Pəhləvan Səxavət Məmmədov ümumrayon tədbirlərində müxtəlif maraqlı çıxışlar göstərir. Çiyninə götürdüyü 186 kiloqramlıq cöngə ilə 3 maşın dartması, 240 kiloqramlıq öküzü 5 pilləkən yuxarı qaldırması, üstünə taxta qoyub maşın keçirməsi, sinəsində kubik daşı sındırması və onlarca digər başqa tamaşalar bu qəbildəndir. Onun nümayişlərinə tamaşaçılar çox maraqla baxır, gurultulu alqışlarla qarşılayır, yaxşı mənada həsəd aparır, “Allah qorusun” deyirlər. Hamı fəxr edir ki, qəhrəman Tərtərin belə pəhləvan oğlanları var.
Səxavət Rafiq oğlu Məmmədov 1982-ci ildə Tərtər rayonunun Ağkənd kəndində anadan olub. Orta məktəbi qonşu Cəmilli kəndində bitirib. 1999-cu ildə hərbi xidmətə çağırılıb. 2001-ci ildə xidməti borcunu yerinə yetirib.
Səxavətdən onda bu peşəyə marağın necə yarandığını soruşduq. Dedi:
–7-ci sinifdə oxuyanda evdə ağır əşyaları götürmək lazım olanda həmişə məni çağırardılar. Belə-belə sonralar özümdə qeyri-adi bir gücün olduğunu hiss etməyə başladım. Elə o ərəfələrdə kəndimizə Xaçmaz rayonunun Xaspoladlı kəndindən Xəlilullah adlı bir pəhləvan gəlmişdi. O, ağır daşlar qaldırır, maraqlı nömrələr göstərirdi. Mən qeyri-ixtiyarı meydana çıxıb dedim:
–Usta, icazə ver mən də gücümü sınayım. Gülə-gülə dedi:
–Gəl, balaca pəhləvan.
Mən də müxtəlif çəkilərdə daşlar qaldırıb havada oynatdım. Hamı məəttəl qaldı. Tədbir qurtaranda ünvanını yazıb atama verdi ki, vaxtın olanda bu uşağı gətir yanıma, sənətin sirlərini ona öyrədim.
Elə də etdik. Ondan sonra yay tətili vaxtlarında, bayram günlərində Xəlilullah pəhləvanla vaxtaşırı görüşərdik. Bu, 1 ilə yaxın davam elədi. Elə o vaxtdan öz üzərimdə işlədim, 2006-cı ildən indiyədək hər il ümumrayon tədbirlərində iştirak edirəm. Rayon icra hakimiyyəti tərəfindən dəfələrlə qiymətli hədiyyələr almışam.
Səxavət ailəlidir, iki qızı, bir oğlu var. Oğlu rəhmətlik babası Məhpubun adını daşıyır, 10 yaşındadır. Qızları Aynişanın 9, Ayanın isə 3 yaşı var.
Bu yazını hazırlayan zaman Səxavətin heç kimin bilmədiyi daha bir cəhətini öyrəndim–hərdən qara sazı sinəsinə basıb “Kərəm gözəlləməsi” “Göyçə gülü”, “Baş sarıtel”, “Müxəyi” və digər havacatları elə şövqlə ifa edir ki…
Atası Rafiq kişi dedi:
–Səxavət sazda 40-dan çox gözəl hava çalır, özü də yerli-yerində.
Sonda Səxavətdən arzularını soruşdum. Dedi ki, arzum işğal altında olan torpaqlarımızın azad olmasını görməkdir. Onda necə pəhləvan olduğuma, qara sazda necə çalmağıma heyrətlə tamaşa edəcəksiniz.
Əvəz NƏSİROV