MƏKTƏBLƏR ƏSASLI TƏMİRDƏN SONRA İSTİFADƏYƏ VERİLDİ
Bu günlərdə Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları müasir tələblər səviyyəsində yenidən qurulub, zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təchiz olunaraq istifadəyə verilib. Bu münasibətlə Təhsil Nazirliyinin nümayəndələrinin, ictimaiyyətin, ziyalıların, valideynlərin iştirakı ilə açılış mərasimləri keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev tədbirlərdə çıxış edərək, müəllim, şagird və valideynləri təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.
Məlumat verilib ki, bu il rayonda Təhsil Nazirliyinin xətti ilə Seydimli kənd tam orta məktəbinin binası əsaslı təmir olunub, Bayandur kəndində modul tipli ibtidai məktəb, Poladlı kəndində isə modul tipli əsas məktəb binası tikilib istifadəyə verilib. Hazırda Kovdadıq kəndində modul tipli 20 şagird yerlik ibtidai və Zolgörən kəndində 56 şagird yerlik ümumi orta məktəblərin binalarının tikintisinə başlanılıb. Qaradağlı kənd tam orta məktəbinin binası Yaponiya səfirliyinin xətti ilə əsaslı təmir olunur.
“Yeni Tərtər”