Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11İyl

    Tərtər rayonu Qarabağ düzündə, Kür-Araz ovalığının qərb hissəsində, Tərtər çayının sahilində yerləşir. Rayonun ərazisi Ağdam, Ağdərə, Goranboy, Yevlax və Bərdə rayonları ilə həmsərhəddir.
    Arxeoloqlar tərəfindən aparılmış qazıntılar sübut etmişdir ki, Tərtərdə ilk insan məskənləri hələ daş dövründə yaranmışdır. Evoğlu, Mamırlı, Qaynaq, Köçərli kəndləri yaxınlığında torpaq qəbirlər, “Toxmaq” adlı yerdə daş qutu qəbirlər aşkar edilmişdir.
    Borsunlu kəndinin yaxınlığında paleolit dövrünün düşərgəsinin varlığını sübut edən artefaktlar tapılmışdır.
    Tərtər rayonunda çoxsaylı tunc dövrü abidələri mövcuddur: Toxmaxtəpə və Azadqaraqoyunlu yaşayış yerləri, Dəmirçilər və Sarov nekropolu, hər birində onlarla kurqanlar olan Borsunlu, Bəyimsarov, Xoruzlu, Yedditəpə, Hüsənli kurqan sahələri, Böyük-təpə, Çaqqallıtəpə, Qurd təpəsi, Sayadtəpə tək kurqanları. Bu abidələr sırasında ən məşhurları Borsunlu və Bəyimsarov kurqanlarıdır.

