AZƏRBAYCAN POLİSİ ŞƏRƏFLİ BİR TARİXİ-100 İLLİYİNİ QEYD EDİR
Azərbaycan polisinin keçdiyi yol dövlətimizin tarixi ilə sıx bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmış bu struktur həmin illərdə böyük vətənpərvərliklə müstəqil dövlətimizin milli maraqlarının keşiyində dayanıb.
Cümhuriyyət xarici və daxili münaqişələrə tab gətirməyərək süqut edəndən sonra Azərbaycan Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də daxili işlər orqanları inkişaf etmiş, ictimai asayişin qorunmasında yüksək nəticələr qazanmışdır. Azərbaycan milisi xüsusilə Böyük Vətən müharibəsi illərində fədakarlıqlar göstərmiş, 800-ə yaxın milis əməkdaşı, bilavasitə ön cəbhədə alman faşistlərinə qarşı vuruşmuşdur.
Asayişin keşikçiləri müharibədən sonrakı dövrdə də ictimai təhlükəsizliyin qorunması sahəsində səylərini əsirgəməmişlər. Xüsusən, ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövr Daxili İşlər Nazirliyinin tarixində ən mühüm mərhələ olub. Məhz o illərdə şəxsi heyətin milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə ilk olaraq çıxış edən qüvvə–miliş, sonrakı illərdə isə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə polis əməkdaşlarından 1695 nəfər şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra da ictimai asayişin qorunması sa-həsində polis əməkdaşlarının üzərinə ağır yük düşmüşdü.
Bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarında hərtərəfli islahatlara başlanıldı.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi müxtəlif islahatlar nəticəsində daxili işlər orqanları da müasirləşdi, öz işini beynəlxalq standartlara uyğun qurmağa başladı. Polis əməkdaşlarının peşəkarlığının artırılmasına nail olundu.
Bu günlərdə özünün 100 illiyini böyük qürur hissi ilə qeyd edən Azərbaycan Polisi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, ölkəmizdə sabitliyin və əmin-amanlığın keşiyində ayıq-sayıq dayanır.
“Yeni Tərtər”