Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakıda keçirilən möhtəşəm hərbi parad dostlarımıza da, düşmənlərimizə də milli ordumuzun gücünü nümayiş etdirdi.
Bu parad göstərdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilərək, indi öz gözəl nəticələrini verməkdədir.
Biz–müharibə veteranları ordumuzun gücündən qürur duyuruq. Hərbi paradı seyr etdikcə xəyalım məni keçmişə–hələ formalaşmamış ordunun tərkibində, çox az miqdarda silahla erməni təcavüzkarlarına qarşı vuruşduğumuz günlərə aparırdı. Azərbaycan xalqı çox müdrik xalqdır. Vətənimizin üzərini qara buludlar alanda biz Heydər Əliyevə müraciət etməklə ölkəni onu gözləyən bəlalardan xilas etdik.
İndi Azərbaycan dünyada lider dövlətlərdən birinə çevrilib. İqtisadiyyatımız sürətlə inkişaf edir. Bunun müqabilində isə ordu quruculuğu güclənir. Təsadüfi deyil ki, 2003-cü ildən indiyədək ölkənin hərbi xərcləri 15 dəfə artıb. Hərbçilərimizin xidmət şəraiti yaxşılaşıb. Ordumuz dünyanın ən müasir silahları ilə təchiz edilib. Bunların bir çoxu artıq Azərbaycanda istehsal olunur. Son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb.
2016-cı ilin Aprel döyüşləri və bu yaxınlarda aparılan Naxçıvan əməliyyatı zamanı işğal altında olan min hektarlarla torpağımız düşməndən təmizlənib. Erməni işğalçıları ordumuzun gücünü gördülər və bunlardan özləri üçün nəticə çıxardılar. Gördülər ki, Azərbaycan əsgəri istənilən anda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal altında olan bütün torpaqlarımızı azad etməyə qadirdir.
Bəli, biz bayram paradını ürək cırpıntıları ilə izlədik. İnşallah, bunun ardınca Qələbə paradının şahidi olacağıq!
Pənah MƏMMƏDOV,
Qarabağ Müharibəsi Veteranları,
Əlilləri və Şəhid Ailələri İctimai
Birliyi Tərtər rayon şöbəsi sədrinin müavini