    Tunc dövrü abidələrinin tədqiq edilməsi nəticəsində sübut olunmuşdur ki, bu dövrdə Tərtər Azərbaycanın qərb ərazilərindəki böyük türk tayfa birliyinin mərkəzi olmuşdur. Həmçinin buradan beynəlxalq ticarət yolları keçmişdir.
    Antik dövrdə Şimali Azərbaycanda Albaniya dövləti mövcud idi. Antik dönəmdə Azərbaycanda öz dövrü üçün yüksək səviyyəli şəhər mədəniyyəti, inkişaf etmiş sənətkarlıq olmuşdur. İndiki Tərtər rayonu ərazisi Albaniyanın ən böyük vilayəti olan Utinin tərkibinə daxil idi. Burada tərtərlilər, qarqarlar, utilər və başqa alban tayfaları yaşayırdı. Arxeoloji materiallar göstərir ki, Tərtər Albaniyanın xarici ticarətində aktiv iştirak etmiş və bu ərazidən beynəlxalq ticarət yolları keçmişdir. Tərtər ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri regionda metalişləmənin və keramika istehsalının yüksək inkişaf səviyyəsini təsdiq edir.
    Tərtər bölgəsində metalişləmə sənəti tarixin çox qədim dövrlərində, hələ tunc dövründə yaranıb. Bu bölgədə metal emalına xüsusilə böyük dəyər verilib, dəmirçilik kənddə nüfuzlu və əvəz-olunmaz peşə sayılıb. Ondan bölgənin bütün təsərrüfat və məişət fəaliyyəti asılı olub. Zərb üsulu ilə hazırlanan məişət əşyaları Tərtər və onun bütün kəndlərin-də yerləşən evlərdə geniş istifadə edilib. Bunlara əsasən su daşınmasında istifadə edilən-satıl, güyüm, səhəng, dolça, aftafaləyən, parç, ağartı qabları – sərnic, badya, süfrə və digər məişət əşyalarından – sərpuş, qazan, tava, teşt, tiyan, kəfkir, aşsüzən, sini, məcməyi, qənddan, kasa, piyalə, lampa, şamdan, manqal, çaydan, samovar aid idi. Bütün məişətdə istifadə edilən qablar xam və ya köhnə misdən əritmə, isti və soyuqdöymə üsulu ilə hazırlanırdı. Qabın gövdəsini təşkil edən hissə calğa adlanır, calğa isə lehim üsulu ilə hissələrə qaynaq edilirdi. Lehimlənmiş qablar çarxa verilərək səthi hamarlaşdırılır və xüsusi nəqqaşlar tərəfindən qabların səthinə cızma, döymə üsulu ilə naxışlar vurulurdu. Məişətdə istifadə edilən bütün qablar paxırdan qorunmaq üçün qalaylanır, güyüm və səhəngin içərisi isə qalay əvəzinə mumla örtülürdü. Mis çox bahalı olmadığından və səthində asanlıqla cızma, döymə üsulu ilə naxışlar salmaq mümkün olduğundan sənətkarlar tərəfindən daha geniş istifadə edilirdi.
    XVIII əsrdə Tərtərdə Cavanşir Azərbaycan türk tayfaları məskunlaşdığından bu ərazi Cavanşir bölgəsi, sonralar isə Cavanşir sahəsi və Cavanşir qəzası kimi tanınmışdır. Bu dövrdə Qarabağ xanı tərəfindən İncə çayından “Xan arxı” adlı kanal çəkilmişdir. Bu tayfalar sırasında tərtər qıpçaq tayfasının ən güclü olması səbəbindən bölgə elə Tərtər kimi tanınırdı.
    1813-cü ilin “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələrinə əsasən, Qarabağ xanlığının digər əraziləri kimi, Tərtər ərazisi də Rusiya imperiyasının tərkibinə daxil edilmişdir.
    Əzəli Azərbaycan torpaqları olan Qarabağa İran və Türkiyədən ermənilər köçürülməyə başlayanda yüzlərlə erməni ailəsi Tərtər ərazisində də məskunlaşdırılmışdır. Şıxarx adlı yerdə İranın Marağa əyalətindən köçürülmüş ermənilər məskunlaşdığına görə bura “Marağa” adlanırdı. 1978-ci ildə ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi şərəfinə məhz burada “Marağa–150” abidəsi qoyulmuşdur. 1988-ci ildə Qarabağ hadisələri başlayan zaman özlərinin gəlmə olduqlarını gizlətməyə çalışan ermənilər abidənin yazı olan hissəsini uçurmuşlar. 1840-cı ildə Saratov quberniyasından köçən malakanların bir qismi Tərtərdə, “Malakan qəsəbəsi” adlı yerdə məskunlaşdırılmışdı.
    1883-cü ildə Cavanşir qəzası təşkil ediləndə Tərtər onun inzibati mərkəzi oldu. Yerli sakinlər maldarlıq, əkinçilik, pambıqçılıq, üzümçülük, bostançılıq, sənət və ticarətlə məşğul olmuşlar. XX əsrin əvvəllərində dəmir yolu xəttinin bu ərazidən keçməsi regionun inkişafına müsbət təsir göstərdi. Ərazidə olan infrastruktur obyektləri əsasən Cavanşir qəzasının imkanlı şəxslərinin hesabına açılmışdır. Tərtərdə ilk məktəb Salman Haqnəzərovun evində 1911-ci ildə, ilk tibbi ambulatoriya 1903-cü ildə Hacı İbrahimin evində, ilk aptek isə 1905-ci ildə Hacı İbrahimin tikdiyi binada açılıb.
    Tərtərin tarixi abidələrindən biri xalq arasında “Kukuşka körpüsü” adlanan körpüdür. Rusiya imperiyasında XX əsrin əvvəllərində ensiz izli dəmir yollarında qısa, 3-4 vaqondan ibarət qatarları dartan parovozlara “kukuşka” deyilirdi. 1912-ci ildə Yevlax -Bərdə-Ağdam-Xankəndi-Şuşa ensiz dəmir yolunun çəkilməsinə başlandı. 1915-ci ildə yolun bir hissəsi inşa olunmuş, o cümlədən Cavanşir qəzasının Tərtər qəsəbəsindən yol keçmişdir. “Kukuşka” parovozları hərbi və mülki təyinatlı yüklər daşıyırdılar. Tərtərdəki dəmir yolu körpüsü elə bu vaxt inşa olunmuşdur. Yol 1930-cu ilədək fəaliyyət göstərmişdir.
    1920-ci ildə Cavanşir qəzasının tərkibində Tərtər sahəsi yaradıl-mışdır. 1922-ci ildə onun adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılmış, 1930-cu ildə Tərtər rayonu yaradılmışdır. 1949-cu il-də rayonun adı dəyişdirilərək Mirbəşir rayonu adlandırılmışdır. 1991-ci ildə rayona tarixi adı – Tərtər qaytarılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı Qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağ-dərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunun tərkibinə verilmişdir. Hazırda keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilən Ağdərə şəhəri və 13 kənd erməni işğalı altındadır.
    Tərtər rayonu inzibati cəhətdən 1 qəsəbə və 74 kənd ərazisindən ibarətdir. Rayonda 24 tarixi və mədəniyyət abidəsi var. Bunlara 1 dünya, 15 ölkə əhəmiyyətli abidə, 8 yerli əhəmiyyətli abidə daxildir.
    Rayonun mətbuat orqanı “Yeni Tərtər” qəzetidir. Qəzetin ilk nömrəsi 1934-cü ilin aprel ayında “Kolxozçuların varlanması uğrunda” adı ilə nəşr olunmuşdur. 1937-1990-cı illərdə qəzet “Qızıl bayraq” adı ilə çıxmışdır.
    Qəzetin “Qızıl bayraq” adı 1991-ci ildə dəyişdirilərək, “Tərtər”, 2005-ci ilin avqust ayından isə “Yeni Tərtər” adlandırılmışdır.
    Müasir dövrdə Tərtər rayonu Azərbaycanın ictimai-iqisadi əhəmiyyətli bölgələrindən biridir. Müstəqilliyimizin ilk illə-rində baş vermis erməni işğallarına sinə gərmiş Tərtər qəhrəman diyar kimi tanınır. Bu döyüşlərdə rayonumuzun 347 sakini şəhid olmuşdur. Vəzir Orucov, Elman Hüseynov, Mehrac Mahmudov kimi igidləri ilə öyünən Tərtər rayonunun gəncləri Azərbaycanın ərazi bötüvlüyünün təmin olunmasında cənab İlham Əliyevin apardığı siyasətin fəal icraçıları olmaqla, torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçməyə hazırdırlar.

    Hazırladı: Nigar VƏLİYEVA,
    şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi

    Müəllif: Redaktor, 10:36

    Teqlər:

İsmarıclar bağlıdır.