Yaxşı ki, qar yağdı
Yağdı və pislikləri örtdü. Sadəcə örtmədi, həm də əritdi, yox etdi. Yox, yanılıram. Yox etməsi mümkün deyil, əridib torpağa qarışdırdı. Göylərə yüksələn hisi-tozu, ah-nalələri, yalvarışları , alqışları soyuq və saf dənələri ilə təmizlədi. Saf olanları uca Tanrıya göndərdi, pislikləri torpağa qaytardı. Qaytardı ki, onları torpaqdan başqa heç nə gizlədə bilməz. Eybləri örtən torpaq! Müqəddəs torpaq, canlılara can verən, cansızları ağuşuna alıb yenidən yaşadan torpaq! Əzizlərimizi səndən, məndən daha yaxşı əzizləyən torpaq. Ayaqlarımla sənə toxunanda milyon dəfə üzr istəyirəm. Axı, sən sadəcə qara torpaq deyilsən. Sən körpədən qocayadək bizlərin sığınacaq yerisən. Yaxşı ki, qar yağdı. Yağdı və yağmaqda davam etdi. Hava saflaşdı, təmizləndi. Torpağın istisi azaldıqca qar örtüyü qalınlaşdı. Bakı küləyi həmişə yağan qara qənim kəsilir, onu qovur, ora-bura çırpır, əridir. Ancaq bu gün hava sakit, küləksizdir. Pəncərələr qarın, buzun yaratdığı əsərlərlə bəzənir, təbiət, o möcüzəli rəssam bənzərsiz gözəlliklər yaradır. Şəhər başdan – başa qar örtüyünə bürünür. Qar örtüyü üzərində möhtəşəm qürurlu bir heykəl görürəm. O sənsən, Ana! Onu yalnız mən görürəm, o yalnız mənə aiddir. Ana! Sən dünyanı dəyişdiyin gündən ikinci dəfədir ki, şəhər beləcə ağ yaylığa bürünür və saf örtük üzərində sənin heykəlin ucalır. Sənə yaxınlaşmaq, qarşında diz çöküb danışmaq istəyirəm. Danışmaq istəyirəm sən gedəli olan günlərimdən, günahlarımdan, dərdlərimdən danışmaq istəyirəm. Danışa bilmirəm, susuram. Sənin saf dünyan məni ovsunlayır. Ana! Daha ətraflı »
Yeni ismarıclar