103 YAŞLI SARAN NƏNƏ
Bu dəfə sizi rayonumuzun Seydimli kəndində yaşayan 103 yaşlı Saran nənə ilə tanış edəcəyəm. Onun bir əsrdən çox yaşı olduğu barədə məlumatımız vardı. Seydimli kənd icra nümayəndəsi Nərmin Vəliyeva və kənd bələdiyyəsinin sədri Mədinə İmanova ilə zəngləsib, yaşlı nənə ilə görüşmək istədiyimizi bildirdik. Birlikdə nənənin evinə getdik. Həyətə çatanda məhlədə bir neçə adamın təsərrüfat işləri ilə məşğul olduğunu gördük. Mədinə xanım çevik, qıvraq addımlarla bizə doğru gələn qadını göstərib, dedi:
–Bax, bu da Saran nənə.
Onunla söhbət elədik. Öyrəndik ki, yaşından xeyli cavan görünən nənə 1915-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının Qaraiman kəndində anadan olub. Yetkinlik yaşına çatanda həmkəndlisi, kəndin sayılıb, seçilən cavanlarından olan Seyfəli Həsənovla ailə qurub. 1953-cü ildə növbəti dəfə mənfur ermənilərin məkrli siyasətinə dözməyib, Göyçə mahalından Tərtərin Seydimli kəndinə köçüblər. 7 övladları olub. 4 qız, 3 oğlan. Qızların 2-si dünyasını dəyişib.
Saran nənə dedi ki, biz Qərbi Azərbaycanda olanda da, burda da əməyi sevmişik, zəhmətdən zövq almışıq. Yolda-şım 1993-cü ildə dünyasını dəyişdi.
Elə indi də hər gün hamıdan tez yuxudan qalxır, ev-eşiklə məşğul olur, çay-çörək hazırlayır, sonra qapıda təsərrüfat işləri görürəm.
Məni elə gumrah, cavan saxlayan da bir yerdə oturmayıb, daim hərəkətdə olmağımdır. Sonra sözünə davam edib gülə-gülə söylədi:
–Atalar əbəs deməyiblər ki, iş insanın cövhəridir. Oturub mürgüləmək lazım deyil. İşlə məşğul olmaq gərəkdir.
Nənənin 14 nəvəsi, 23 nəticəsi var. Hazırda oğlu Zabil, nəvəsi Sənan və gəlini ilə birgə yaşayır. Ailədən söhbət düşəndə nənə sözünə əlavə etdi:
–İşdən danışdım, o da lazımdı. Amma mənim belə çevik, gümrah qalmağımın əsas səbəbi ailəmizdəki səmimiyyət, bir-birimizə qarşı olan hörmətdir. Bunu bütün ailələr, valideynlər gözəl bilməlidir: Harda mehribançılıq, bir-birlərinə qarşı xətir-hörmət, qulaq dincliyi varsa, orda xeyir-bərəkət də var. Oğlumu, qızlarımı, gəlinlərimi, nəvələri, çox-çox is-təyirəm. Məni yaşadan da elə onların hörmət-izzəti, məhəbbətidir.
O, uzunömürlülüyün səbəblərindən danışdı. Sonda hər bir azərbaycanlı ailəsinə belə səmimi olmağı arzu elədi. Dedi ki, oğlum, adam az da yeyər, çox da. Amma ailə üzvləri arasında bir-birinə qarşı diqqətli olmaq, bir-birini saymaq, böyüyün- kiçiyin yerini bilmək tamamilə başqa şeydi. Hansı ailələrdə bu dediklərim varsa, o ailədə olanlar yüz yox, daha çox yaşayarlar.
Əvəz NƏSİROV