Bu günlərdə Bakıda Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi parad ordumuzun güc və qüdrətinin parlaq nümayişinə çevrildi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva paradda oldular.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izlədilər.
Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak etdi.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu.
Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi paradda nitq söylədi.
Ölkə başçısı öz nitqində dedi: “Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir”.
Daha sonra cənab Prezident bildirdi ki, “ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq”.
Hərbi paradda böyük qürur hissi ilə deyildi ki, Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerində oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi.
Prezident İlham Əliyev bildirdi ki, Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. O dedi: “Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək”.
Milli Ordumuzun 100 illiyi münasibəti ilə keçirilən möhtəşəm hərbi parad hər birimzə fəxarət və qürur hissi yaşatdı.
“Yeni Tərtər”