtisadi inkişafı naminə əzmlə çalışırlar. Dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər şəhəri ölkəmizin ən gözəl, abad, səliqəli şəhərlərindən birinə çevrilib.
Son illər Tərtər şəhərində inşa edilən Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı onun hüsnünə yeni naxışlar əlavə edib. Tərtər şəhərində, eləcə də kənd və qəsəbələrdə həyata keçirilən tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma işləri nəticəsində buraya gələn insanlar müasirliyin, gözəlliyin, təmizliyin və səliqə-sahmanın şahidi olurlar.
AZƏRTAC