DAĞIL, A DÜNYA!!!
Babalarımızın “Kişi papağı” qoyduqları, nənələrimizin “12 taxta tuman” geyindikləri vaxtlarda nə bir belə boşanma halı vardı, nə bir belə dava-dalaş, nə zorakılıq, nə də atalı-analı yetim uşaqlar. Gənclər özlərindən böyüklərin yanlarında kəlmə kəsməzdilər, qızları, qadınları dindirsəydilər utandıqlarından cavab verməzdilər, həya edərdilər. Hər kəsin arasında bir abır-ismət pərdəsi vardı. Böyüyün böyük yeri, kiçiyin kiçik yeri olardı. Cavanlar arasında siqaret çəkmək nə idi, içki içmək nə idi? Gənclərin öz aralarında da bir hörmət-izzət münasibəti vardı. Sevmək, sevilmək də tərbiyəli, yəni öz əndazasındaydı.
Bəs nə oldu bizə?! Niyə bu günlərə düşdük?! Azərbaycan xalqının dünyaya nümunə olası milli-mənəvi dəyərləri niyə zədələndi?! Niyə gözəl adət-ənənələrimiz yavaş-yavaş unudulur?!
Düzdür, cəmiyyət inkişaf edir, şüurumuz mühitə uyğun formalaşmağa məcburdur. Bəzi məsələlər yeni dünya düzəninin tələblərinə görə cərəyan edir. Dəblər dəyişir, intellektual səviyyə yüksəlir, beynəlxalq aləmin qapıları üzümüzə açılır və bunlar yaşam tərzimizdə özünü büruzə verir və verməlidir də. Lakin bu, o demək deyildir ki, mentalitetimizə harda zidd əməl varsa, onu əxz edək və qədimlərdən baş alıb gələn, tariximizi özündə qoruyub saxlayan, əsrlərin sınağından çıxmış dəyərlərimizi tapdalayaraq, onlara dodaq büzək, lağ edək. Abır-həya, ismət, tərbiyə hər bir xalqın mənəviyyat ölçüləridir. Namus, qeyrət və əxlaq kriteriyaları da o cümlədən. Sadala-dığımız yuxarıdakı faktorlar məhz Azərbaycan xalqının əvəzolunmaz xarakterini və milli dəyərini özündə ehtiva edir. Bu gün isə… Dağıl a dünya!!! Hər şey dəyişib, nizam-tərəzi pozulub. Ələlxüsus, bəzi gənclərimiz öz tərbiyəsiz hərəkətləri ilə Azərbaycan xalqına, onun tarixi keçmişinə ləkə gətirir, imicini və nüfuzunu aşağılayır, ictimai mühitə xoşagəlməz abu-hava gətirir. Şüurları hələ tam formalaşmamış bir çox yeniyetmələr də bu təsir altına düşür, xoşbəxt gələcəyimizə gedən yolda çala-çuxur və baryerlər yaradırlar.
Narkotik vasitələrdən istifadə, alkoqolizmə aludəçilik, dələduzluq, oğurluq və digər neqativ hallar məhz yeniyetmələr və gənclər arasında daha çox ya-yılıb. Bunlar isə, əlbəttə, normal həyat tərzini cəhənnəmə çevirir, ümumilikdə cəmiyyətin inkişafına xə-ləl gətirir və gənc ikən ömürlərə balta vurur. Bu mənfiliklərə qarşı mübarizə halları nə qədər kəskin apa-rılsa da görünür ki, yetərincə deyil və qeyriməqbuldur.
Tərtər rayonunda mərkəzi xəstəxanada qeydiyyata alınan tərtərli narkotik aludəçilərinin sayı 110 nəfərdən çoxdursa, bunu, çox acınacaqlı hal hesab etmək lazımdır. Ən bağışlanılmazı isə odur ki, onların arasında yeniyetmələr və qadınlar da vardır. Hələ bunlar rəsmi qeydiyyata alınanlardır, görün qeydiyyatdan kənarda nə qədər narkoman var!
Azərbaycanda, o cümlədən, Tərtər rayonunda təqribən ən azı 5 nəfər kişidən 3-ü alkoqollu içkilər qəbul edir. Qadınlar arasında da spirtli içkiyə meyillilər az deyil. Siqaret çəkənlər də həmçinin. Görəsən bu qəbildən olan insanlar narkotikin, alqokolun və nikotinin orqanizmə vurduğu zərbələrdən xəbərdar deyillərmi? Onlar başa düşmürlərmi ki, cəmiyyət üçün “yaman yara”dılar, altıncı barmaq kimi bir şeydirlər, ağ parçaya qara yamaqdırlar. Onların yerinə ailələri, övladları, yaxın qohum-tanışları nə qədər xəcalət çəkməlidirlər?!
