Rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan milli mətbuatı yaradılmasının 140 illiyi münasibəti ilə “dəyirmi masa” keçirilib.
Tədbiri açan rayon mədəniyyət evinin müdiri Telman Məmmədov milli jurnalistikanın yaranma tarixindən, ölkəmizdə azad medianın inkişafına göstərilən qayğıdan danışıb.
Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin şöbə müdiri Vüsalə Göyüşova “Azərbaycan milli mətbuatı –140” mövzusunda məruzə söyləyib. Sonra Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova və MKS-in direktor müavini Rəna İsmayılova mətbuatımızın Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə başlanan çətin yolundan, onun maarifçilik missiyasından danışıblar.
Tərtər Mətbuat Yayımı Şöbəsinin müdiri, qocaman jurnalist Qədir Allahverdiyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan milli mətbuatının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. Bu gün ölkəmizdə mətbuata göstərilən yüksək dövlət qayğısını diqqətə çatdırıb, bütün ölkə jurnalistlərini əlamətdar ildönümü münasibətilə təbrik edib.
“Yeni Tərtər” qəzetinin baş redaktorunun müavini Svetlana Bağırova çıxış edərək bildirib ki, bu il redaksiya kollektivi Azərbaycan mətbuatının 140 illik yubileyini qeyd etməklə yanaşı, həm də yeddi illik fasilədən sonra rayon qəzetinin “Yeni Tərtər” adı ilə fəaliyyətə başlamasının 10 illiyini bayram edəcəkdir. 81 illik tarixi olan qəzet bütün dövrlərdə rayonun həyatının işıqlandırılmasında mühüm rol oynayıb. “Yeni Tərtər” bu gün də öz səhifələrində rayonda aparılan quruculuq işlərindən həvəslə söhbət açır.
Tədbirdə iştirak edən rayon icra hakimiyyəti aparatının məsul işçisi Zabil Paşayev “dəyirni masa” iştirakçılarını mətbuatımızın 140 illik yubileyi münasibəti ilə təbrik edib, ömürlərini xalqın maariflənməsi işinə həsr edən fədakar insanlara yeni yaradıcılıq uğurları, cansağlığı arzulayıb.
“Yeni Tərtər”