Tərtər rayonunda 15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Əvvəlcə tədbir iştirakçıları ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının inzibati binasında davam etdirildi.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi və ulu öndərin Azərbaycan xalqının xilaskarlıq missiyasından danışdı. Rayon rəhbəri qeyd etdi ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranmışdı. Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda xalqımız öz liderinin–Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. Heydər Əliyevin Naxçıvandakı uğurlarına qısqanc münasibət bəslənirdi. Ayaz Mütəllibovun təslimçilik ruhu, hakimiyyəti uzun sürə bilməzdi. Azərbaycan üçün yeni-yeni torpaq itkisinə və Xocalı soyqırımına səbəb olan bu hakimiyyət gedərkən onun yerini Azərbaycan Xalq Cəbhəsi tutdu. Bu, heç nəyi dəyişdirmədi. Çox qısa zamanda Azərbaycanda hakimiyyət boşluğu, xaos və dövləti sarsıdan hadisələr bir-birini əvəz etməyə başladı. Ölkədə vəziyyət anbaan, günbəgün kəskinləşirdi. Azərbaycan Respublikası faktiki olaraq öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən ermənilər torpaqlarımızı işğal edir, digər tərəfdən ölkənin həm cənubunda, həm də şimalında separatçılar baş qaldırırdılar. Məqsəd aydın idi: Azərbaycanı parçalamaq və bir dövlət kimi tarixin səhifəsindən silmək. 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr ölkəmizdə vətəndaş müharibəsinin başladığına işarə idi.
Tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən ümummilli lider həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə çıxmaması üçün öz ağsaqqal sözünü dedi. Ulu öndərin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının qarşısını aldı.
Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da, milli qurtuluş idi.
Ulu öndər həmin dövrdə bütün regionlarda, o cümlədən, Tərtər rayonunda da dəfələrlə olmuş, sakinlərlə görüşmüşdür. Rayon rəhbəri ulu öndərin ikinci dəfə hakimiyyəti dövründə də Tərtər rayonunda qazanılan sosial-iqtisadi inkişafdan da söhbət açdı. Bildirdi ki, hazırda bu diqqət ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra rayon polis şöbəsinin rəisi Rauf Məcidov, rayon prokuroru Şıxəli Alməmmədov, YAP Tərtər Rayon Təşkilatı Aparatının baş məsləhətçisi Eldar Əsədov, Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov və Qazyan kənd ümumi orta məktəbinin müəllimi İlahə Kərimli çıxış etdilər.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərman və qiymətli hədiyyələr verildi.
-
29İyn
Müəllif: Redaktor, 15:27
Teqlər: Xəbərlər