Bu xalqın milli mentalitetinə zərbə vuran digər amillərdən biri də özəl televiziya kanallarının şou proqramlarıdır. Qadın nə qədər utanmaz olmalıdır ki, Aygün Kazımova, Röya Ayxan, Rəqsanə, “Pişik Günel”, Günay İbrahimli, Roza Zərgərli və digər azərbaycanlı olduqlarını yaddan çıxarmış bu sayaq “zənənlər” kimi olsunlar. Öz bədənlərinin hər yerini açıq-saçıq televiziya ekranı ilə həyasızcasına nüma-yiş etdirən bu üzdəniraqlar xalqa nəyi təlqin etmək istəyirlər?! Röya Ayxan deyirmiş ki, şou göstərməyənə qədər məni saymırdılar, şouya keçəndən sonra gündəmə gəldim. Nə qədər bəsit və ucuz bir düşüncə tərzi! Güya Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, Rahilə Həsənova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Fidan Qasımova və digər onlarla belə xanım-xatın və hörmətli müğənnilərimiz şou iləmi xalqın sevimlisi olmuşlar. Röya və onun kimilər necə də öz eyiblərinə kor olmurlar?! Dağıl a dünya!!!
Hələ bu günlərdə televiziyada ədəbiyyatda da şou yaratmağın “vacibliyindən” danışırdılar. Bu gədə-güdələr, utanc hissindən uzaq dırnaq içərisindəki “xanımlar” barı Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Əfzələddin Xəqaninin, İmadəddin Nəsiminin, Xurşid Banu Natəvanın, Məhsəti Gəncəvinin, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mikayıl Müşfiqin və nəhayət Məmməd Arazın, Bəxtiyar Vahabzadənin ruhlarından utansınlar, xəcalət çəksinlər! Dağıl a dünya!!!
İndiki gənclər televiziyaya və ya internetə baxıb Faiq Ağayevdən, Samir Bağırovdan, Tolikdən, Rəhim Rəhimlidən və yaxud Samiraldodan nə ibrət götürsünlər? Bu qadın və kişi müğənnilərin bəzilərinə “Xalq artisti”, bəzilərinə “Əməkdar artist” adları verilib. Dağıl a dünya!!! Heç olmasa Cabbar Qaryağdı-oğlunun, Hacı Hüsü, Keçəçi Məhəmməd, Seyid Şu-şinski, İslam Abdullayev, Bülbül, Şahmalı Kürdoğlu, Ağabala Abdullayev, Zülfü Adıgözəlovun… və Xan Şuşinskinin yadigar qalmış səslərindən və kişiliklə-rindən utansınlar!
Belə-belə bəzi gənclərimizin əxlaqı pozulur, tərbiyəsində çatlar əmələ gəlir və pis yollara düşürlər. Məhz bu cür yaramaz hərəkətlərin bilavasitə təsirinin nəticəsidir ki, təkcə 2018-ci ilin birinci rübündə rayonumuzda 30 cinayət hadisəsi qeydə alınmışdır.
2017-ci ildə isə Tərtər Rayon Polis Şöbəsi tərəfindən 121 cinayət hadisəsi qeydə alınıb.
Ötən il ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkomaniya ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı 25 cinayət faktı aşkar edilib. Həmin dövrdə 203 nikahın qeydə alınması və 122 nikahın ləğv edilməsi üzrə aktların qeydiyyatı həyata keçirilib. Rəsmi boşanmalar qeydiyyata alınan nikahların təqribən 60 faizini təşkil edir ki, bu da həyacan təbili çalmağa bəsdir, əslində isə bu göstərici daha yüksəkdir. Bunlarla bərabər oğurluq, quldurluq, dələduzluq, zorakılıq, qətl hadisələri, intihar halları da azalmaq bilmir. Erkən nikahlar baş alıb gedir. Belə neqativ proseslərə qarşı yetərincə mübarizə aparılmadığından qarşısını da almaq olmur. Bunlar isə ümumilikdə Azərbaycan xalqının milli mənliyinə və tərəqqisinə xələl gətirən amillərdir.
Tərbiyə ailədə başlayır, cəmiyyətdə davam edir. Hər şey ailə, məktəb, cəmiyyət üçbucağında cərəyan edir. Bunların birində neqativ mühit varsa, tərbiyə də axsayacaq. Əgər şüurumuzu düşdüyümüz mühit formalaşdırırsa, bu mühitin hərtərəfli sağlam olmasına çalışmalıyıq. Bir damcı neft yüz litrlərlə içməli suyu korlaya bildiyi kimi, bir yaramaz hərəkətə aludəçilik də milli dəyərlərimizə zərbə vura bilər. Çalışaq ki, ətrafımız yaramazlardan təmizlənsin və sağlam həyat tərzi keçirək.
Tofiq YUSİF